Keçid linkləri

2024, 05 Oktyabr, şənbə, Bakı vaxtı 09:50

Məktəbli forması valideynləri qayğılandırır


Ötən il 50 manat verib yeni məktəbli forması alan valideynlər bu il yenidən eyni məbləği ödəyib Təhsil Nazirliyində təsdiq edilmiş eskiz əsasında hazırlanan forma almalıdırlar
Ötən il 50 manat verib yeni məktəbli forması alan valideynlər bu il yenidən eyni məbləği ödəyib Təhsil Nazirliyində təsdiq edilmiş eskiz əsasında hazırlanan forma almalıdırlar
Orta məktəblərdə dərslərin başlanmasına bir aydan az qalır. Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət Departamenti bu il də paytaxtdakı ticarət mərkəzlərində, metrostansiyaların qarşısında məktəbli əşyalarının satışını təşkil edəcəyini bildirir.

Bakının əsas alqı-satqı məkanlarından olan «Beşmərtəbə» ticarət mərkəzində məktəbli əşyalarının kütləvi satışına hələlik başlanmayıb. Satıcıların sözlərinə görə, şəhər sakinlərinin çoxu istirahətdən qayıtmadığından bazarda sakitlikdir. Ancaq bazara yeni məktəbli çantaları artıq gətirilib. Çantaların çoxu Çində hazırlanıb. Çantalar qiymətindən asılı olaraq 8-12 manat civarındadır.

Bu ərazidə yerləşən daha çox Türkiyədə istehsal olunan mallar satılan mağazada isə ən ucuz çantalar 15-20 manata, ən baha çantalar isə 80-100 manatadır. Satıcılar ötən illə müqayisədə bütün mallarda bahalaşmanın olduğunu bildirirlər.

Satıcılar deyirlər ki, indi alıcılar sayca az, ancaq keyfiyyətli mallar almağa üstünlük verirlər. Əgər qabaqlar valideynlər dərs başlamazdan öncə illik bazarlıq etməkdə maraqlı idilərsə, indi durum dəyişib. Mağazalarda hər kəsin cibinə uyğun malları il boyu tapmaq mümkün olduğundan valideynlər tələsmir.

Bakı sakinləri ilə söhbətimizdən də bəlli oldu ki, hələ çoxları məktəb bazarlığına başlamayıb.

Şəhər sakinlərini qayğılandıran əsas məsələ məktəbli formasıdır. Təhsil naziri Misir Mərdanov bu ildən Azərbaycanın bütün məktəblərində vahid məktəbli formasına keçiləcəyini bildirib. Bu isə xüsusən övladları paytaxt məktəblərində oxuyan valideynlər arasında bir qədər çaşqınlıq yaradır. Məsələ ondadır ki, Bakı məktəblərinin çoxu bir neçə ildir vahid formaya keçib. Belə çıxır ki, ötən il 50 manat verib yeni məktəbli forması alan valideynlər bu il yenidən eyni məbləği ödəyib Təhsil Nazirliyində təsdiq edilmiş eskiz əsasında hazırlanan forma almalıdırlar. Bu isə valideynlərin dediklərinə görə, ailə büdcəsinə əlavə yükdür. Xüsusən orta məktəbdə bir neçə övladı oxuyan ailələr üçün.
XS
SM
MD
LG