Keçid linkləri

2024, 14 Dekabr, şənbə, Bakı vaxtı 20:24

«Növbəti hədəf Ukrayna və Azərbaycandır»


Haslinq yazır ki, Qərb Rusiya ilə sərhəddə olan ölkələrə siyasi və iqtisadi dəstək verdikcə, onlara beynəlxalq təhlükəsizlik təşkilatlarına üzvlük vəd etdikcə Rusiya da zora meyllənir
Haslinq yazır ki, Qərb Rusiya ilə sərhəddə olan ölkələrə siyasi və iqtisadi dəstək verdikcə, onlara beynəlxalq təhlükəsizlik təşkilatlarına üzvlük vəd etdikcə Rusiya da zora meyllənir
«Bu gün NATO üçün ilk sırada strateji təminat durmalıdır». «Wall Street Journal»ın avqustun 18-dəki sayında Ronald Asmus «NATO saatı» adlı yazısında belə yazır. Məqalədə deyilir ki, NATO Balkanlarda, Ukrayna və Cənubi Qafqazda daha möhkəm şəkildə genişlənməlidir. Asmus bildirir ki, Avropanın Trans-Qafqaz enerji sektoru üçün böyük əhəmiyyət kəsb edən Ukrayna və Azərbaycan Rusiyanın növbəti hədəfi ola bilər. Bu ölkələr NATO-nun 1990-cı illərin tələblərinə cavab verməsə də, onlar Qərb üçün böyük strateji əhəmiyyət daşıyırlar və hazırda təhlükədədirlər. NATO çatışmazlıqlara baxmayaraq onları himayəyə almalıdır.
Yazıda bildirilir ki, bu ölkələrdə demokratik islahatların keçirilməsi də yaddan çıxmamalıdır. Lakin əvvəlcə onları xilas etmək lazımdır. Müəllif yazır ki, Ukrayna və Azərbaycanın liderləri də böyük qərar verməlidir:
«Ukraynanın NATO-ya üzvlük məsələsi ölkə daxilində mübahisələrə səbəb olub. Lakin indi siyasəti bir kənara qoymaq və bu işə ciddi yanaşmaq lazımdır. Azərbaycanda prezident seçkisi yaxınlaşır. Bu ölkə demokratik deyil və Dağlıq Qarabağla bağlı dondurulmuş münaqişəsi var. Əgər Bakı prezident seçkisini azad və ədalətli keçirsə və demokratiyaya açıq olsa, eyni zamanda Ermənistanla münaqişəni sülh yolu ilə həll etməyə meyl göstərsə, NATO bu ölkəyə də kömək əlini uzatmalıdır».
Prezident Nikola Sarkozinin Fransanın «Le Figaro» qəzetində dərc olunan yazısında isə deyilir ki, Gürcüstanla Rusiyanın atəşkəs razılığı heç də məsələnin həlli deyil. Rus qoşunları yubanmadan Gürcüstan ərazisindən çıxarılmalıdır. Bunun başqa yolu yoxdur. Prezident yazır ki, əgər bütün bu tələblərə vaxtında və tam əməl olunmazsa, Avropa Birliyinin fövqəladə iclasını çağırmaq məcburiyyətində qalacaq və bundan sonra atılacaq addımlar haqqında qərar veriləcək.
Sarkozi yazır ki, qoşunların çıxarılmasından başqa vəziyyətin sabitləşməsi məsələsi də önəmlidir. Tərəflərin öz öhdəliklərini necə yerinə yetirdiyini yoxlamaq üçün beynəlxalq qurumlar yaradılmalıdır. Beynəlxalq ictimaiyyət Gürcüstana dağıntıları bərpa etmək, qaçqın və köçkünlərə yardım etmək üçün kömək əlini uzatmalıdır. Rusiya başa düşməlidir ki, problemin həllinə nə qədər hörmətlə və məsuliyyətlə yanaşsa, onunla bir o qədər anlayışlı davranılacaq.
N.Sarkozi bildirir ki, bu münaqişədən öyrəniləcək dərslər də var. Məqalədə deyilir ki, bu münaqişənin həlli yollarının axtarılması üçün Avropa irəli atıldı. Avropa Birliyi Fransanın vasitəsilə diplomatik yolla atəşkəsə nail oldu. Sarkozinin sözlərinə görə, Avropa bununla fəxr edə bilər. Prezident yazır ki, bu, onu göstərir ki, Avropada güclü siyasi istək olsa, qurum daha çox uğura nail ola bilər.
Maks Haslinq isə «Guardian» qəzetində dərc olunan məqaləsində yazır ki, artıq yarım əsrə yaxındır ki, Rusiya hər şeyə İkinci Dünya müharibəsi və soyuq müharibə prizmasından baxır:
«Moskvanın bu rəftarı neft lovğalığı kimi qiymətləndirilə bilməz. Bu, məsələnin bir hissəsidir. Əsas məsələ Rusiyanın zəifliyi və uğursuzluğundan yaranan əsəbidir».
Haslinq yazır ki, Qərb Rusiya ilə sərhəddə olan ölkələrə siyasi və iqtisadi dəstək verdikcə, onlara beynəlxalq təhlükəsizlik təşkilatlarına üzvlük vəd etdikcə Rusiya da zora meyllənir. Belə olan halda isə Qərb ona effektiv cavab verə bilmir.
XS
SM
MD
LG