Keçid linkləri

2024, 13 Dekabr, Cümə, Bakı vaxtı 20:09

«Məqsəd Saakaşvilini devirməkdir»


Rusiya qonşuluğunda belə demokratiya istəmir
Rusiya qonşuluğunda belə demokratiya istəmir
«Vaşinqton Post» əvvəl də yazırdı ki, Rusiya Gürcüstan hökumətini, Qərbmeyilli prezident Mixail Saakaşvilini devirmək niyyətindədir. Qərb birləşməsə, ciddi müdaxilə etməsə, Rusiyanın cəhdi müharibəylə nəticələnəcək. Və təəssüf ki, nəticələndi də. İndi Qərblə Rusiya «soyuq müharibə» dövründə çıxdıqları yol ayrıcına bir də çıxıblar.

Analitiklər Ronald Asmus və Riçard Holbruk hesab edir ki, Qərb, xüsusilə də Amerika bugünkü müharibənin qarşısını ala bilərdi.

Cənubi Osetiyada nə baş verdiyi ola bilər kiməsə aydın deyil, hərənin öz arqumenti var. Amma aydındır ki, Gürcüstan Cənubi Osetiya separatçılarına cavab verirdi və niyyəti bugünkü müharibə deyildi. Ola bilər Gürcüstan hardasa səhvə yol verib, amma heç nə Rusiyaya haqq vermir ki, qonşusunun ərazisinə təcavüz etsin, BMT-nin Avropada fundamental əməkdaşlıq və təhlükəsizlik prinsiplərini pozsun.

Olimpiadayla eyni vaxtda yaxşı planlanmış müharibəyə, eyni zamanda kiper-müharibəyə başlamaq həm də qədim ənənələrin pozulması deməkdir. Axı olimpiya zamanı müvəqqəti də olsa sülh olurdu.

Üstəlik, 2014-cı il Qış Olimpiya oyunlarına ev sahibliyi etmək istəyən Rusiya öhdəliklərinə əməl etmədiyini göstərir. İndiki müharibə zonası olimpiadanın keçiriləcəyi Soçi şəhərindən cəmi 25 mil o tərəfədir.

Yazı müəllifinin fikrincə, Rusiyanın məqsədi sadəcə Cənubi Osetiyada status-kvonu bərpa etmək deyil. Məqsəd Saakaşvilini devirməkdir. Putinin nifrət etdiyi Saakaşvilini. Putin istəyir ki, Amerikada seçkidən əvvəl Saakaşvilini devirsin və beləliklə yeni prezidentlə konfrantasiyadan qaçsın.

Bunun üçün Rusiya bütün vasitələrdən istifadə edir. Hətta, İsveç Xarici İşlər naziri Karl Bildtin dediyi kimi, Avropa tarixinin ən qaranlıq məqamlarında Rusiyanın indiki siyasətinə paralel tapmaq olar. Moskva Abxaz və Cənubi Osetiyadan olan on minlərlə adama pasport verib, indi də deyir ki, vətəndaşlarını müdafiə etməlidir. Eyni taktikadan nasist Almaniyası II Dünya müharibəsini başlayanda istifadə edibmiş.

«Vaşinqton Post» yazır ki, Rusiya qonşuluğunda belə demokratiya istəmir, NATO, Avropa Birliyi arzularını puça çıxarmaq, ətrafında yenə hegemonluq niyyətindədir. Demokratiyaya, Qərbə can atan Gürcüstanı dağıtmaqla Rusiya qonşularına mesaj göndərir, bu regionda Vaşinqtona, Qərbə yaxın olmaq xeyir etmir. Rusiya həm də Avropaya, beynəlxalq aləmə mesaj göndərir.

Bəs Qərb nə etməlidir? Politoloqlar Ronald Asmus da, Riçard Holbruk da hesab edir ki, Gürcüstana dayaq durmaq lazımdır. Gürcüstan buna layiqdir, İraqdakı ən böyük kontingentlərdən biri - 2 min əsgər Gürcüstanındır.

«Vaşinqton Post»da çıxan məqalədə analitiklər Gürcüstana dayaq durmağın yollarını göstərirlər.

Birincisi, döyüş dayandırılmalıdır və dayanan kimi Tbilisə yenidənqurmaya yardım olunmalıdır. İkincisi, daha heç kim Rusiyanı neytral hesab etməməlidir. Rusiyanın problemin bir hissəsi olduğuna göz yummaq olmaz. Rusiya neo-imperiya siyasətini həyata keçirmək üçün sülhməramlı mandatından həddən artıq çox istifadə etdi. Üçüncüsü, Rusiyanın qonşularına təzyiqinə cavab vermək lazımdır. Güman ki, növbəti hədəf Ukraynadır.

Avropa Birliyi də, Amerika da bildirməlidirlər ki, təcavüz Rusiyanın Qərblə münasibətlərinə təsir edəcək. Düzdür, Qərbin Gürcüstana hərbi müdaxiləsi məsələsi müzakirə olunmur, soyuq müharibənin yeni versiyasını heç kim istəmir. Amma Rusiyaya göz yummaq olmaz, bu ölkəyə cavab vermək üçün xeyli iqtisadi, siyasi sahə var. Elə Soçi Olimpiadası məsələsinə də yenidən baxmaq olar. Qərb diplomatiyasının zəifliyi, Transatlantik birliyin olmaması prosesləri bu yerə gətirib-çıxarıb. Və elə Transatlantik birlik müharibəni dayandıra bilər. Əks halda administrasiyanın uğursuz xarici siyasət siyahısına bir məsələni də əlavə etmək olar.

Politoloqlar Ronald Asmus və Riçard Holbruk belə yazır.

«Nyu York Taymz» isə təklif edir ki, təcavüzə son qoyulmayınca, Rusiyayla normal münasibət saxlanmasın. Müəllif Uilyam Kristol hətta Ukrayna və Gürcüstana təcili hərbi yardım təklif edir.
XS
SM
MD
LG