Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:55

Yol hərəkəti qaydalarını pozanların adları açıqlandı


BŞDYPİ yol hərəkəti qaydalarını pozan sürücülərə havadarlıq edənlərin də adlarını açıqlayacaq
BŞDYPİ yol hərəkəti qaydalarını pozan sürücülərə havadarlıq edənlərin də adlarını açıqlayacaq
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi hər gün bir neçə dəfə AzTV vasitəsilə yol hərəkəti qaydalarını nümayişkaranə şəkildə pozan sürücüləri tanıdır. Amma idarənin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Vaqif Əsədov deyir ki, onlara ayrılan efir vaxtı yol hərəkəti qaydalarını kobud şəkildə pozan sürücülərin hamısı barədə danışmağa kifayət etmir. Ona görə də qərara alıblar ki, gündəlik əldə etdikləri məlumatları media vasitəsilə yaysınlar. Bu məlumatlar həm də polis rəhbərliyinə çatdırılacaq:

«Bu, o vaxta qədər davam edəcək ki, sürücülr yol mədəniyyətini, yolda təhlükəsiz davranışları könüllü şəkildə mənimsəyəcəklər».

Vaqif Əsədov deyir ki, yol hərəkəti qaydalarını nümayişkaranə şəkildə pozanlar arasında dövlət və qeyri-dövlət təşkilatlarına məxsus avtomobillərin də sürücüləri var. O, misal kimi «Akkord» şirkətinə məxsus firmaların adlarını sadalayır.

Bakı Dövlət Yol Polisi İdarəsinin açıqladığı siyahıda, «Azərittifaq»ın Bakı avtobazasına, Akademik Milli Dram Teatra, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə, Qazaxıstan səfirliyinə, Bakı Metropoliteninə də məxsus avtomobillər var.

«Akkord» İnşaat Sənaye MMC-nin Mətbuat Xidmətinin rəhbəri Afaq Quliyeva siyahıya düşmüş Mercedes-280 90 AX 302 nömrəli maşının qurumun vəzifəli şəxslərindən birinə mənsub olduğunu deyir. Amma onun sözlərinə görə, həmin şəxs bir aydır ki, maşınını təmirə verib:

«Biz hətta iri maşınların da üstündə yazırıq ki, sürücü təhlükəli sürərsə, yol hərəkəti qaydasını pozarsa, bunu görənlər bizə xəbər versin».

Afaq Quliyeva deyir ki, «Akkord»a məxsus avtomobilləri idarə edən sürücülər yol hərəkəti qaydalarını pozarsa, heç də onları cəzadan və ya cərimədən qurtarmaq üçün yol polisinə təzyiq göstərmirlər. Amma şirkət daxilində dəfələrlə xəbərdarlıq almış sürücülərlə bağlı tədbir görürlər.

Bakı Metropoliteninin Mətbuat Xidmətinin rəhbəri Nəzakət Tanrıverdiyeva da deyir ki, nömrəsi yol polisinin siyahısına düşən maşının sürücüsüylə bağlı araşdırma aparacaqlar:

«Dəfələrlə şahidi olmuşuq ki, ağır yük maşınları yol polisinin, vətəndaşların gözü qarşısında yol hərəkəti qaydalarını pozub, böyük təhlükə yaradıblar. Və bu təhlükəyə qarşı da heç kim tədbir görməyib».

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin rəsmisi Vaqif Əsədov deyir ki, onlar yol hərəkəti qaydalarını pozan sürücülərə havadarlıq edənlərin də adlarını açıqlayacaqlar.

Amma «Yol» İctimai Birliyinin rəhbəri Azər Həsrət hesab edir ki, yol polisi heç də qaydaları nümayişkaranə pozan şəxslərin və ya onların mənsub olduğu dövlət qurumlarının hamısının adlarını açıqlamayacaq. O deyir ki, sıravi sürücülər yol polisinin gözü qarşısında yol hərəkəti qaydalarını pozanlarla tez-tez rastlaşırlar:

«Bir dəfə mən də belə hadisəylə üzləşdim. Bir «Mercedes» markalı maşın tıxacda bütün qaydaları pozub özünü irəli atdı. Mən də yol polisinin qabağından keçəndə soruşdum ki, niyə onu saxlamır. Yol polisi də səsgücləndiriciylə mənim maşınımın nömrəsini söyləyib dedi ki, sürəti niyə artırıram. Halbuki tıxacda sürət artırmaq imkanı yox idi».

Ancaq Azər Həsrət hesab edir ki, yol hərəkəti qaydalarını pozan sürücülərin adlarının mütəmadi ictimaiyyətə açıqlanması bu sahədə yaranmış problemi nisbətən azaldacaq.
XS
SM
MD
LG