«Qobustanda bir qrup məhbusun aclıq etməsinə səbəb həbsxana rəhbərliyinin onlarla rəftarıdır». Bunu Ömürlük Məhbusların Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri Müslümət Rzaxanova deyir. Onun sözlərinə görə, avqustun 7-də həbsxana rəisi Kazım Abdullayev 80-dən çox məhbusun əllərini qandalladıb. Məhbuslar da buna etiraz olaraq aclığa başlayıblar. Bir neçə gündən sonra 15 nəfərin qolunun qandalını açıblar və onlar da aclığı dayandırıblar. Qalan məhbuslarsa aclığı davam etdiriblər:
«154-cü kameradan Şakir Şahverdiyev aclığa başladığı üçün karserə salınıb. Elçin Əmiraslanov və Fərrux Kərimov aclığı dayandırmayacaqlarını deyirlər».
Başqa bir ömürlük məhbus Dəyanət Kərimovun bacısı Nübar xanımsa deyir ki, onda hazırda qardaşının aclıq edib-etməməsi barədə dəqiq məlumat yoxdur.
Ədliyyə Nazirliyinin Penitensiar Xidməti məhbusların aclıq xəbərlərini təkzib edir. Xidmətin şöbə rəisi Mehman Sadıqov «Azadlıq» radiosuna deyir k, Qobustan həbsxanasında heç bir məhbus aclıq etmir.
Qobustanda ömürlük həbsə məhkum edilmiş məhbusların aclıq etməsi barədə ara-sıra mediaya xəbərlər sızsa da, əksər hallarda həbsxana rəhbərliyi bunu təkzib edir.
Hüquq müdafiəçisi, Ədliyyə Nazirliyi yanında Penitensiar Xidmətə İctimai Nəzarət Komitəsinin koordinatoru Sahib Məmmədovda da aclıq aksiyası barədə ətraflı məlumat yoxdur. Aclıq xəbərlərinin adətən həbsxana rəhbərliyi tərəfindən təkzib olunmasına gəlincə, o, bunu deyir:
«Aclıq edən şəxs yazılı müraciət etməlidir, o, ayrıca kameraya yerləşdirilir. İndi bilinmir, ikiadamlıq kamerada qalan məhbuslar yeməklərini bir-birinə verirlər, ya yox».
Sahib Məmmədov deyir ki, ictimai komitə belə hallarda əlavə qıcıq yaratmamaq üçün məhbuslara baş çəkmirlər. Çünki belə səfərlər sonradan məhbusların kütləvi aksiyasına səbəb ola bilər.
Hazırda 90-a yaxın məhbus ömürlük həbsdədir. Onlar cəzalarının 15 illə əvəzlənməsini tələb edirlər. Məhbusların arqumentləri odur ki, cinayət törətdikləri vaxt Cinayət Məcəlləsində ömürlük həbs cəzası nəzərdə olmayıb. Məhbuslar ömürlük həbsə məhkum edilmiş Samir Hacıyevin cəzasının 15 illə əvəzləməsi nümunəsinin onlara da tətbiq olunmasını istəyirlər.
Ombudsman Elmira Süleymanovanın məsələ ilə bağlı Konstitusiya Məhkəməsinə göndərdiyi sorğudan sonra məhbusların şikayətlərinə baxılsa da, məhkəmələr ömürlük həbs cəzasını qüvvədə saxlayıb.
Ali Məhkəmənin Plenumu bu dustaqlardan yalnız birinin - Samir Hacıyevin cəzasını 15 illə əvəzləyib. Plenum nəzərə alıb ki, S.Hacıyev cinayət törədən vaxt omürlük həbs Cinayət Məcəlləsinə salınmayıb.
Ali Məhkəmənin Plenumu bu dustaqlardan yalnız birinin - Samir Hacıyevin cəzasını 15 illə əvəzləyib. Plenum nəzərə alıb ki, S.Hacıyev cinayət törədən vaxt omürlük həbs Cinayət Məcəlləsinə salınmayıb.