Gülnar Əmənova bu ilin mayında Sumqayıtda Mərkəzi bazarın yaxınlığındakı dükanların birində bıçaqlanmışdı. Rəsmi nikahları olmasa da, ər-arvad kimi yaşadığı Seymur Abdullayev ona bir neçə bıçaq zərbəsi vurub. Amma Gülnar 12 gün sonra xəstəxanada həkim səhlənkarlığından həyatını itirib. İstintaq və məhkəmə araşdırmalardan sonra belə nəticəyə gəlib.
Ona görə də S.Abdullayevə qəsdən adam öldürmə yox, bu əmələ cəhd ittihamı verilib. Noyabrın 22-də elə bu ittihamla da ona 15 il həbs cəzası kəsilib. Məhkəmənin kəsdiyi bu cəza prokurorun istəyi ilə üst-üstə düşüb.
Hərçənd, prokurorun 15 il cəza tələbindən sonra Gülnarın atası Şaməddin Əmənov narazı qalıb: «Bu necə olur, adicə evlənmək üçün qız qaçırana 10-12 il cəza verirlər, adam öldürənə 15 il? Belə ədalətsizlik olar? O, qızımı insanların, məktəblilərin gözü qarşısında vəhşicəsinə öldürüb. Mən qızımı ömürlük itirmişəm, ona da ömürlük cəza verilməlidir».
Zərərçəkmişin sözlərinə görə, S.Abdullayev əvvəllər də məhkum olunub. Birinci dəfə hərbi xidmətdə olanda 4 il həbs cəzası alıb. Daha sonra xuliqanlığa görə də cəzalandırılıb.
Seymur isə deyir ki, öldürmək niyyəti olmayıb, affekt vəziyyətdə bu əməli törədib: «Mən onu öldürmək istəmirdim. O mənim anamın gəlini idi. Telefondakı zəngləri görəndə əsəbiləşdim, başqasıyla yolda görəndə özümü itirdim. Mən Şaməddin kişinin dediyi kimi adam deyiləm, o sözlərə layiq deyiləm...».
Son sözündə məhkəmədən də ona yüngül cəza verilməsini istəyib.
Noyabrın 22-də Bakı Ağır Cinayətlər Məhkəməsində bu olayla bağlı hökm elan olunarkən hakim deyib ki, Gülnarın ölümüylə əlaqədar başqa bir cinayət işi də var. Həmin iş həkimlər haqqındadır. Araşdırmalar zamanı məlum olub ki, həkimlər xəstəxanada Gülnarı əməliyyat edərkən onun ödünü zədələyib. Ölümünə də məhz bu xəsarət səbəb olub.
Seymurun əməlinə gəlincə, hökmdə göstərilib ki, o, Gülnarı bıçaqlayanda ətrafdakılar qarşısını almağa çalışıblar. Ancaq o, düşündüyü əməli başa çatdırmaqda israrlı olub. Ardınca da hadisə yerindən qaçıb.