Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:08

KQB veteranları iqtisadiyyatı inhisara alır…


«Rusiyaya investisiya qoyaq, yoxsa yox- mən həmişə deyirəm ki, «yox»
«Rusiyaya investisiya qoyaq, yoxsa yox- mən həmişə deyirəm ki, «yox»
«Heritage Capital Management» şirkətinin rəhbəri Bill Brauder «Azadlıq» radiosuna müsahibəsində deyib ki, 1990-cı illərdən bu yana Rusiyada investisiya iqlimi heç vaxt bugünkü qədər bərbad vəziyyətdə olmayıb:
«Adamlar gəlib soruşanda ki, «Rusiyaya investisiya qoyaq, yoxsa yox» mən həmişə soruşuram ki, «maya qoyduğun biznesi nə qədər tez satmaq olar?» Çünki tez satılması mümkün olmayan biznes sonda itkilərə səbəb ola bilər. Mən heç kimə Rusiyaya birbaşa investisiya qoymağı məsləhət görmərəm».
Vaxtı ilə özü Rusiyada iri investisiya paketinin sahibi olan Brauder dəfələrlə korporativ idarəetmə şəraitini tənqid etdikdən sonra 2005-ci ildə bu ölkədən kənarlaşdırılmışdı.
Sonra o biznes ortaqlarını ona məxsus 3 şirkəti ələ keçirməkdə və eləcə də Rsuiya dövlətinin köməyi ilə 230 milyon dollar mənimsəməkdə təqsirləndirib. Ekspert hal-hazırda TNK BP müştərək Rusiya Britaniya neft şirkətinə nəzarət uğrunda gedən münaqişəni vaxtı ilə özünün Moskvanın siyasi və biznes elitalarına qarşı apardığı mübarizə ilə müqayisə edib.
Ötən həftə TNK BP-nin baş rəsmisi Robert Dadli Rusiya hakimiyyət orqanları tərəfindən yeni viza ala bilmədiyindən ölkəni tərk etməli olub. Şirkətin özü isə birdən-birə bir neçə sahədə Rusiya müstəntiqlərinin təzyiqlərinə məruz qalır. Brauder deyir ki, belə vəziyyət kimin isə şirkətə gözü düşdüyündən xəbər verir:
«Kimsə, istər biznes ortaqları, yaxud da dövlət şirkəti ələ keçirməyə səy göstərir. Son bir neçə ay müddətində şirkətlə Dadley barədə az qala 14 istintaq işinin aparılması o deməkdir ki, bunun arxasında kimsə dayanıb. Mən dəqiq deyə bilmərəm ki hücumu kim təşkil edib, amma bunun tam əsasla mütəşəkkil hücum olduğunu deyə bilərəm».
Müşahidəçilərin əksəriyyəti əmindir ki, TNK BP də iri payları olan Rusiya oliqarxları Mixail Fridman, German Xan, Viktor Vekselberq və Lev Blavatnik öz Britaniyalı ortaqlarını şirkətdən sıxışdırıb kənarlaşdırmağa çalışırlar. Yekun mərhələdə şirkətin Rusiyanın «Rosneft» ya «Qazprom» qaz və neft dövlət korporasiyaları tərəfindən alınacağı güman edilir. Bu yaxınlarda isə baş nazir Vladimir Putin iqtisadi forumda ölkənin iri polad və daş kömür korporasiyasının rəhbərinə ünvanlanan hədələri ilə Rusiya bazarlarında tufan törətmiş oldu:
«Bizim «Meçel» adlı mötəbər şirkətimiz var. Onun sahibi və başçısı olan İqor Zyuziny biz bu iclasımıza dəvət etmişdik. Amma o qəfildən naxoşladı. Bu ilin birinci rübündə isə şirkət həmçinin dünya qiymətlərdən iki dəfə aşağı qiymətə xaricə xam mal satıb. Bəs satış qiymətindən mənfəət hanı, bəs dövlətə vergilər? Əlbəttə xəstəlik öz yerində. Amma məncə İqor Vladimiroviç təcili sağalmalı olacaq. Yoxsa biz ona elə həkim göndərərik, ki, bütün problemləri aradan qaldırar».
Putinin həmin çıxışından dərhal sonra İnhisar əleyhinə dövlət xidməti «Meçel»ə qarşı cinayət işi qaldırdı, bir neçə gündən sonra isə Baş Prokurorluq şirkətə qarşı əlavə ittihamlar irəli sürmək niyyətini bildirdi. Əlbəttə ki, həmin xəbərlərdən dərhal sonra «Meçel»in səhmləri həm xarici, həm də daxili birjalarda kəskin şəkildə enməyə başladı.
Təhlilçiərin bir qismim Putinin sözü gedən sərt çıxışını onun ətrafını təşkil edən keçmiş KQB veteranlarının Rusiya iqtisadiyyatının strateji yüksəkliklərini ələ keçirmək səyləri ilə əlaqədədir bir hal kimi şərh edir. Bəziləri «Meçel»ə qarşı hücumlarla «Yukos» neft şirkətinin rəhbəri Mixail Xodorkovskinin işi ilə müqayisə edirlər. 2003-cü ildə onun həbsi və məhkum edilməsindən sonra şirkəti «Rosneft» ələ keçirdi.
XS
SM
MD
LG