Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:20

NATO Rusiyanı hədələdi


Alyansın Baş katibi toplantıdan sonra bildirib ki, nazirlər Tbilisi ilə əlaqələrin sıxlaşdırılması üçün NATO-Gürcüstan Komissiyası kimi adlandırıla biləcək bir forum yaradılması qərarına gəliblər
Alyansın Baş katibi toplantıdan sonra bildirib ki, nazirlər Tbilisi ilə əlaqələrin sıxlaşdırılması üçün NATO-Gürcüstan Komissiyası kimi adlandırıla biləcək bir forum yaradılması qərarına gəliblər
Qərb mediası Rusiyanın artıq 10 gündən çoxdur əlində saxladığı Qori şəhərini tərk etdiyini deyirlər. Hələlik rusların başqa bir gürcü şəhəri – Potidən çıxıb-çıxmadıqları barədə təsdiqlənmiş bir xəbər yoxdur.

Rusiyanın Qorini tərk etməyə başlaması barədə xəbərlərdən bir neçə dəqiqə əvvəl NATO ölkələri Xarici İşlər nazirlərinin Rusiya-Gürcüstan münasibətlərinin müzakirəsinə həsr olunan fövqəladə toplantısı başa çatmışdı. Alyansın Baş katibi Yaap-de hoop Sxeffer toplantıdan sonra keçirdiyi mətbuat konfransında bildirib ki, Rusiya hərbi hissələri Gürcüstandan tam geri çəkilməyincə, NATO-nun Moskva ilə əvvəlki əlaqələri davam etdirməsi mümkün olmayacaq:
«İndiki vəziyyətdə Rusiya ilə əlaqələr əvvəlki qaydada davam etdirilə bilməz. Və bizim əlaqələrin gələcəyi də Rusiyanın altı bəndlik sülh planının icra edilməsi barədə prezident Medvedevin vədinə nə qədər əməl edəcəyindən asılıdır».
Bu toplantıdan əvvəl də NATO ölkələrinin Xarici İşlər nazirləri Rusiyanın Gürcüstandakı hərəkətlərinə alyansın çox sərt cavab verməli olduğunu deyirdilər. Böyük Britaniyanın Xarici İşlər naziri David Milliband bildirirdi ki, gərək bu cavab Rusiyaya onun davranışlarının nə ilə nəticələnə biləcəyini açıq-aşkar nümayiş etdirsin. NATO-ya üzv olmaq istəyənlər isə hiss etməlidirlər ki, bunun üçün siyasi və daha konkret dəstək alacaqlar.
Alyansın Baş katibi toplantıdan sonra bildirib ki, nazirlər Tbilisi ilə əlaqələrin sıxlaşdırılması üçün NATO-Gürcüstan Komissiyası kimi adlandırıla biləcək bir forum yaradılması qərarına gəliblər. Sxeffer bildirib ki, bu Komissiya 11 ildir Ukrayna ilə əlaqələr üçün yaradılan komissiya kimi çalışacaq. Gürcüstanın alyansa daxil olmasına gəldikdə, Sxeffer bir gün bunun da baş verəcəyini deyir:
«Gürcüstan NATO-nun üzvü ola bilər. Mən öz şəxsi fikrimi deyə bilərəm ki, bir gün gələcək ki, o, alyansa üzv olacaq».
Avqustun 19-da hərbi hissələrin Qorini tərk etməsi barədə məlumatlardan əvvəl Rusiya generallarından müəmmalı bəyanatlar səslənirdi.
Rusiya ordusu baş qərargah rəisinin müavini Anatoli Noqovitsin yenə də bildirir ki, hərbi hissələr sülhü mühafizə missiyası üçün bölgədə qalacaqlar:
«Birincisi, biz buna çıxarılma deyil, geri çəkilmə deməliyik. Bu terminologiya ali baş komandanın prezident Nikola Sarkozi ilə telefon danışıqlarında da razılaşdırılıb ki, Cənubi Osetiyanın sərhədlərinə çəkilmə termini işlədilsin. Bu prosedurların həyata keçirilməsinə gəldikdə, biz bunu icra etməkdəyik. Mən artıq geri çəkilən hərbi hissələrin nömrəsini də dedim. Bu proses bizim üçün vacibdir. O ki qaldı texniki və başqa obyektlərə, bunlar humanitar işlərin görülməsi üçün saxlanıb».
Rus generallarının bu cür müəmmalı bəyanatları ordunun hara qədər geri çəkilməli olduğu sualını da aktuallaşdırıb. Avqustun 8-də hərbi qarşıdurma başlayandan sonra Rusiya Gürcüstanın separatçı bölgələri olan Cənubi Osetiya və Abxaziyadan başqa, iki iri şəhərini, Qori və Potini də tutmuşdu. Vaşinqtonda hesab edirlər ki, Rusiya hərbi hissələri avqustun 6-dakı vəziyyətə qayıtmalıdırlar. Ağ Evin sözçüsünün müavini Qordon Condro:
«Avqustun 6-dan sonra gətirilmiş hərbi qüvvələr geri çəkilməlidir. Bu, Rusiyanın geri çəkilmə barədə öhdəliklərinə uyğun olacaq».

Rusiyanın Xarici İşlər naziri Lavrov isə Moskvadakı mətbuat konfransında deyib ki, NATO-nun bəyanatını birtərəfli və qeyri-obyektiv sayır. «Orada münaqişənin kim tərəfindən başlanması haqda bir kəlmə də deyilmir. Bir kəlmə də deyilmir ki, Gürcüstanı kim silahlandırıb, son bir il ərzində Gürcüstanla Abxaziya və Cənubi Osetiya arasında güc tətbiq edilməməsi haqda sazişin imzalanması barədə bizim təklifimizin qarşısını kim alıb».
Lavrov hesab edir ki, NATO təcavüzkarı qurban kimi qələmə verməyə çalışır, cinayətkar rejimi təmizə çıxarır, onu xilas etməyə çalışır:
«Ən təəccüblüsü odur ki, belə səslər eşidilir ki, apreldə NATO-nun Buxarest sammitində Gürcüstana alyansa üzvlük planı verilsəydi, hər şey ayrı cür olardı. Mən başa düşə bilmirəm ki, onlar nə haqda danışırlar. Belə sözləri dilə gətirənlər yəqin düşünür ki, həmin plan Gürcüstana dinc Tsxinvalini daha səmərəli şəkildə bombalamağa kömək edərdi…Nə qədər təzadlı görünsə də, mən NATO-nun Baş katibi Sxefferin o fikrilə razıyam ki, alyansla Rusiyanın əlaqələri əvvəlki qaydada davam edə bilıməz. Biz bunu bir həftə qabaq demişdik, o vaxt ki, NATO nümayəndələri Xarici İşlər nazirlərinin görüşünü gözləmədən qərəzli fikirlər söyləmişdilər. Düşünürəm ki, biz bundan lazımi nəticələr çıxaracağıq».
O ki qaldı alyansın NATO-Rusiya Şurasının iclaslarını təxirə salmasına, Lavrov deyib ki, həmin qurum Gürcüstan rəhbərliyinə münasibətdə necə davranmaq haqqında mühazirələr söyləmək üçün yaradılmayıb:
«Şuranın yaradılmasında məqsəd Avroatlantik məkanda stabilliyi təmin etmək üçün həqiqətən mühüm problemlərin həlli olub. Və biz indi də düşünürük ki, həmin problemlərin təcili həllinə ehtiyac var və bu məsələdə hər şey bizim tərəfdaşlarımızdan asılı olacaq».
XS
SM
MD
LG