Keçid linkləri

2024, 08 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 04:59

«Bizdə sahibkarlar məmurların özləridi»


Ekspertlər hesab edirlər ki, banklar uzun müddətli kredit verməkdə maraqlı deyillər
Ekspertlər hesab edirlər ki, banklar uzun müddətli kredit verməkdə maraqlı deyillər
Qubadakı «Aygün» xalçaçılıq firması yaxın vaxtlarda fəaliyyətini dayandırmağı planlaşdırır. Firmanın rəhbəri Fatma Ağamirzəyeva deyir ki, indiki kredit şərtlərilə bizneslə məşğul olmaq, müəssisə işlətmək müşkül məsələdir. Bu baxımdan o, bir müddət əvvəl aldığı kreditin ödənilib qurtarmasını gözləyir: «Mən kredit almaq istəyəndə bank da razılıq verəndən sonra 8 ay Milli Fondda süründüm. Səkkiz ay müddətində tikinti materialları, daş, taxta, şifer hər şey bahalaşdı. Mən krediti ödəyəndən sonra sahibkarlıq fəaliyyətimi dayandıracağam».

Fatma Ağamirzəyeva deyir ki, hər şey hazır olanda isə istehsala başlaya bilməyib.

Krediti Sahibkarlığa Kömək Milli Fondunun xəttilə alan həmsöhbətim deyir ki, 10-a yaxın banka müraciət edib və onların da hərəsi bir şərt irəli sürüb:

«Kredit sahəsində bizdə hələ heç irəliləmə yoxdu. Get hər hansı banka, sənə elə şərtlər deyəcəklər özün geri dönəcəksən. Tanışsız, şapkasız 99 faiz kredit götürmək mümkün deyil».

Fatma Ağamirzəyevaya görə, bu gün Azərbaycanda xırda və orta bizneslə məşğul olanların vəziyyəti çox pisdi. Onların hüquqları hər addım başı pozulur: «Əgər göstərirlərsə xırda və orta sahibkarlıq inkişaf edir, bunun hamısı məmurlarındı, bizdə məmurlardan başqa sahibkar yoxdu, sahibkarlar məmurların özləridi».

Tacirlər və İstehsalçılar Birliyinin sədri Sevgim Rəhmanov isə hesab edir ki, əvvəlki illərlə müqayisədə indi bizneslə məşğul olanların istənilən bankdan kredit götürməsi problem deyil. Onun sözlərinə görə, əksinə əgər əvvəllər kredit alınması uzun müddət çəkirdisə, indi kredit verən banklar bu məsələdə bir-birilə rəqabət aparırlar.

Sevgim Rəhmanova görə, indi xaricdən gətiriliən avtomobillər əsasən kreditlə alınır. Birlik rəhbərinə görə, indi banklar uzunmüddətli kreditlərə ehtiyatla yanaşırlar, onlar daha çox qısa müddətli kreditlər verməkdə maraqlıdırlar. Sevgim Rəhmanova görə, burda əsas məsələ kommersiya bankların təklif etdiyi faizdi. Faiz dərəcələri yuxarı olduğundan bu banklardan kreditləri əsasən avtomobil alverilə, topdan satış ticarətlə məşğul olanlar götürür.

Sevgim Rəhmanov deyir ki, hələ xeyli əvvəl onlar təklif etmişdilər ki, neft pullarından kiçik və orta biznesin inkişafına aşağı faizlərlə kredit verilməsi üçün 5-10 milyon manat pul ayrılsın.

Azad İqtisadiyyata Yardım Mərkəzinin rəhbəri Zöhrab İsmayıl isə hesab edir ki, indi kommersiya banklarından kreditlərin götürülməsi əsasən girov qoymaqla mümkün olur. Burda kifayət qədər yüksək faiz olduğundan müştərilərdən əlavə pul istənilmir. Zöhrab İsmayıla görə Sahibkarlığa Yardım Fondunun verdiyi kreditləri iş adamları elə də asanlıqla ala bilmirlər.

İqtisadi İnkişaf Nazirliyi mətbuat xidmətinin rəhbəri Abbas Əliyev isə deyir ki, üç il ərzində otuzdan çox bank və kredit təşkilatı vasitəsi ilə yeddi minə yaxın sahibkara 7 faizdən yuxarı olmamaq şərti ilə kredit verilib. Abbas Əliyev deyir ki, indiyə qədər hansısa sahibkardan qeyri-rəsmi ödənişlər alınmasıyla bağlı nazirliyə şikayət olunmayıb.
XS
SM
MD
LG