Keçid linkləri

2024, 05 Dekabr, Cümə axşamı, Bakı vaxtı 07:25

‘Həyat yoldaşımı qorumaq istəyirdim, polislər başımıza oyun açdı...’


"Mən həyat yoldaşımı qorumaq istəyirdim. Amma polislər mənim avamlığımdan istifadə eləyib başımıza bu oyunu açdılar...", – Bakı sakini Günay Babayeva məhkəmədə belə deyib.

Onun həyat yoldaşı Rəfael Babayev Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunur. O, külli miqdarda narkotik satışında ittiham edilir, evindən 7 kiloqram narkotik tapıldığı iddia olunur.

Amma Rəfael Babayev deyir ki, bu yalandır, həmin narkotiki evlərinə polis əməkdaşları özləri qoyub, özləri də götürüblər.

41 yaşlı Rəfael təsdiqləyir ki, narkotik istifadəçisi olub, hətta şəxsi istehlak miqdarından artıq narkotik əldə edib saxlamağa görə bundan öncə iki dəfə məhkum edilib. Deyir ki, ailəsini, övladını düşünüb bu yoldan çəkilmək istəsə də, iradəsi çatmayıb. Bu pis vərdişdən əl çəkə bilmədiyini görüb intihara da cəhd edib:

"Amma heç vaxt narkotik satmamışam. Bu məqsədlə narkotik əldə edib saxlamamışam. İstintaqda da mənim ifadəmi saxtalaşdırıblar. Mən xalq düşməni deyiləm axı, niyə mənimlə bu cür davranırlar, başa düşmürəm. Rəhmətlik Heydər Əliyev deyirdi ki, dövlət iki halda sarsılır: günahsız cəzalandırılanda, bir də günahkar cəzasız qalanda. Məni nahaqdan şərləyirlər".

Babayevin sözlərinə görə, yanvarın 12-də gecəyarı polislər evlərinə hücum ediblər. Onun sözlərinə görə, özlərilə gətirdikləri bağlamanı da yataq otağına qoyublar:

"Gecə elə hücum elədilər, nə baş verdiyini də bilmədim".

Məhkəmədə məlum olub ki, həbsindən öncə həyat yoldaşı Günay Babayeva Abşeron Rayon Polis Şöbəsinə şikayət edib. Bu barədə məhkəmədə danışan Günay Babayeva deyir ki, o, həyat yoldaşını ölümdən qorumaq istədiyi halda, polislər onu aldadıblar.

Bundan bir neçə gün öncə həyat yoldaşı narkotik üzündən intihara cəhd göstərdiyi üçün çıxış yolu kimi, onun bir müddət təcrid olunmasını görüb:

"Gedib polis idarəsində dərdimi danışdım. Dedim ki, bu adam öləcək. İstəyirdim ki, 1-2 il həbsə göndərsinlər. Dedilər ki, "yaxşı, bir ərizə yaz". Nə diqtə elədilər, mən də onu yazdım, heç sözlərin fərqinə varmadım. Mən onu qorumaq istəyirdim. Mən nə bilim ki, avamlığımdan istifadə edib, başımıza bu oyunu açacaqlar".

Ərizədə yazılıb ki, evlərinə Rafael Babayevin yanına özü kimi narkotik istifadəçiləri gəlir. Onlara narkotik satır, birlikdə istifadə edirlər.

Günay Babayeva məhkəmədə bildirib ki, həyat yoldaşı özü narkotik istifadəçisi olsa da, narkotik satışıyla məşğul olmayıb.

Onların hər ikisi məhkəmədən ədalətli qərar çıxarmağı xahiş ediblər.

Rəfael Babayevə qarşı CM-in 234.4.3 (satış məqsədilə külli miqdarda narkotik maddə əldə etmə, saxlama, daşıma) maddəsilə ittiham irəli sürülüb. Bu maddədə 5 ildən 12 ilədək həbs cəzası nəzərdə tutulub.

XS
SM
MD
LG