Belə isti havalarda azyaşlı uşaqları, xəstə və yaşlı insanları qorumaq lazımdır. Bunu «Can Bakı» proqramında Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkiminin müavini Rauf Nağıyev deyib.
Həkim deyir ki, günəş şüalarının aktiv saatlarında – səhər saat 11-dən axşam 5-ə qədər açıq günəş şüaları altında olmaq məsləhət deyil. «Əgər iş şəraiti belə qurulubsa ki, açıq havada işləməlisən, mütləq iş fasilələrlə görülməli, sərinləşdirici içki qəbul etmək lazımdır».
Rauf Nağıyev deyir ki, gün vuran insanı kölgəyə gətirmək, alın və döş nahiyəsini nəm mələfə ilə kompres etmək və sərin su vermək lazımdır: «Günvurma əlamətləri özünü dərhal büruzə vermir. Baş ağrısı, baş gicəllənmə, halsızlıq, bayılma halları qeydə alına bilər».
İnsan Hüquqları üzrə Maarifləndirmə İctimai Birliyinin sədri İradə Cavadova dedi ki, əvvəllər isti havada işin dayandırılması üçün maksimal temperatur 40 dərəcə qəbul edilmişdi. Sonradan bu müddəaya dəyişiklik edildi. İndi qanuna görə, hərarət 45 dərəcəni keçəndə açıq havada olan işlər dayandırılmalıdır: «İşə götürən işçisinin təhlükəsizliyinin qorunması barədə özü düşünməlidir. Amma gerçəklikdə işəgötürənlərin çoxu işçisi ilə müqavilə bağlamır, məsuliyyətdən boyun qaçırırlar».
Rauf Nağıyev onu da bildirdi ki, bu baxımdan əvvəlki qanun daha məqsədəuyğun idi: «Çünki bədən hərarəti 40 dərəcəyə çatanda insanın mərkəzi sinir sistemində dəyişikliklər baş verir. Ətraf mühitin temperaturu da 40-dan yuxarı olanda orqanizmə bu cür mənfi təsir göstərə bilər. 45 dərəcə istilik istər-istəməz bədəndə iz qoyacaq, orqanizmdə dönməz proseslər baş verə bilər. Yaxşı olardı ki, işə qadağa üçün temperatur həddi əvvəldə olduğu kimi 40 dərəcə qəbul edilsin». Qanunun dəyişdirilməsinə gəlincə, qonaq belə hesab edir ki, bu, qlobal istiləşmə ilə əlaqədardır. Çünki bir neçə il əvvəl normal yay temperaturu 37 olduğu halda, indi həmin göstərici bir neçə dərəcə yüksəlib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru İmran Məmmədov dedi ki, anomal isti şəraiti bir neçə gün davam edəcək. Avqustun 22-dən sonra isə nisbi sərinləşmə müşahidə ediləcək: «Bu günlərdə ən isti hava müşahidə edilir. İlkin təhlillər göstərir ki, avqustun 22-də Cənub-şimal küləyi Xəzri küləyi əvəz olunacaq. Temperatur bir neçə dərəcə aşağı düşəcək. Avqustun 23-25-də yenidən zəif cənub küləyi üstünlük təşkil edəcək. Ancaq həmin vaxt bu günlərdəki kimi istilər gözlənilmir».