Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:39

«İtkilərlə bağlı açıqlama olmayacaq»


«Azpetrol»un yanacaq qatarı partladılıb, 24 avqust 2008
«Azpetrol»un yanacaq qatarı partladılıb, 24 avqust 2008
«Gürcüstanda yaşanan hadisələrə görə, Azərbaycanın ixrac potensialına müəyyən dərəcədə zərbə dəyib. Bizim nəqliyyat imkanlarımız məhdudlaşıb. Gürcüstanda körpünün partlaması nəticəsində Azərbaycan ixracının həcmi müəyyən dərəcədə azalıb».

Avqustun 21-də prezident İlham Əliyev belə demişdi. Bu bəyanatdan keçən günlərdə Azərbaycana dəyən ziyanın həcmi bir az da artıb. Ən azı ona görə ki, qonşu ölkənin ərazisində «Azpetrol»un yanacaq qatarı partladılıb və bu hadisə həm də həmin istiqamətdə dəmiryolu ilə yük daşınmasının təhlükəli olduğunu təsdiqləyib.

Gürcüstan tərəfi son hadisələrin fonunda özünə dəyən zərərin 2 milyard dollar olduğunu deyir. Azərbaycandan isə zərərin həcmi barədə hələ ki, konkret rəqəm yoxdur.

«Yeni Azərbaycan» qəzeti iqtisadiyyat şöbəsinin müdiri Elbrus Cəfərli deyir ki, Gürcüstan istiqamətində təkcə Azərbaycanın hansısa böyük itkilərə məruz qaldığını demək düzgün olmazdı. Ən azından ona görə ki, məsələn, dəmiryolu vasitəsilə daşınan neft məhsulları əsasən Xəzəryanı ölkələrindir. Azərbaycan burada tranzit rolunu oynayır.

BTC-dən neft nəqlinin dayanması ilə bağlı dəyən zərəri müəyyənləşdirmək isə kəmərin səhmdarlarının ümumi hesablamasından sonra mümkündür.
Rus qoşunları Qorini tərk edirlər, 22 avqust 2008
Elbrus Cəfərlinin sözlərinə görə, Gürcüstan hadisələri neftdən gündəlik daxil olan vəsaitlərin müəyyən dərəcədə azalmasına təsir edə bilər. Amma bu, Azərbaycan hökumətinin qarşısında duran maliyyə öhdəliklərinin yerinə yetirilməsinə heç bir problem yarada bilməz:

«Belə hallarda Azərbaycan hökuməti Dövlət Neft Fondunda toplanmış vəsaitdən istifadə etməklə vəziyyəti sabit saxlaya bilər. Amma hökumət dəfələrlə bəyan edib ki, belə hallarda da həmin fondun vəsaitindən istifadə etməyə ehtiyac yoxdur. Çünki büdcə xərclərini, layihələri və digər maliyyə öhdəliklərini yerinə yetirmək üçün kifayət qədər imkanlar var».

Elbrus Cəfərliyə görə, Azərbaycanla münasibətlərini nəzərə alaraq Rusiya Gürcüstanda onun maraqlarına ziyan vurmamağa çalışıb. «Azpetrol»un yanacaq daşıyan vaqonunun Gürcüstan ərazisində partladılması da ola bilsin ki, gərginliyi artırmaq istəyən qüvvələrin işidir.

BTC-nin sərmayədarlarından olan «bp-Azerbaijan» şirkətinin sözçüsü Tamam Bayatlı isə «Azadlıq» radiosuna deyir ki, itkilərlə bağlı açıqlama olmayacaq. Çünki bu kommersiya məsələsidir və müzakirə olunmur. Belə məsələlər yalnız tərəflər arasında razılaşdırılır.

İqtisadçı ekspert İlham Şaban isə deyir ki, Gürcüstan öz itkilərini açıqladığı kimi, Azərbaycan tərəfi də bunu etməlidir:

«Xarici şirkətlərin də zərərləri ilə bağlı açıqlama verməmələri onu göstərir ki, bu, dövlət siyasətidir. Onlara da bu barədə göstəriş verilib».

Ekspertin fikrincə, Qərb marşrutu – avtomobil yolu, dəmiryolu və boru kəməri daşımalarının hamısı təhlükədədir:

«Gürcüstan bütün dünyaya bəyan etdi ki, Rusiya mülki infrastrukturu minalayıb. Həmin minalar təmizlənib təminat verilməyənə qədər təhlükə qalacaq. Bunun Azərbaycana ziyanı o olacaq ki, artıq yüklərin daşınması ilə bağlı risklərin sığortalanması qiyməti artacaq. Bu isə təbii ki, tranzit haqlarına da təsir edəcək. Çünki Gürcüstan bu yolla özünə dəyən ziyanı qismən aradan qaldıra bilər».

İlham Şaban deyir ki, Gürcüstan 2 milyard zərər çəkdiyini bildirdiyi halda, Azərbaycanın hansı səbəbdən rəsmi açıqlama vermədiyini hökumət izah etməlidir.

Gürcüstandan əldə edilən sonuncu rəsmi açıqlama isə ondan ibarətdir ki, Azərbaycan qonşu ölkənin ərazisi ilə öz layihələrini davam etdirəcək. Qatarların və digər vasitələrin təhlükəsizliyinə isə hərə öz ərazisində cavabdeh olmalıdır. Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Xəzər İbrahim avqustun 25-də keçirdiyi mətbuat konfransında belə deyib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG