Keçid linkləri

2024, 16 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 11:10

Peşəsini tərk edənlər...


«Jurnalistlərin problemi təkcə maddi çətinliklərdə deyil»
«Jurnalistlərin problemi təkcə maddi çətinliklərdə deyil»
«Bir tikinti şirkətində fəhlə işləyirəm. Maaşım 450-500 manat arasındadır. Fəhlə işi ağırdır. Ancaq buna məcburam…»
Bu «Gündəlik Azərbaycan» qəzetinin Naxçıvan Muxtar Respublikası üzrə keçmiş əməkdaşı Yafəs Həsənovdur. Yafəs deyir ki, «Gündəlik Azərbaycan» qəzeti bağlandıqdan sonra bir müddət Naxçıvanda «taksi» sürücüsü işləyib. Ancaq deməsinə görə, Naxçıvanda sürücülüyü də ona çox görüblər.

Təzyiqlərdən bu dəfə də Bakıya köçməli olub. İndi onun arzusu yenidən «Gündəlik Azərbaycan» qəzeti kimi bir mətbuat orqanında çalışmaqdır. Bəzi qəzetlərdən təkliflər alsa da, qazancının fəhləlikdən az olacağını düşünüb bu təkliflərə müsbət cavab vermir:

«Mənə deyiblər ki, jurnalist fəaliyyətindən əl çək sənə hər cür şərait yaradarıq. Razılaşmamışam».

Yafəs Həsənov deyir ki, Naxçıvanda ona edilən təklifləri qəbul etməsə də, «Gündəlik Azərbaycan» qəzetinin bağlanması ilə jurnalist fəaliyyətini dayandırmaq məcburiyyətində qalıb.

Nəşri dayanan həmin qəzetin başqa bir əməkdaşı Çingiz Sultansoy isə dənizdə xilasedici işləyir. O, isə yeni peşəsindən narazı deyil: «Dənizdə boğulan insanları xilas edirsən, məncə yaxşıdır».

Ancaq Çingiz Sultansoy deyir ki, jurnalistika fəaliyyətindən tam əl çəkməyib. Bəzi qrant müsabiqələrində yenə də iştirak edir. Ötən il isə «Burulğandan sonra, xilaskar» adlı bir nəsr əsəri yazıb. Deyir ki, orda öz taleyini yazıb. Burulğan mətbuata təzimlərdir, xilaskar isə yeni peşədə onun özüdür. Ötən il 6, bu il isə 3 adamın suda boğulmasının qarşısını alıb:

«Bunun müqabilində mənim jurnalistikadan çəkilmək fikrim yoxdur. Ancaq mənim kapitalım yoxdur ki, istədiyimi yazım, istədiyim kimi yaşayım. Mən hardasa işləməliyəm axı».

Mətbuat Şurasının üzvü, «Azərbaycan» qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov son vaxtlar bəzi jurnalistlərin başqa peşələrə keçmələrini əsasən maddi problemlərlə izah edir. Onun sözlərinə görə, hətta «Azərbaycan» qəzetinin elə əməkdaşları var ki, dövlət qulluğuna keçiblər. Bəxtiyar Sadıqovun sözlərinə görə, mətbuata yardım proqramı qəbul olunmaqla jurnalistikada maddi problemlər tədricən yoluna qoyacaq:

«Bu konsepsiya qəbul olunduqdan və başqa tədbirlər görüldükdən sonra vəziyyət dəyişəcək. Onda jurnalistlər sevimli peşələrini tərk etməyəcəklər».

«Gündəlik Azərbaycan» qəzetinin şef-redaktoru Şahvələd Çobanoğlı isə deyir ki, problem təkcə maddi çətinliklərdə deyil. Onun fikrincə həqiqi və cəsarətli jurnalistika Azərbaycanda təhlükəli peşəyə çevrilib. Üstəlik Şahvələd Çobanoğlu düşünür ki, Azərbaycanda artıq jurnalistika öz nüfuzunu itirməkdədir. O bunu əsasən jurnalistikaya davamlı təzyiqlərlə izah edir:
«Proses daha böyükdür. Bu bir neçə nəfərin öz peşəsini dəyişməsindən ibarət deyil. Bir çox insanlar öz qələmlərini, jurnalistikanın prinsiplərini satırlar».

Şahvələd Çobanoğlu deyir ki, prosesi bir neçə jurnalistin qələmini malaya və ya başqa alətə dəyişməsi kimi dəyərləndirmək düzgün olmazdı. Onun fikrincə bütünlükdə söz azadlığı təhlükədədir…
XS
SM
MD
LG