Keçid linkləri

2024, 09 May, Cümə axşamı, Bakı vaxtı 05:26

«Əbu Cəfər»in qrupuna hökm oxundu


Terrorçu təşkilatın sıralarında 17 nəfər olub
Terrorçu təşkilatın sıralarında 17 nəfər olub
Azərbaycanda qanunsuz silahlı birləşmə yaratmaqda, «Əl-Qaidə» və «Əl-Cihad» beynəlxalq terrorçu təşkilatlarla əlaqəsi olan «Əbu Cəfər» qrupuna iyulun 28-də hökm oxunub. Ağır Cinayətlərə dair İşlər Üzrə Məhkəmənin hökmüylə dəstənin başçısı hesab edilən Əbu Cəfər 14, daha bir üzvü 12 il, qalanları isə müxtəlif müddətlərə azadlıqdan məhrum edilib. Qrupda ümumilikdə 17 nəfər olub.

«Təhlükəsizlik» Araşdırmaları Mərkəzinin rəhbəri İlham İsmayıl hesab edir ki, terrorçuluqda ittiham olunan bu qrupların qarşısı vaxtında alınmalıdı. O, hesab edir həmin qruplar zərərsizləşdirilməsə, bu Azərbaycan üçün ciddi problemlər yarada bilər: «Ciddi tədbirlər görülməsə, hətta sonradan Azərbaycanda «Həmas», «Hizbullah», «Əl-Qaidə» kimi təşkilatlar yarana bilər. Yaxud həmin təşkilatların necə deyərlər, filialları formalaşar. Bunların qarşısı mütləq alınmalıdı».

İlham İsmayıla görə, Azərbaycan müsəlman ölkəsi olduğundan terrorçu qrupları idarə edənlərin məqsədi Amerikanın, Qərbin maraqlarına zərbə vurmağa yönəlib. Ekspert bildirir ki, burda hakimiyyətin də müəyyən siyasi marağı olmamış deyil. İlham İsmayıla görə hadisə baş versə də, burda şişirtmələr var. Yəni iqtidar demokratiya çağırışları edən Qərbə bir növ mesaj vermək istəyir ki, hakimiyyətin alternativi radikal islamçılar ola bilər. Azərbaycanda teokratik dövlətin yaranması isə ölkəyə iqtisadi yatarım qoymuş dairələr üçün arzuolunmaz haldır.

«Şərq-Qərb» Araşdırmaları Mərkəzinin rəhbəri Ərəstun Oruclu hesab edir ki, bu məsələdə şişirtmə Qərbə təsirlə yanaşı cəmiyyəti də qorxuzmağa yönəlib: «Kütləvi həbslər, hansısa qrupun, dəstənin həbsi insanlarda istər-istəməz şüuraltı bir qorxu yaradır».

Ərəstun Oruclu da hesab edir ki, Qərbdə bu cür hakimiyyətləri öz maraqları naminə müdafiə edənlər də, Azərbaycanda daha antidemokratik qurumların hakimiyyətə gələ bilməsi məsələsini qabardırlar. Ərəstun Orucluya görə, bu təbliğat da tam effektsiz ötüşmür. Ötən iki ildə Azərbaycanda «Əl-Qaidə» və «Əl-Cihad» kimi beynəlxalq terrorçu qurumlarla əlaqələrə malik, həmçinin əməllərində dövlətə xəyanət, hakimiyyəti zorla ələ keçirməyə cəhd edən 3 radikal-ekstremist, silahlı dəstə zərərsizləşdirilib. Onların tərkibinə daxil olan 40 nəfər həbs olunub, müqavimət göstərdiyinə görə 1 nəfər məhv edilib.

Ancaq ekspertlər onu da deyirlər ki, qanunvericilikdə boşluqlar var və bu terrorçu qrupları əslində Azərbaycan hələ də terrorçu kimi tanımayıb. Bu faktın özü də hüquq-mühafizə orqanlarının terrorçularla işinə mənfi təsir göstərir.
XS
SM
MD
LG