«Azərbaycan Gürcüstanın ərazi bütövlüyünü birmənalı şəkildə dəstəkləyir». Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Xəzər İbrahim Rusiya Federasiya Şurasının Abxaziya və Cənubi Osetiyanın müstəqilliyinin tanınması ilə bağlı müraciətinə münasibət bildirərkən belə deyib.
O, Cənubi Qafqazdakı münaqişələrin, o cümlədən Dağlıq Qarabağ probleminin beynəlxalq hüquq normaları daxilində, dövlətlərin ərazi bütövlüyü çərçivəsində həllini önə çəkib:
«Millətlərin öz müqəddaratını həll etməsi hüququ da ərzazi bütövlüyü çərçivəsində həllini tapmalıdır».
Türkiyənin «Qafqaz İttifaqı» təşəbbüsünə Azərbaycanın qoşulması ehtimalına toxunan X.İbrahim deyib ki, onlara hələ bu məsələnin detalları ilə bağlı sənəd daxil olmayıb:
«Sənəd daxil olandan sonra öyrəniləcək».
Qori şəhəri yaxınlığında Azərbaycanın neft qatarının partladılmasına toxunan XİN sözçüsü qatarların və digər vasitələrin təhlükəsizliyinə ərazisindən keçən ölkənin cavabdeh olduğunu deyib. Onun sözlərinə görə, Azərbaycan Gürcüstan ərazisi ilə öz layihələrini davam etdirəcək:
«Gürcüstan neft çənlərinin bir hissəsini xilas edib və qatarın mina ilə partladılması barədə rəsmi məlumat yayıb».
Xəzər İbrahim Türkiyənin Ermənistanla münasibətləri barədə son məlumatlara da münasibət bildirib:
«Hər bir dövlət öz xarici siyasətini müstəqil şəkildə müəyyən edir. Türkiyə isə dəfələrlə bəyan edib ki, Ermənistanla münasibətlərin qurulması üçün ilk öncə Yerevan Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır».
O, Azərbaycanın hər hansı dövlətlə hərbi müttəfiqliyi məsələsinin gündəlikdə olmadığını da deyib:
«Hər bir dövlət ilk öncə öz qüdrətinə güvənməlidir».
Mətbuat katibi bu il ABŞ-Azərbaycan təhlükəsizlik məsləhətləşmələrinin olacağını da deyib.
«Turan»