Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:24

«Azərbaycanın imkanı var ki, seçkidə imicini düzəltsin»


Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi
Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi
Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi «Azadlıq» radiosuna müsahibə verib. Müsahibəni təqdim edirik.

- Azərbaycanda görüşləriniz necə keçdi?

- Mənim Azərbaycan rəhbərliyində olan şəxslərlə bir sıra görüşlərim oldu. Prezidentlə, Xarici İşlər, Daxili İşlər nazirləri, Prezidentin İcra Aparatının rəhbəri, Ədliyyə nazirinin müavini ilə və başqa şəxslərlə. Azərbaycanın indi seçkiönü situasiyaya qədəm qoyduğunu nəzərə alaraq, əsasən seçkini müzakirə edirdik. Seçki məsələsi gənc demokratiya olaraq, demokratik institutların inkişaf etdirilməsi, siyasi diskurs və mədəniyyətin artırılması baxımından Azərbaycan üçün çox önəmlidir. Bu, bizim üçün də önəmlidir. Azərbaycanla münasibətlərimiz bizim üçün vacibdir. Biz Azərbaycanla uzun müddətli, sabit, balanslı, hərtərəfli münasibətlər qurmaq istəyirik. Və bu əməkdaşlığın ən önəmli tərəflərindən biri də demokratik institutların inkişafıdır.

- Yeri gəlmişkən, niyə bu, sizin üçün vacibdir? Bu, Avropa Birliyinin nəyinə lazımdır?

- Cənubi Qafqaz Avropa Birliyi üçün çox vacibdir. Çünki qonşuluqda yerləşən regiondur. Cənubi Qafqaz ölkələrinin müstəqillik qazanmasından sonra bir müddət keçdi ki, Avropa Birliyi həqiqətən də bu ölkələrə ciddi maraq göstərməyə başladı. Amma üzv ölkələr elə əvvəllər də Avropa Təhlükəsizlik Strategiyasını müzakirə etmişdi ki, orada bu regionun bizim üçün xüsusi əhəmiyyət daşıdığı qeyd olunmuşdu. Avropa Birliyinin marağındadı ki, stabil, yaxşı idarə olunan ölkələr tərəfindən əhatə olunsun. Və xüsusilə də, o vaxtdan bəri Avropa Birliyi hərfi mənada Azərbaycana yaxınlaşıb. Rumıniya və Bolqarıstanın üzv olması ilə Avropa Birliyi Qara dənizin sahilinə gəldi və bu da Avropa Birliyinin strateji perspektivlərinə yeni çalarlar gətirdi. Bu ölkələr arasında fərqlər mövcuddur və bu ölkələrlə olan münasibətlərdə də fərqlər var. Azərbaycanla bağlı önəmli faktorlardan biri onun enerji ölkəsi olması və enerji təchizatçısı və potensial tranzit ölkə kimi oynadığı roldur. Bütün bunlar bizim marağımızı oyadır.

- Siz dediniz, Avropa Birliyi stabil, yaxşı idarə olunan ölkələr tərəfindən əhatə olunmaq istəyir. Siz «demokratik» sözünü əlavə etmədiniz.

- Avropa Birliyinin anlayışında yaxşı idarəolunan əlbəttə ki, demokratik deməkdi. Bizim anlamımızda idarəetmənin və bizim əməkdaşlığımızın əsasında hökmən demokratiya, insan hüquqları, qanunun aliliyi və s. dayanır.

- Sizcə, Azərbaycan bu cür ölkədir?

- Azərbaycan keçid ölkəsidir. Bu, o deməkdir ki, sadalanmış məsələlərlə bağlı bir çox işlər hələ həll olunmalıdır.

- Sizin bir çox, o cümlədən prezidentlə görüşünüz olub. Spesifik olaraq, həmin görüşlərdə seçkilə bağlı hansı problemlər barəsində danışdınız.

- Mən prezident və digər rəsmilərlə seçki ilə bağlı məsələlərin bütün spektrinə toxundum. Seçkinin texniki baxımdan necə hazırlanması məsələsinə də toxunuldu. Növbəti həftələrdə diqqət mərkəzində seçkilərlə bağlı şərait olacaq – partiya və namizədlərə öz baxışlarını ifadə etmək üçün yaradılan şərait məsələsi kimi. Biz diqqəti toplaşmaq azadlığı, medianın rolu və iş şəraiti ilə bağlı məsələlərdə cəmləşdirəcəyik.

- Bir az öncə Azərbaycan prezidenti xaricdəki diplomatlarla görüşündə kəskin mesajlar verdi və daha beynəlxalq ictimaiyyətdən gələn tənqidlərə dözümlü olmayacağını bəyan etdi. Həmin çıxışla tanışsınızmı?

- Mən o çıxışla tanışam. Mən əminəm ki, bu keçid dövrünün bütün aspektləri ilə bağlı məsələlərin həlli keçid ölkələrinin, o cümlədən Azərbaycanın özünün marağında olmalıdı. Demokratiya keçid ölkəsində stabilliyin və əmin-amanlığın bərqərar olması, eləcə də bu ölkələrin Avropa Birliyi üçün cazibədar partnyora çevrilməsi üçün əsas şərtdir. Azərbaycan və Avropa Qonşuluq Siyasətində bizim digər partnyorlarla qurduğumuz münasibətlər qanuni təəhhüdlər də olmasa, müəyyən öhdəliklər üzərində qurulub. Azərbaycan və digər ölkələr bu öhdəliklərin altına girməyi özləri qərara alıblar və əməkdaşlıqda gələcək inkişaf və qonşuluq siyasətinin tətbiqi ölkənin bu öhdəlikləri yerinə yetirmək arzusu və hazırlığından asılı olacaq. Eyni zamanda Azərbaycan digər ölkələrlə birgə Avropa Şurası, ATƏT kimi qurumlara daxil olub. Burada formal münasibətlərlə yanaşı monitorinq mexanizmləri də var. Avropa Şurası qarşısında götürülən öhdəliklərin yerinə yetirilmə səviyyəsi də bizim qiymətləndirmə üçün əsasdır. Amma yenə də, mən inanıram ki, ölkə rəhbərliyi də bu fikri mənimlə bölüşər ki, iqtisadi və siyasi baxımdan balanslı keçid uzun müddətli inkişaf və stabillik üçün şərtdir.

- Neft olan ölkə rəhbərliyi üçün Avropa qonşuluğunda yaşayıb, müəyyən öhdəliklər götürmənin nə demək olduğu haqda düşünmüsünüzmü? Nefti olan bir ölkənin daim demokratiya, insan haqları ilə bağlı deyinən təşkilatlarla əməkdaşlıq və öhdəliklər götürmək Sizcə, nəyinə gərəkdir? Neft var, Avropa Birliyinə də neft lazımdı. Daha öhdəliklərə razılaşmaq onların nəyinə lazımdı?

- Biz dəyərlərimiz haqqında danışırıq. Bunlar son yarım əsrdə hamı tərəfindən bölüşülən və Avropada inteqrasiyanın, eləcə də Avropa qitəsinin əmin-amanlığı və təhlükəsizliyi üçün zəmanət verən dəyərlərdir. Əlbəttə ki, biriləri daha dar anlamda təhlükəsizlik və əmin-amanlığı təmin etməyin başqa yollarını üstün tuta bilər. Mən Azərbaycanın Avropa icmasının üzvü olmaq niyyətini anlayıram. Amma mübahisə oluna bilər ki, nefti olan Azərbaycan bu dəyərlər və bu inteqrasiya olmadan da yaxşı yaşaya bilər. Amma məncə, bu, yanlış fikirdir. Bu, həm əmin-amanlıq, həm də təhlükəsizlik birgə mümkündür. Və məncə, bu fikri Azərbaycan cəmiyyəti də, liderləri də bölüşür.

- Deyirsiniz ki, öhdəliklər və strateji qərarlar var. Amma sizcə, bu bəyanatların arxasında real iş də varmı?

- Azərbaycan keçid ölkəsidir və müəyyən məsələlər hələ həll olunmayıb.

- Həll olunanlar nədir? Sadalaya bilərsinizmi?

- Biz qanunvericilik barədə danışırıqsa, qanunların bir çoxu standartlara uyğunlaşdırılıb. Seçki qanunvericiliyinin də böyük hissəsi məsləhətlərə uyğun dəyişdirilib. Amma qanunların qəbulu qədər də onların yerinə yetirilməsi vacibdir. Qanunların qəbulundan sonra diqqət onların icrasına yönəlməlidir.

- Burda rəsmilərlə görüşləriniz zamanı həbsdə üç jurnalistin olması məsələsinə də toxundunuzmu?

- Biz media ilə bağlı məsələlərin tam spektrinə toxunduq, o cümlədən, konkret olaraq, dediyiniz, medianın problemləri ilə bağlı məsələlərə.

- Cavab olaraq nə eşitdiniz?

- Mən söhbətlərin təfərrüatlarına varmaq istəmirəm. Amma vurğulamaq istəyirəm ki, medianın rolu bizim xüsusi önəm verdiyimiz məsələlərdən biridir. Bu məsələ demokratik keçidi üçün çox vacibdir.

- Siz də, amerikalı rəsmilər də ölkəyə gəlib gedirlər və dediklərinə görə, hər gəlişlərində həbsdə olan jurnalistlər barədə danışırlar. Lakin onlar hələ də həbsdədir. Siz əvvəlki gəlişlərinizdə də bu məsələni dəfələrlə müzakirə etmisiniz. Belə çıxır ki, bunun məsələnin həllinə köməyi yoxdur?

- Mən anladığım qədər keçən ilin sonunda bir əfv fərmanı olmuşdu və orada bir neçə jurnalist azadlığa buraxılmışdı. Bunu misal kimi götürə bilərsiniz.

- Ümid edirsiniz ki, indi həbsdə olan üç jurnalist də azadlığa buraxılacaq?

- Dediyim kimi, mən yüksək vəzifəli Azərbaycan rəsmiləri ilə media ilə bağlı bir çox məsələləri müzakirə etmişəm.

- Avropanın Azərbaycana ayırdığı yardım nə qədərdir və bunun nə qədəri demokratiyanın inkişafına yönəldilir?

- Mən dəqiq rəqəmləri bilmirəm.

- Hansı hissəsinin demokratiyaya yönəldiyini necə?

- Mən rəqəmləri yoxlamalıyam.

- Siz deyirsiniz ki, Azərbaycan irəliləyir. Amma beynəlxalq insan hüquqları təşkilatları bu sahədə Azərbaycanın gerilədiyini qeyd edirlər. Sizcə, onlar hamısı səhv qiymətləndirir situasiyanı?

- Yox. Mən deyirəm ki, Azərbaycanda görüləcək hələ çox işlər var. Amma hələ də mütləq proqresdən danışmaq mümkündür. Bu təşkilatların qeyd etdiyi kimi, Azərbaycan başqa ölkələrlə ayaqlaşa bilmirsə də, mən deyərdim ki, istiqamət doğru seçilib. Azərbaycanın indi imkanı var ki, qarşıdan gələn seçkidə öz imicini düzəltsin, və mən ümid edirəm ki, bu, belə də olacaq.

- Sizcə, bunun üçün siyasi iradə varmı?


- Mən inanıram ki, demokratik institutların inkişafı ilə bağlı arzularımızı burda bölüşürlər. Mən rəy vermək, mühakimə yürütmək istəmirəm.

- Niyə də yox?

- Çünki mən inanıram ki, burda dəqiq ölçü vahidi ola bilməz. Mən yanlış fikir deyə və tənqidə tuş gələ bilərəm. Məncə, burada mühakimə hüququ Azərbaycan cəmiyyətindədir.

- Siz enerji məsələlərini də müzakirə edirsinizmi?

- Bəli, bu, münasibətlərin önəmli hissəsidir.

- Ölkədə keçirdiyiniz vaxtın hansı hissəsi enerji məsələlərinin payına düşür?

- Fərqli olur. Bəzən çox, bəzən az. Amma bu məsələnin vacibliyi artır.

- Sizcə, bu məsələnin artan vacibliyi Avropa ölkələrinin Azərbaycanda demokratiya görmək arzularını arxa plana atırmı?

- Məncə, enerji ilə bağlı münasibətləri və demokratiya məsələlərini bir-birinə zidd məsələlər kimi qəbul etmək yanlışdır. Hər halda biz Azərbaycanla münasibətlərimizə bu cür baxmırıq. Biz Azərbaycanla stabil, uzun müddətli münasibətlər istəyirik. Burada iki aspekt birinə qarşı durmur, əksinə gücləndirir.

- Bəzi qruplar burda Avropa rəsmilərinə məktub yazıb, Azərbaycandan neft almamalarını xahiş etmişdi. Bu barədə nə düşünürsünüz?

- Məncə, bu, özünü məğlubiyyətə sürükləməkdi. Bu, hər iki tərəfin marağındadı və anlaşılmalıdır.

- «Freedom House» Azərbaycan və bəzi digər ölkələrdə resurs millətçiliyinin demokratiyaya zərbə vurduğunu qeyd edir. Sizcə, neft istehlakçısı olaraq, Avropa Birliyi ölkələri də bu resurs millətçiliyinə töhfə verir?

- Azərbaycan təcrid olunsa, boykot olunsaydı və hansısa səıbəblərdən Avropa Birliyi ilə münasibətlərinin inkişaf etdirməsinə imkan verilməsəydi, Azərbaycanda demokratiyanın vəziyyəti daha yaxşı olmayacaqdı. Məncə, bu dəhşət olardı, çox neqativ bir durum yaranardı.
XS
SM
MD
LG