Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:01

Sələm burulğanı…


Sələmçi vergi ödəmirsə, onun fəaliyyəti qanunsuzdur
Sələmçi vergi ödəmirsə, onun fəaliyyəti qanunsuzdur
Dürdanə xanım deyir ki, bir neçə qohum yığılıb bir nəfərə 5-6 faizlə sələm veriblər, neçə ildir ki, onu qaytarmır. Hətta iş məhkəməyə qədər gedib çıxıb, amma pul hələ də qaytarılmayıb.

Dürdanə xanım deyir ki, onlardan sələmə pul götürən şəxs özü də kimlərərsə yuxarı faizlə sələm verirmiş.

«Viza» Hüquq Firmasının prezidenti Aslan İsmayılov bildirir ki, əslində fərdi şəxslər hansısa faizlə kiməsə sələm verirlərsə və buna görə vergi ödəmirlərsə bu qanunsuzdur. Bu baxımdan o hesab edir ki, həmin adamlar kiməsə pul verdiklərini qanuniləşdirdikləri halda məhkəmə yoluyla tələb edə bilərlər: «Bu, Azərbaycan üçün çox problemli məsələdir. Bu sahədə maariflənmə olmadığına görə, bu dəqiqə onlarla qadın dələduzluq ittihamıyla yatır».

Aslan İsmayılov deyir ki, adamlara təcili pul lazım olur və bu zaman onlar faizin yüksək olmasına elə də diqqət yetirmir. Cənab İsmayılova görə, faiz çox yuxarı olduğundan adamlar həmin faizi qaytarmaq üçün başqalarından pul götürməyə məcbur olurlar: «Və belə-belə adamlar burulğana düşürlər, sonra da polis cinayət işi qaldırır ki, pulu qaytara bilməyən adamlar dələduzluqla məşğuldurlar».

Sələmçilər batmış pullarını əsasən iki yolla geri qaytarmağa cəhd edirlər. Bu yolun biri məhkəməyə müraciət etməkdisə, digər yolu da qanunsuz fəaliyyət göstərən dəstələrin xidmətindən istifadədi. Birinci yol qanuni yol olduğu üçün hər şey məhkəmənin çıxardığı qərardan asılı olur. Amma ikinci yol belədir ki, özlərini «problemli kreditlər üzrə mütəxəssis» adlandıran şəxslər bu işi borclu adamlara hədə-qorxu gəlməklə həll edirlər. Şərti olaraq Vaqif Quliyev adlandırdığımız həmin şəxslərdən biri deyir ki, onlar sələmçilərin pulunu qaytarmayanlara, krediti vaxtında verməyənlərə qarşı sərt tədbirlərdən istifadə edirlər. Onların atdığı addımlar özləri də etiraf edirlər ki, tam qanunsuzdur. Vaqif Quliyev deyir ki, hətta borcu qaytarmayan adamları yaxınlarını, ailəsini, uşağını oğurlamaqla hədələyirlər, təki həmin adam borcunu qaytarmağa razı olsun və ya qaytarsın. Vaqif deyir ki, bu cür addımlar atmalarına baxmayaraq onların indiyə qədər hüquq-mühafizə oqranlarıyla hər hansı problemləri yaranmayıb.

Həmsöhbətim həm də deyir ki, onların hədə-qorxu gəldiyi adamlar heç vaxt bu barədə polisə şikayət etmirlər. Çünki onlar sonradan problemlə üzləşəcəklərindən qorxurlar. Vüqarın sözlərinə görə, hətta borcu qaytara bilməyən adamları məcbur edirlər ki, evlərini, maşınlarını real qiymətindən aşağı satıb borclarının qaytarsınlar.

Hüquqşünas Aslan İsmayılov isə hesab edir ki, sələmçiliklə məşğul olan şəxslərin fəaliyyəti qanunsuzdur. Burda cinayət tərkibi var. Onun sözlərinə görə, bir qanunsuz hərəkətin arxasında daha bir qanunsuzluq gəldiyindən hədə-qorxuya məruz qalanlar bu barədə dərhal hüquq-mühafizə orqanlarına müraciət etməlidilər.

İqtisadçı ekspertlərsə sələmçilərin əlində olan pulun elə də az məbləğ olmadığını deyirlər. Ekspertlər vergidən yayınan bu pulların 10 milyonlarla manatdan artıq olduğunu düşünürlər. Hüquqşünas Aslan İsmayılova görə, aldığı sələmi ödəyə bilmədiyi üçün dələduzluq ittihamıyla adamları həbs etməkdənsə yaxşı olar ki, vergi və hüquq-mühafizə orqanları sələmçilərə qarşı ciddi mübarizə aparsınlar. O hesab edir ki, bu həm də qanunsuz fəaliyyətlə məşğul olanların cinayətkar qrupların köməyindən istifadəsinə də birdəfəlik son qoyar.

Daxili İşlər Nazirliyində isə hesab edirlər ki, vətəndaşlar arasındakı borcu zor gücünə həll edən dəstələrin olması inandırıcı deyil. Nazirliyin Mətbuat Xidmətinin əməkdaşı Ehsan Zahidov deyir ki, əgər belə hallar varsa vətəndaş dərhal hüquq mühafizə orqanlarına müraciət etməlidir.

Vergilər Nazirliyində bu sahədə hansı işlər görülür, bu barədə nazirlikdən konkret məlumat almaq mümkün olmadı.
XS
SM
MD
LG