Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 02:07

«Misir Mərdanovun qapısı hamının üzünə açıqdır»


Təhsil Nazirliyinin Aparat rəhbəri İlham Pirməmmədov hesab edir ki, nazirliyə edilən hər bir şikayət yetərincə araşdırılır. Amma problem ondadır ki, şikayət edənlərin əksəriyyəti adlarını anonim saxlayır
Təhsil Nazirliyinin Aparat rəhbəri İlham Pirməmmədov hesab edir ki, nazirliyə edilən hər bir şikayət yetərincə araşdırılır. Amma problem ondadır ki, şikayət edənlərin əksəriyyəti adlarını anonim saxlayır
Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinin müəllimi Novruz Məmmədov deyir ki, o, işiylə əlaqədar Təhsil naziri Misir Mərdanovla görüşmək istəyir, amma buna nail ola bilmir:
«Dörd aydır görüşmək istəyirəm, imkan vermirlər».

Gəncə 5 saylı orta məktəbin müəllimi Mələk Məmmədova isə deyir ki, bu ilin əvvəlində o, Təhsil Nazirliyinə məktəb rəhbərliyindən şikayət edib:

«Mən fars dili müəllimiyəm, dərs yüküm azdır. Mən həm də dil-ədəbiyyatdan dərs deyə bilərəm. Rəhbərliyə müraciət etdim, vermədi. Nazirliyə şikayət etdim, dərhal müsbət cavab verdilər. İndi problemim həll olunub».

«XXI Əsr» Təhsil Mərkəzinin rəhbəri Etibar Əliyev isə deyir ki, heç də nazirliyə edilən bütün şikayətlər öz həllini tapmır. Onun fikrincə, təhsil sahəsində kifayət qədər ciddi problemlər olsa da, bu hallardan şikayət etməyə çoxlarının cəsarəti çatmır:

«Müəllimlərin əmək haqqından 5 manatdan 10 manata qədər tutulur, heç kim səsini çıxarmır. Müəllimlərin saatları əllərindən alınır, heç kim danışmır. Valideynlər şikayət edə bilmirlər. Onları qorxudurlar ki, bu, övladları üçün pis nəticə verə bilər».

Təhsil Nazirliyinin Aparat rəhbəri İlham Pirməmmədov isə hesab edir ki, nazirliyə edilən hər bir şikayət yetərincə araşdırılır. Amma problem ondadır ki, şikayət edənlərin əksəriyyəti adlarını anonim saxlayır:

«2 ildir bizdə qaynar xətt işləyir. Amma bura zəng vuranların 80 faizə qədəri adını anonim saxlayır. Əsasən imtahan vaxtı zəng edirlər. Deyirik ki, adını de, demirlər».

«XXI Əsr» Təhsil Mərkəzinin rəhbəri Etibar Əliyevin fikrincə, anonim zənglərə səbəb şikayətin araşdırılması zamanı özünün və ya övladının zərər çəkəcəyi ehtimalının güclü olmasıdır:

«Gərək nazirlik hansı şikayətləri necə həll etdiyini ictimaiyyətə açıqlasın».

Təhsil Nazirliyinin Aparat rəhbəri İlham Pirməmmədov isə deyir ki, onlar anonim şikayətləri də araşdırırlar. Amma o, hesab edir ki, qaynar xətt özünü doğrultmadı:

«Əvvəlcə bizdə çox böyük ümid vardı ki, müraciət edəcəklər, neqativ halları bildirəcəklər. Amma belə olmadı. Hərdən fikirləşirik ki, bu qaynar xətti saxlamağın nə mənası var».

Kollec müəllimi Novruz Məmmədovun şikayətinə gəlincə, İlham Pirməmmədov deyir ki, Misir Mərdanovun qapısı hamının üzünə açıqdır. Pirməmmədovun sözlərinə görə, nazirlə görüşü o, təyin edir. O, bildirir ki, əgər qaldırılan məsələnin məhz nazirin müdaxiləsinə ehtiyacı varsa, onda şikayətçini qəbula yazır, əks təqdirdə isə onu müvafiq şəxsin qəbuluna göndərir.
XS
SM
MD
LG