Keçid linkləri

Təcili xəbərlər
2019, 19 Sentyabr, Cümə axşamı, Bakı vaxtı 13:40

Əsgər analarını F.Ələsgərovun köməkçisi qəbul edib


Şikayətçilər. 1 noyabr 2018

Qarabağ uğurunda döyüşlərdə həlak olan insanlardan bəzilərinin ailə üzvləri, bu gün-noyabrın 1-də yenidən Prezident Administrasiyası önünə toplaşıblar.

Onlar yenə ölkənin ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olan insanlara verilən birdəfəlik müavinəti ala bilmədiklərindən şikayətləniblər.

Qarabağ döyüşlərində həlak olanların ailə üzvləri bundan əvvəl, sonuncu dəfə oktyabrın 30-da Prezident Administrasiyası önünə toplaşmışdılar. Demələrinə görə, onları noyabrın 1-də prezidentinin Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri Fuad Ələsgərovun qəbul edəcəyi ilə bağlı vəd alıblar.

Noyabrın 1-də isə vurğuladıqlarına görə, onları yalnız F.Ələsgərovun köməkçisi qəbul edib.

Qəbuldan çıxanlardan Səlimnaz Allahyarova Azadlıq Radiosuna deyib ki, heç bu hal onları qane etməyib: «Köməkçi dedi ki, məsələ araşdırılacaq. Ancaq bu məsələ nə vaxta kimi araşdırılacaq? Bilmirik dərdimizi kimə deyək? Biz yorulmuşuq. Prezidentdən xahiş edirəm ki, bizim qayğımıza özü qalsın...».

Bəzi əsgər anaları da üzləşdikləri durumu təhqir kimi dəyərləndirərək prezidentdən kömək istəyiblər.

Onlar bundan əvvəl də bir neçə dəfə Milli Məclisin, Prezident Administrasiyasının və başqa dövlət qurumlarının qarşısına toplaşaraq şikayətlərini səsləndiriblər.

Xatırlatma

Prezident İ.Əliyev 1997-ci il avqustun 2-dək Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olan və ya xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilən hərbi qulluqçuların vərəsələrinə birdəfəlik 11 min manat ödənilməsi barədə fərman imzalayıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi isə oktyabrın 9-dan sənədlərin qəbuluna başlayıb.

Bəzi ailələrin də narazılığı bundan sonra başlayıb. Onların demələrinə görə, həlak olan yaxınlarının soyadını, adını və atasının adını uyğun sayta daxil edəndə sığorta ödənişinin həyata keçirildiyi barədə informasiya ilə qarşılaşırlar.

Dövlət Sığorta Kommersiya Şirkəti (Azərsığorta) də məsələyə münasibət bildirib. Şirkət yaydığı açıqlamada həmin ailələrin səsləndirdiyi iddianın doğru olmadığını vurğulayıb: «1991-1997-ci illərdə hərbi xidməti vəzifəsini yerinə yetirərkən həlak olmuş və itkin düşmüş hərbi qulluqçuların varislərinə ödəniş daha əvvəl edilib. Həmin dövrdə «Hərbi qulluqçuların dövlət icbarı şəxsi sığortası haqqında» Qanuna əsasən, varislərə 50000 – 200000 manat məbləğində sığorta ödənişi həyata keçirilib...».

Bir sıra ekspertlər isə deyirlər ki, şirkətin dediyi vaxt 50 min manat indiki kursla 20 dollardan belə azdır. Onlar vurğulayırlar ki, prezidentin fərmanında isə 11 min manat ödəmədən söhbət gedir. Həmin ekspertlərin fikrincə, ən pis halda indiki kursla həmin məbləğin qalan hissəsi ödənilməlidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG