Pekin Yay Olimpiya Oyunlarında qızıl medal sahibinə hökumət 400 min, Milli Olimpiya Komitəsi isə 200 min manat məbləğində pul mükafatı verəcək.
İyulun 30-da prezident İlham Əliyev Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan nümayəndə heyətini qəbul edərkən belə deyib.
Gənclər və idman naziri Azad Rəhimov tədbirdə bildirib ki, Olimpiyaya hazırlıq üçün bu il 3 milyon 150 min manat vəsait xərclənib.
Azərbaycanı Pekində 10 növ üzrə 44 idmançı təmsil edəcək.
Pekindəki Olimpiya şəhərciyində Azərbaycan Bayrağı avqustun 7-də qaldırılacaq. Oyunların açılış mərasimində Azərbaycan Bayrağını Afina Olimpiadasının qızıl medalçısı Fərid Mansurov aparacaq.
Pekin Yay Olimpiya oyunları avqustun 8-də başlayır.
2004-cü ildə keçirilən Afina Yay Olimpiya oyunlarında Azərbaycan 38 idmançı ilə təmsil olunmuşdu və 1 qızıl, 4 gümüş medal qazanmışdı. Həmin vaxt Azərbaycan 202 dövlət arasında medalların sayına görə, 37-ci yeri tutmuşdu.