Keçid linkləri

2024, 05 Oktyabr, şənbə, Bakı vaxtı 11:22

Emin Hüseynov polisləri məhkəməyə verib


RATİ rəhbəri hesab edir ki, polis əməkdaşlarının fiziki basqısı ilə üzləşməsi qanunsuzdur
RATİ rəhbəri hesab edir ki, polis əməkdaşlarının fiziki basqısı ilə üzləşməsi qanunsuzdur
Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun (RATİ) rəhbəri Emin Hüseynov iyulun 24-də Daxili İşlər Nazirliyini, Nəsimi Rayon Polis İdarəsini və bu idarənin 22-ci polis bölməsini məhkəməyə verib.

Media Hüququ İnstitutundan verilən məlumata görə, iddia ərizəsi Nəsimi Rayon Məhkəməsinə təqdim olunub. RATİ rəhbəri hesab edir ki, «Alaturka» kafesində toplantıya imkan verilməməsi, toplantıda saxlanılıb polis bölməsinə aparılması, polis əməkdaşlarının fiziki basqısı ilə üzləşməsi qanunsuzdur. İddia təmin olunarsa, cavabdehlər Emin Hüseynova 150 min manat təzminat ödəməli olacaqlar.

E.Hüseynov iyunun 14-də «Alaturka» kafesində məşhur kubalı inqilabçı Ce Gevaranın 80 illik yubileyi münasibətilə «Ce Gevara fanatları kulubu»nun təşkil etdiyi tədbir dağıdılarkən Nəsimi rayon 22-ci polis bölməsinin əməkdaşlarının təzyiqlərinə məruz qalıb. O, təzyiqlərin təsirindən huşunu itirib. Polislər tibbi yardım çağırmaqdan da imtina ediblər. RATİ sədri hadisə yerinə gələn hüquq müdafiəçilərinin yardımı ilə xəstəxanaya aparılıb, 20 gündən artıq tibbi yardım alıb, onun müalicəsi bu gün də davam edir.

E.Hüseynovun iddia ərizəsini Media Hüququ İnstitutunun vəkil və hüquqşunaslarından Rəşid Hacılı, Xalid Ağaliyev və Elçin Sadıqov hazırlayıb. İddia ərizəsində göstərilir ki, E.Hüseynovu 22-ci polis bölməsi əməkdaşlarının döyməsindən bir ay keçsə də, faktın araşdırılması ilə bağlı lazımi hüquqi addımlar atılmayıb, E.Hüseynovu döyənlərə cinayət işi açılmayıb, hadisənin istintaqı ilə bağlı heç bir bilgi verilməyib, RATİ sədri tibbi ekspert rəyi ilə tanış edilməyib. Müdafiəçilər hesab edirlər ki, bu, E.Hüseynovun Azərbaycan qanunlarında və beynəlxalq konvensiyalarda nəzərdə tutulan hüquq və azadlıqlarının ciddi pozuntusudur.

Müdafiəçilər Nəsimi məhkəməsindən xahiş edirlər ki, «Alaturka» kafesindəki dinc toplantıya imkan verilməməsini, E.Hüseynovun döyülməsini, zorla polis bölməsinə aparılmasını qanunsuz hərəkət hesab edən, habelə zərərçəkənin keçirdiyi mənəvi sarsıntılara, ağrılara görə cavabdehlərin hər birinin üzərinə 50 min manat (cəmi 150 min manat) təzminat qoyulmasını nəzərdə tutan qətnamə qəbul etsin. / Media Forum /
XS
SM
MD
LG