Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 13:48

«Bakı bulvarı necə olsun?»


Bakı bulvarı, 30 may 2006
Bakı bulvarı, 30 may 2006
«Can Bakı» verilişi bu sualına cavab axtarıb. Qonaqlar Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin nümayəndələri Nazim Məcidov və Mehdi İsmayılovdur.

Nazim Məcidov deyir ki, təmsil etdiyi idarə 6 aydır fəaliyyətə başlayıb. Bu müddət ərzində bulvarda xeyli işlər görülüb. İlk olaraq illərdir baxımsız qalan ağacların budanması ilə məşğul olublar. Bundan əlavə, bərbad halda olan yaşıl ot örtüklərini qazonla əvəzlənib:

«Oturacaqlar da bərbad halda idi, sayca da az idi. İndi ərazinin bütün hissələri oturacaqlarla təmin olunub. Əhalinin şikayətlərinə əsasən, bulvar boyunca çox qısa məsafələrdə zibil qabları düzülüb. Bulvar indi ona görə təmizdir ki, zibil qabları çoxdur. İndi Bakının yox, həm də Azərbaycanın ən təmiz ərazisi elə bulvardır. Bu məqsədlə Almaniyadan xüsusi texnika almışıq. Bu maşınlar ərazinin çirklənmə səviyyəsindən asılı olaraq zibilləri təmizləyirlər».

Nazim Məcidov bildirdi ki, vətəndaşların şikayətlərinə əsasən bulvarda velosiped sürülməsi qadağan edilib. Hələlik bu ərazidə yalnız səhər saat 6-8 aralığında velosiped sürmək olar.

Dinləyicilərin bulvardakı qiymətlərin baha olması ilə bağlı iradlara cavab verən N.Məcidov dedi ki, orada fəaliyyət göstərən ticarət obyektləri müstəqildir. Onlar müqavilə əsasında işləyirlər, qiymətləri həmin təşkilatların özləri müəyyənləşdirir. Onların fəaliyyətinə Vergilər Nazirliyi nəzarət edir.

Bulvardakı bir sıra tikililər «Cinema-klub», Uşaq Teatrı, Biznes Mərkəzinin sökülməsinə gəlincə N.Məcidov dedi ki, bu obyektlər öz gözəlliklərini itiriblər və iqtisadi xeyirləri də qalmayıb. «Həm də oradakı texnika da çoxdan köhnəlib. Odur ki, bu obyektlərin sökülməsi tam qanunidir».

Nazim Məcidov bulvarda əxlaqsız hadisələrin baş verməsi ilə bağlı dinləyicilərin iradı ilə razılaşmadı:

«Bulvar idarəsinin rəhbərliyi parkda gəzintiyə çıxan, skamyada oturan insanların yaxından söhbət etməyinə necə müdaxilə edə bilər? Necə deyə bilərik ki, siz niyə bu dərəcədə yaxın oturmusunuz? Biz bulvarda elə böyük bir əxlaqsızlıq görmürük. Sadəcə gənclər arasında mehriban oturub, mehriban söhbət edənlər olur. Hər halda bulvarda baş verənlər vətəndaşların televiziya vasitəsilə gördüyü bir çox filmlərdə olan hadisələrdən çox-çox mədəni görünür».

Mehdi İsmayılov bulvardakı attraksionlarla bağlı sualları cavablandırdı. Dediyinə görə, yaxın 6 ay ərzində bu attraksionların hamısı dəyişdiriləcək. Hələlik isə onlar hər gün texniki baxışdan keçirilir.

Buna da bax:

XS
SM
MD
LG