Keçid linkləri

2024, 04 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 12:26

Prezident portretlərin yığışdırılmasını istədi


«Mən əməli fəaliyyətimlə Azərbaycan xalqının yaddaşında qalmaq istəyirəm»
«Mən əməli fəaliyyətimlə Azərbaycan xalqının yaddaşında qalmaq istəyirəm»
Azərbaycan prezidenti bütün şəhər və rayonlardan portretlərinin yığışdırması barədə göstəriş verib. İlham Əliyev bu haqda Nazilər Kabinetində 2008-ci ilin altı ayının yekunları və görüləcək işlərlə bağlı keçirdiyi müşavirədə deyib.

Prezident Aparatı ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov bildirib ki, ölkə başçısı Azərbaycanda seçkinin keçirilməsində tam bərabər şəraitin yaradılmasını tələb edib. Bütün yerli icra qurumlarına müraciət edərək tam demokratik, şəffaf seçkinin keçirilməsi tələblərinin gündəmdə olduğunu söyləyib.

Prezident bildirib ki, seçkidə hamıya bərabər şərait yaradılmalı, seçicilərlə görüş üçün vahid yerlər olmalı, bütün namizədlər həmin yerlərdə tədbir keçirməlidir.
Əli Həsənov: «Buna görə də prezident yerli və mərkəzi icra hakimiyyəti orqanlarına müraciət etdi ki, şəhərin bütün küçə və meydanlarından onun portretləri yığışdırılsın. Bu, həm seçkiqabağı təşviqat dövründə bərabər şəraitin yaradılması tələblərindən irəli gəlir, həm də prezident qeyd etdi ki, ümumiyyətlə, küçə və meydanlarda, parklarda mənim portletlərim olmasın. Prezident dedi ki, mən bu portretlərə ehtiyac duymuram və əməli fəaliyyətimlə Azərbaycan xalqının yaddaşında qalmaq istəyirəm».

«Bütün şəhər və küçələrdə İlham Əliyevin nəfis şəkildə portretləri, şəkilləri və xeyrinə olan şüarlar var». Millət vəkili Pənah Hüseyn Seçki Məcəlləsinin parlamentdə müzakirəsi zamanı belə deyirdi. O, tələb edirdi ki, müxalifət nümayəndələrinə də təbliğat üçün eyni şərait yaradılsın.

Pənah Hüseyn indi də deyir ki, hər tərəfdə İlham Əliyevin portretlərinin yer alması, prezidenti mədh edən mahnıların səsləndirilməsi sovet dövründən qalma avtoritar ənənələrin göstəricisidir. Prezidentin göstərişinə gəlincə, deputat bildirir ki, bununla seçkini demokratikləşdirmək mümkün deyil. O, texniki baxımdan göstərişin necə yerinə yetiriləcəyinə də şübhə etdiyini deyir.

Politoloq Zərdüşt Əlizadənin fikrincə isə bu, elə də ciddi addım deyil:

«2003-cü ildən bu yana vətəndaş cəmiyyətinə, müxalifətə olmazın təzyiqlər göstərilir. Azərbaycan xalqı beş ildir ki, fövqəladə vəziyyətdə yaşayır. Söz azadlığı boğulub, sərbəst toplaşmaq pozulub, jurnalistlərə işgəncələr verilir, siyasi partiyaların maliyyə qaynaqları məhv edilib. Hakimiyyət namizədinin əlində bütün inzibati və maliyyə, informasiya resursları var. Belə olan halda İlham Əliyev böyük səxavət göstərib ki, onun portretləri yığışdırılsın».

«Yeni Müsavat» qəzetinin baş redaktoru, müxalifət liderlərinin seçkidə iştirakının tərəfdarı Rauf Arifoğlu da deyir ki, bu addım seçkinin nəticələrini dəyişmir:

«Müsavat Partiyası İlham Əliyev üçün elə bir şərait yaradıb ki, yerdə qalan namizədlərlə işini qura bilər. Demokratik seçki niyə də keçirilməsin».

Prezident İlham Əliyev 2005-ci il parlament seçkisindən öncə bərabər seçki şəraitinin yaradılması ilə bağlı xüsusi göstəriş imzalamışdı. Lakin seçki ilə bağlı beynəlxalq müşahidəçilərin rəylərində icra strukturlarının bu göstərişdən irəli gələn vəzifələri yerinə yetirmədiyi bildirilirdi.
XS
SM
MD
LG