Gürcüstan prezidenti Mixail Saakaşvili bildirib ki, o Avropa Birliyinin təklif etdiyi sülh planıyla ümumilikdə razıdır, yalnız bəzi detalların dəqiqləşdirilməsinə ehtiyac var. Sülh planını Fransa təklif edib. Avqustun 12-də Moskvada Rusiya prezidenti Dmitri Medvedevlə razılaşandan sonra, Fransa prezidenti Nikolya Sarkozi Tbilisiyə gəlib.
Gürcüstanlı həmkarı ilə danışıqlardan sonra Sarkozi deyib ki, münaqişənin tənzimlənməsinin ilkin mərhələsində atəşkəs, humanitar dəhlizin yaradılması və hər iki tərəfin qoşunlarının münaqişədən əvvəlki mövqelərə qayıtması nəzərdə tutulur. Gələcəkdə isə rus qoşunlarının Abxaziya və Cənubi Osetiya regionlarındakı statusu müəyyənləşəcək.
Mixail Saakaşvili isə deyib ki, münaqişə bölgələrinin gələcək statusu beynəlxalq aləmin vasitəçiliyi ilə həll olunmalıdır.