Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 09:11

«Yarım milyon azərbaycanlı ilə heç kim maraqlanmır»


Marneuli şəhərində Novruz bayramı, 21 mart 2006
Marneuli şəhərində Novruz bayramı, 21 mart 2006
Müharibə Gürcüstanın başqa bölgələri kimi azərbaycanlıların sıx yaşadığı Borçalı mahalını da yerindən oynadıb. Borçalı - indiki adıyla desək, Kvemo-kartli bölgəsi döyüş meydanından uzaqdadır, amma rus qoşunlarının hücumundan sonra bu yerlərin də əhvalı, yaşayış tərzi dəyişib. İndi burada da əsgər yolu gözləyirlər…
Məmməd dayı deyir ki, indi kəndlilərin qulağı səsdədir ki, bu saat bombalar partlayacaq. O, Gürcüstanın Bolnisi rayonunun Qoşakilsə kəndindədir:
«Qonşu kəndə 25-ə qədər bomba düşüb, xoşbəxtlikdən partlamayıb. Amma hokumətdən heç kim gəlib bununla maraqlanmır, bombaları zərərsizləşdirmək barədə fikirləşən yoxdur. Cəmi bir dəfə mütəxəssislər baxıb gediblər».
Bolnisidə təhlükəli bombalar varmı? Gürcüstanın Müdafiə Nazirliyindən bu sualı araşdırmaq üçün bizdən sorğu istədilər, günün axırına kimi sorğumuza cavab ala bilmədik.
Amma başqa bir mənbə - Qafqaz Araşdırmalar Mərkəzinin sədri Kamran Ramazanlı da təsdiqləyir ki, Bolnisinin Qoşakilsə kəndində belə bombalar var. Ramazanlı da həmin bölgədəndir.
Hərbi ekspert Üzeyir Cəfərov isə deyir ki, aviabombalar əhali üçün təhlükədir:
«Bu bombaların partlamaması o demək deyil ki, təhlükə sovuşub, hər an yüzlərlə adamın həyatına son qoya bilər».
Amma Gürcüstan parlamentində azərbaycanlı deputat Azər Süleymanov bu fikirlə razılaşmır:
«Elə bir qorxu yoxdur, bütün bombaları 24 saat ərzində zərərsizləşdirdilər. Bu bombalar Marneuli rayonuna da düşmüşdü, təmizlədilər».
Marneuli də azərbaycanlıların yaşadığı rayondur. Bu rayondakı aviabazanı münaqişə vaxtı üç gün dalbadal bombalayıblar. Rayonun icra başçısının müavini Hüseyn Yusifov «Azadlıq» radiosuna deyir ki, həmin bombaların hamısını zərərsizləşdiriblər, ərazi tam təhlükəsizdir. İndi Marneuli əhalisi döyüş bölgəsindən gələn qaçqınları qəbul edir:
«Biz gündə yüzlərlə qaçqın qəbul edirik. Onları həyat üçün vacib olan hər şeylə təmin etməyə çalışırıq. Kimin nəyə imkanı çatır, könüllü şəkildə kömək edir».
Hüseyn Yusifov deyir ki, təkcə Marneulidən 150-ə yaxın azərbaycanlı könüllü döyüşə yazılıb, vətəni qorumağa yollanıb. Hələlik ara sakitləşir deyə, onları geri qaytarıblar.
Qeyri-rəsmi məlumata görə, Kvemo-Kartli bölgəsində yarım milyona qədər azərbaycanlı yaşayır. Ümumiyyətlə, Gürcüstan İrandan sonra azərbaycanlıların ən çox yaşadığı xarici ölkədir. Burdakı azərbaycanlılar əsasən kənd təsərrüfatı ilə məşğul olurlar. Münaqişə başlayandan əhalinin bir qismi Azərbaycana qayıdıb. Bazarlarda alver də zəifləyib. Bundan başqa, azərbaycanlılar məhsullarını turizm rayonlarında satırdılar, indi müharibədən sonra ölkədə turist də qalmayıb. Bunları Qafqaz Araşdırmalar Mərkəzinin sədri Kamran Ramazanlı danışır.
Gürcüstandan söhbətləşdiyim bir neçə mənbə təsdiqlədi ki, Bakıdan- Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən heç kim yarım milyon azərbaycanlının problemləri ilə maraqlanmayıb.
Kamran Ramazanov: «Təəssüf ki, onların heç bir nümayəndəsinin bizim soydaşlarımızla maraqlandığını sezə bilmədim. Halbuki, bunu etmək Komitənin vəzifəsidir. Bu, anormal haldır».
Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən isə Gürcüstan azərbaycanlıları barədə məlumat vermədilər. Xahiş etdilər deyək ki, onlar hələ ki, bu barədə danışmaq istəmirlər.
Azərbaycanın dövlət başçısı İlham Əliyev də hələlik Gürcüstandakı münaqişə ilə bağlı mövqeyini bildirməyib.
XS
SM
MD
LG