Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:36

Qapalı müəssisələrdə səsvermə necə olacaq?


Azərbaycan hökumətinə tövsiyə edilib ki, qapalı müəssisələrdə seçki məntəqələri yaradılmasın
Azərbaycan hökumətinə tövsiyə edilib ki, qapalı müəssisələrdə seçki məntəqələri yaradılmasın
«Seçkilərə hardasa iki həftə qalmış hərbi hissəmizə seçki dairəsinin nümayəndələri gəldilər. Onlar hərbi hissə komandirilə danışandan sonra tabor komandirləri zabitlərə göstəriş verdilər ki, təxminən on gün ərzində bütün əsgərlər təlimatlandırılsın ki, onlar kimə səs verəcəklərini əvvəlcədən bilsinlər».
Bu, ötən il ordudan tərxis olunan zabit Cavid Məmmədovun sözləridir. O, 2005-ci ilin parlament seçkiləri zamanı qulluq etdiyi hərbi hissədə səsverməyə belə hazırlıq getdiyini deyir. Cavidin sözlərinə görə, onlar da zabit kimi yuxarıdan verilən tapşırığı necə lazımdı yerinə yetiriblər: «Gündə üç dəfə- səhər qalxanda, günorta yeməyə gedəndə, bir də axşam «yat» komandası veriləndə əsgərlərə səs verəcəkləri namizədlərin adlarını 20-30 dəfə təkrarlatdırırdıq. Sonra da bir-bir ayrılıqda hər bir əsgərdən kimə səs verəcəyini soruşurduq».

«Azadlıq» radiosuna bu günlərdə zəng etmiş bir qadın da eyni problemdən danışır. Dediyinə görə, seçki saxtakarlığına lazımi əməl etməyən zabitləri cəzalandırıblar.

Avropa Şurası Venesiya Komissiyası isə Azərbaycan hökumətinə tövsiyə edib ki, ümumiyyətlə qapalı müəssisələrdə seçki məntəqələri yaradılmasın. Hərbçilər sıravi sakinlərlə bir yerdə səs versinlər. Komissiyanın tövsiyələrində qeyd olunur ki, yalnız yaşayış yerindən çox uzaqda olduqda hərbi hissələrdə seçki məntəqələri yaradıla bilər. Komissiya üzvlərinin hərbçi olmasına isə tövsiyələrdə ümumiyyətlə icazə verilmir. Həbsxanada da vəziyyət təxminən belədir, yəni həbsxana işçiləri komissiya üzvü ola bilməz. Amma Azərbaycan hökuməti hələ ki bu seçkilərdə də bu tövsiyələri nəzərə almayıb.

AXCP sədrinin müavini Həsən Kərimov deyir ki, əgər vaxtilə Venesiya Komissiyasının tövsiyələri nəzərə alınsaydı ötən parlament seçkilərində 29 saylı Səbayel Seçki dairəsindən başqası yox, o deputat seçiləcəkdi. Bütün məntəqələrdə səsvermədə irəlidə olduğunu deyən cənab Kərimova görə, iki hərbi hissə və bir həbsxanadakı səsvermə rəqib namizəd Fuad Muradovun xeyrinə saxtalaşdırılıb: «Bir məntəqədə mənə 27, digər məntəqədə isə 17 səs yazmışdılar».

Həsən Kərimovun dediklərilə razılaşmayan millət vəkili Fuad Muradov isə hesab edir ki, əslində bir hərbi hissədə o, daha çox səs toplayıb, qalan hərbi hissə və həbsxanada digər namizədlər daha çox səs toplayıb. Fuad Muradova görə, qapalı müəssisələrdə kiminsə səs toplaya bilməməsi saxtakarlığın olması kimi anlaşılmamalıdı.

O, hesab edir ki, bu əslində namizədin həmin müəssisələrdə öz təbliğatını necə qurmasından asılıdır: «Mən Azərbaycanın əksər hərbi hissələrində olmuşam, bu seçkiylə bağlı olmayıb, gənclər təşkilatı olaraq mən hərbi hissələrə baş çəkirdim. Əgər Həsən Kərimov hərbi hissələrdə bir dəfə də olmayıbsa, ona səs verilməyəcəkdi».

Mərkəzi Seçki Komissiyası mətbuat xidmətin rəhbəri Azər Sarıyev isə səslənən fikirlərin inandırıcı olmadığını bildirir. Onun sözlərinə görə, indiyə kimi MSK hərbi hissələrin yaxınlığında və ya hərbçilərin səs verdiyi məntəqələrlə bağlı şikayətlərə rast gəlməyib. Seçkilərdə onlara hərbi hissələrlə bağlı hər hansı şikayət gəlməyib. Hərbi hissələrdə əsgərlərin seçkiyə bir-iki həftə qalmış kimə səs verməklə bağlı təlimatlandırılmasına gəlincə Azər Sarıyev bunu da əsassız ittiham sayır.

Ehtiyatda olan zabit Cavid Məmmədov deyir ki, əsgərləri açıq yox, bağlı, hazır zərflərlə səsvermə otaqlarına göndəriblər. Özü də ciddi nəzarət altında. Cavid Məmmədov deyir ki, ciddi nəzarət onunla bağlı idi ki, hansısa əsgər səsvermə yerinə keçəndən sonra zərfi açıb, başqa namizədə səs verməsin.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG