Avqustun 17-də «Əbu-Bəkr» məscidində baş verən partlayış ölkə mediasının diqqət mərkəzindədir.
Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzi rəhbəri İlqar İbrahimoğlu «Bizim Yol»a müsahibəsində bu barədə danışıb.
«Azərbaycan insanı istər dini, istər siyasi, istər ictimai və istərsə də iqtisadi zəmində öz problemlərini qumbara ilə həll edən toplum deyil. Baş verən hadisə illərdən bəri oturuşmuş və formalaşmış mental paradiqmaya, mənəvi atmosferə qarşı yönəlib. Faciənin davamlı olmaması və sistemə çevrilməməsi üçün Azərbaycan insanı çox böyük təhlükə hiss etməli və bunun qarşısına çıxmalıdır. Əgər kimlərsə öz problemlərini bu formada və hətta məsciddə həll etməyə başlayıblarsa, bu, həyəcan təbilidir».
«Yeni Müsavat» yazır ki, «Kreml ermənilərin açıq müdafiəsinə qalxıb».
Qəzet yazır: «Rusiyanın Cənubi Osetiyadan sonra Dağlıq Qarabağ münaqişəsini də alovlandırmaq və bununla da bütün Qafqazı öz hərbi nəzarəti altına almaq planları haqda narahatlıqlar günbəgün artır. «İnterfaks» agentliyinin məlumatına görə, avqustun 21-də İrəvanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının «Rubej» birgə təlimlərinin növbəti mərhələsi başlayacaq. Həmin gün Yerevanda sözügedən hərbi bloka daxil olan ölkələrin müdafiə nazirlərinin iclası da olacaq. Təlimlərin bu mərhələsində Ermənistanın təcavüzə məruz qalması halında bu ölkəyə hərbi və hərbi-texniki yardımın göstərilməsi sınaqdan keçiriləcək».
«Bakının təmizliyinə, abablığına qayğı hamının ürəyincədir»-, «Azərbaycan» qəzetində yer alan məqalə belə adlanır. Qəzet həmçinin yazır ki, bu gün paytaxtın əksər yerlərində kiçik zibil qutuları yoxdur: «Bu səbəbdən də şəhərin küçə və prospektlərində zibillik guşələri gündən-günə çoxalır. Zibil qutuları bəzən nəqliyyatın hərəkət yolunun kənarına qoyulur ki, bu da bütövlükdə avtomobilin hərəkətinə mane olur».