Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:17

«Bütün parklar mühasirəyə alınıb…»


Əksər parklar niyə eyni vaxtda və məhz yayda bağlanır, bu suala rəsmi cavab ala bilmədik
Əksər parklar niyə eyni vaxtda və məhz yayda bağlanır, bu suala rəsmi cavab ala bilmədik
«Bütün parklar mühasirəyə alınıb, hasar çəkilib sərhədlər qurulubdur. Halbuki bunun birini-ikisini təmir etmək olardı. Ancaq istidə, yayın bu vaxtında, adamların parka ehtiyacı olduğu bir vaxtda təmir aparılması məncə bir o qədər də yaxşı deyil».

Filologiya elmləri namizədi Mahmud Allahmanlı danışır ki, indi Bakıda əksər park və bağların ətrafı hasarlanıb. Təmir-bərpa işlərinin aparılması nəzərdə tutulsa da, bəzilərində heç daşı-daş üstünə qoymayıblar, əziyyət çəkənsə elə camaatdır. Amma parkların çəpərlənməsindən elə də narazı olmayanlar var.

Paytaxt sakinlərinin fikirləri:

«Demək olar ki, yaşlı insanlarım bu dəqiqə oturmağa, dincəlməyə yeri yoxdur;

Ağacları qorunmasına, genişləndirilməsinə xüsusi diqqət verilməlidir. Müəyyən yerlərdə parkların ağaclarının kəsib, orada binalar tikirlər. Bu hal yolverilməzdir;

Təmir bəzən vətəndaşlarda narahatçılığa səbəb olur, amma buna heç bir əsas yoxdur. Yeniləşir, gözəlləşir, parklar elə-belə heç nədən çəpərlənməyiblər;

Bizim park anlayışımız nəyəsə görə Avropa anlayışından fərqlənir. Hər yer mərmərlə döşənir, məncə yaşıllıq daha çox olsa yaxşıdır. Bakının ekologiyası pis gündədir».

Bəzi ekspertlər hesab edir ki, indi şəhərin mərkəzindəki parkların əksəriyyətinin hasarlanmasının başqa mənası da var. Məhz prezident seçkiləri öncəsi hasarlamalar bir tərəfdən abadlaşmaya tuşlansa da, digər tərəfdən əhalinin bir yerə sərbəst cəmləşməsini daha da məhdudlaşdırır. Amma hakimiyyət təmsilçiləri bu fikirlə razılaşmırlar və deyirlər ki, hakimiyyət aksiyalar üçün xüsusi yerlər ayırıb.

Səbail rayon İcra Hakimiyyətindən deyirlər ki, paytaxtdakı bütün parklar şəhər meriyasının balansındadır. Təmir işlərinə də məhz o struktur nəzarət edir. Əksər parklar niyə eyni vaxtda və məhz yayda bağlanır, bu suala rəsmi cavab ala bilmədik.

Ekspertlərin təxmini hesablamalarına görə, bu ilki büdcədən parklarda fəvvarə və hovuzların tikintisinə 11 milyon manatdan artıq vəsait ayrılıb. Ancaq bu rəqəmi iqtisadçılar kiçik məbləğ hesab edirlər.

«Media Forum» saytının baş redaktoru Azər Qaraçənli deyir ki, son vaxtlar parkların yenidənqurulmasına bu qədər vəsaitin ayrılmasının əslində iki səbəbi var. Bir tərəfdən hökumət siyasi xal qazanmaq istəyir, digər tərəfdənsə, bu yolla küllü miqdarda pul mənimsənilir.

«Mənə elə gəlir ki, parkların təmiri seçkiqabağı hakimiyyətin öz təbliğatını gücləndirmək üçün gördüyü işlərdir. Hazırda Azərbaycana böyük neft pulları gəlir və bu pullar əsasən bu cür işlərə, yolların tikilişinə, parkların, binaların təmirinə, körpülər salınmağa xərclənir».

Bu ilin əvvəlindən dövlət hesabına təmirdən sonra Nizami, Sabir adına parkların, Əziz Əliyev küçəsi ilə Neftçilər prospektinin kəsişməsindəki, bir də Nazirlər Kabinetinin qarşısındakı parkların açılışı olub.
XS
SM
MD
LG