Seçki mütəxəssislərinə görə, bir nəfərin bir neçə dəfə səs verməsi üsulu-yəni «karusel» keçmiş postsovet məkanında çox geniş yayılıb. İstər ATƏT-in, istərsə də yerli müşahidəçilərin Azərbaycanda keçirilən seçkilərlə bağlı verdikləri rəylərdə də bir nəfərin bir neçə dəfə səs verməsi hallarının baş verməsindən bəhs edilir.
Əslində beynəlxalq təşkilatların barmağa mürəkkəbin vurulması kimi tövsiyələri də bir nəfərin bir neçə dəfə səs verməsinin qarşısını almaq istəyindən irəli gəlirdi. Seçki Monitorinq Mərkəzinin rəhbəri Anar Məmmədli «karusel» əməliyyatını belə şərh edir:
«Seçki günü qruplar yaradılır. Bu qruplarda 15-20 adam olur. Onlar bir-bir məntəqələri gəzərək dəfələrlə səs verirlər. Bu üsul şərti olaraq «karusel» adlanır…»
Anar Məmmədli deyir ki, Azərbaycanda «karusel» əməliyyatını əsasan icra strukturları həyata keçirirlər. Onlar müxtəlif təlimatlandırılmış insanların avtobuslarla ayrı-ayrı məntəqələrə daşınması prosesini təşkil edirlər. Anar Məmmədlinin sözlərinə görə, hətta barmağa mürəkkəb vurulması halı da bu prosesin tamamilə qarşısını ala bilmir.
Yeni Azərbaycan Partiyası icra katibinin müavini Mübariz Qurbanlı isə deyir ki, keçmiş sovet respublikalarının bir çoxlarına xas olan bu üsul heç də Azərbaycanda yayılmayıb:
«Azərbaycanda müəyyən pozuntular olubsa da, bu seçkilərin nəticələrinə təsir göstərməyib…»
Müsavat Partiyası seçki qərargahının rəhbəri Arif Hacılı isə deyir ki, Azərbaycanda «karusel» üsulunun çeşidli formalarından istifadə edilir. Hətta onun sözlərinə görə belə üsullardan birində bəzi xüsusi təlimatlandırılmış seçicilərə əvvəlcədən işarələnmiş bülletenlər verilir. Arif Hacılı deyir ki, «karusel» əməliyyatının qarşısının alınması sırf hakimiyyətin iradəsindən asılıdır:
«Seçki komissiyaları hakimiyyətin nəzarətindədirsə «karusel» üsulunu yalnız aşkarlamaq olar. Onun qarşısını almaq mümkün deyil».
Seçki eksperti Anar Məmmədli isə deyir ki, «karusel» üsulu ilə mübarizə aparmaq məqsədi ilə seçicilərin maarifləndirilməsi prosesi gücləndirilməlidir. Onun sözlərinə görə, belə əməliyyatlara bir qayda olaraq öz haqqını bilməyən və ya öz haqqına hörmətsiz yanaşan seçicilər müxtəlif şirnikləndirici yollarla cəlb edilərlər.