Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:13

«Ümid edək ki, bu müzakirələrin təsiri olacaq»


«Problemlər həll olunmalıdır ki, bu seçkilər əvvəlkilərdən daha yaxşı olsun»
«Problemlər həll olunmalıdır ki, bu seçkilər əvvəlkilərdən daha yaxşı olsun»
ABŞ Konqresinin Helsinki Komissiyasındakı dinləmələr hansı nəticəni verəcək? Bu dinləmələrdə iştirak edən «Freedom House»un tədqiqatlar direktoru Kristofer Uolker «Azadlıq» radiosuna münasibətini bildirib.
- Bu dinləmələr nə qədər uğurlu keçdi?
- Dinləmələrdə ABŞ-dan üç senator, üç konqresmenin iştirak etməsi faktı göstərir ki, onlar Azərbaycanla indiki əlaqələrə və qarşıdan gələn dövrə necə əhəmiyyət verirlər. Məncə, müzakirələr əhatəli və səmimi idi. Çünki mətbuat nəzarət altında olduğundan adətən, bu cür məsələlərin Azərbaycanın daxilində müzakirəsi çətin olur. Ona görə də bu müzakirələr çox səmərəli idi.

- Sizcə, bu müzakirələrin Azərbaycanda gözlənən prezident seçkilərinə, və ya ümumilikdə Azərbaycanda insan haqlarının vəziyyətinə bir təsiri olacaqmı?

- Ümid edirik ki, bu müzakirələr vəziyyətin yaxşılaşmasına təsir edə biləcək. Xeyli sayda beynəlxalq təşkilatlar bildirirlər ki, bu seçkilərin əvvəlkilərdən daha yaxşı, daha açıq və ədalətli olması üçün çox iş görülməlidir. Venesiya Komissiyası, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu vəziyyətə dair hesabat hazırlayıblar. Onlar da qeyd ediblər ki, çox ciddi problemlər aşkar ediblər. Seçkilərə isə üç aydan da az bir vaxt qalır. Demək seçkilərin azad və ədalətli keçirilməsinə olan ümidlərin doğrulması üçün görün, nə qədər böyük işlər görülməlidir. Bu problemlərin həll olunması lazımdır ki, seçkilər əvvəlki illərin seçkilərindən daha yaxşı olsun.

- Siz bilirsiniz ki, Azərbaycan Prezidentinin İcra Aparatının rəsmisi Sizi və Sizin təşkilatı tənqid edir. Sizin reaksiyanız nədir?

- Bunu xatırlatmağım lazımdır ki, «Freedom House» dünyadakı 193 ölkədə prosesləri təhlil edir. Biz müşahidələrimizdə hər kəs üçün eyni olan metodologiyamızdan istifadə edirik. Hər hansı ayrıca ölkə üçün bir meyarımız yoxdur. Biz Azərbaycandakı media azadlığı, insan haqları, ictimai təşkilatların müstəqilliyi, müxalifətə siyasi proseslərdə iştirak imkanının verilməsi, korrupsiya məsələlərinin öyrənilməsində də çox konkret və dəqiq metodologiyalardan istifadə edirik. Bütün bunların hamısı çox konkret göstəricilər, konkret sahələrdir ki, ölkə bu göstəricilər üzrə geriləməkdədir. Ziddiyyət ondadır ki, sizin iqtisadi inkişafla bağlı çox parlaq göstəriciləriniz, enerji sektorundan yaxşı gəlirləriniz ola bilər. Amma eyni zamanda Azərbaycanda hesabatlıq və şəffaflıq sahəsində heç bir diqqəti çəkən inkişaf görünmür. Məncə, əslində bu problemlərə diqqət yetirilməlidir. Məncə, senatorlar, konqresmenlər və başqaları da müzakirələrdə ona görə diqqəti bu məsələlərə yönəltdilər. Ölkəyə gələn iri həcmli pullarla hökuməti nəzarətdə saxlaya biləcək əsas institutların inkişafı sahəsində çox ciddi ziddiyyətlər, fərqlər var. Enerji sahəsindən gələn milyardlarla dollar pulları idarə edən ölkə üçün şəffaflıq, hesabatlılıq məsələləri ölkə üçün son dərəcə önəmlidir.

- Cənab Uolker, Sizi həm də tənqid edirlər ki, Siz Azərbaycandakı proseslərə o qədər də bələd deyilsiniz. Siz Azərbaycanla bağlı informasiyaları necə toplayırsınız?

- Biz Azərbaycandakı prosesləri bir neçə müxtəlif mənbələr vasitəsilə izləyirik. Bizim həm Azərbaycanda qərargahı olan təhlilçilərimiz var, həm də ora müntəzəm səfərlər edən. Beləliklə, bizim əsas və ikinci dərəcəli mənbələrimiz var ki, onların vasitəsilə fikirlərimizi formalaşdırırıq. Amma məncə, əsas olan odur ki, hesabatlarda detallar və faktlar doğru olsun. Və biz hökumət təmsilçiləri, yaxud başqa tənqidçiləri dəvət edirik ki, bizim işlərimiz haqqında konkret müzakirələr aparaq. Biz nəzərdən qaçırdığımız hər hansı bir məqamla bağlı informasiyaları, tənqidləri alqışlayırıq. Məncə, bu daha faydalı olardı, nəinki, quru sözlərlə bizi qərəzçilikdə ittiham edəsən. Biz işimiz barədə daha konkret faktlarla fikirlər eşitmək istəyirik. Bu hamıya daha faydalı ola bilərdi.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG