Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:02

«Polis şikayətçidən zəhməthaqqı istəyir»


«Bəzən polis kiçik oğurluq hadisələriylə üzləşən vətəndaşların ərizələrini qəbul etməkdə maraqlı olmur»
«Bəzən polis kiçik oğurluq hadisələriylə üzləşən vətəndaşların ərizələrini qəbul etməkdə maraqlı olmur»
Quba sakini Lətifə Zeynəddinova bir neçə ildir ki, Daxili İşlər naziri Ramil Usubovun qəbuluna düşmək istəyir. O, nazirə polislərdən şikayət etmək niyyətindədir. L.Zeynəddinova deyir ki, bir neçə ildir ki, Qubadakı qonşusu onun bağının məhsulunu Rusiyaya aparıb satır. Onun sözlərinə görə, yerli polisə müraciət etsə də, bunun faydası olmayıb. Hətta qonşusu ona fiziki xəsarət də yetirib. Uzun cəhdlərdən sonra işin yerli polisdən alınıb Daxili İşlər Nazirliyinə verilməsinə nail olan Zeynəddinova indi də burdakı müstəntiqin fəaliyyətindən narazı qalıb:

«Müstəntiq işə düzgün baxmırdı. Onun dəyişdirilməsini tələb edirdim. Nəhayət ki, işi başqa müstəntiqə verdilər».

Güc strukturlarına işi düşən bəzi şikayətçilər deyirlər ki, ərizələri ya qəbul olunmur, ya da nəticəsiz qalır. Keçmiş polis əməkdaşı Əlövsət Əliyev isə bildirir ki, bəzən polis kiçik oğurluq hadisələriylə üzləşən vətəndaşların ərizələrini qəbul etməkdə maraqlı olmur:

«Məsələn, kiminsə çantasından pul oğurlanırsa, polis bu faktı qeydə almaqda maraqlı olmur. Çünki bu cinayətin açılma perspektivi azdır. Bu xəstəlik sovet dövründən qalıb. Polis cinayətlərin açılmasında yüksək faiz göstərməkdə maraqlıdır».

Sabiq polis əməkdaşı Mahmud Hacıyev də deyir ki, bəzən şikayəti araşdıran polis çəkdiyi zəhmətin haqqını ərizəçiyə ödətmək istəyir:

«Deyir ki, ora-bura maşın sürmüşəm, əziyyət çəkmişəm. Bəzən də şikayətçi özü deyir ki, faktı aç, hörmətini edəcəyəm».
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Ehsan Zahidov isə bu deyilənləri «ara söhbəti» adlandırır:

«Polis öz vəzifə borcunu yerinə yetirir».

E.Zahidovun sözlərinə görə, vətəndaşların şikayət və ərizələrinə qanunamüvafiq qaydada cavab verilir:

«Birbaşa daxili işlər orqanlarına aiddirsə, dərhal icraata götürülür».

Ramil Usubovun qəbuluna düşmə şərtlərinə gəlincə, Ehsan Zahidov hesab edir ki, nazir yüksək vəzifəli dövlət məmuru olduğundan onun qəbul saatlarından daha faydalı istifadə etməyə ehtiyac var. Ona görə də nazirlə görüşmək istəyənlərin şikayətini öyrənirlər. Əgər problemin daha aşağı instansiyada həll olunma imkanları varsa, şikayətçiləri də müvafiq məmurlara yönəldirlər.
XS
SM
MD
LG