Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:22

Ən yaxşı ədəbi jurnallar


Kitab
Kitab

Təsəvvür edin ki, rahat bir kürsüdə oturub, üstünüzə adyal örtüb, yanınızda çay, qəhvə, yaxud şərab, ən çox sevdiyiniz ədəbi jurnalı oxuyursunuz. Bundan gözəl vaxt keçirmək mümkündürmü? Britaniyanın ən böyük kitab naşirlərindən olan "Panmacmillan" öz səhifəsində bir neçə seçilən aylıq, rüblük və onlayn ədəbi jurnal haqda məlumat verir.

1. The White Review

Həm çap, həm də onlayn versiyası olan bu rüblük jurnalda bədii nəsr, poeziya, ədəbiyyat və incəsənətlə bağlı müsahibə və reportajlar dərc olunur. Jurnal təkcə tanınmış yazıçılara fokuslanmır, həm də karyerasına yeni başlayan yazıçı və sənətkarları oxucularına təqdim edir. Jurnal öz adını Parisdə dərc edilən "La Revue Blanche" ("Bəyaz icmal" – tərc.) ədəbi dərgisindən götürüb. Məqalədə jurnalın estetik tərtibatı haqda çox gözəl sözlər yazılıb.

2. The Paris Review

1953-cü ildən bəri dərc olunan bu jurnalın əsası Harold L.Humes, Peter Matthiessen və George Plimpton tərəfindən qoyulub. Tənqidi arxa plana yerləşdirən jurnal günümüzün ən böyük yazıçılarını ədəbiyyat səhnəsinə təqdim edib, onların keyfiyyətli müsahibələrini dərc edib. "The Paris Review Interviews" başlığı ilə dörd cild çapdan çıxıb. Bu nəşrin kontentini onlayn da oxumaq mümkündür.

3. The New Yorker

"The New Yorker" jurnalı bu yaxınlarda özünün 95 illiyini qeyd edib. Jurnal həm onlayn, həm də çap şəklində təqdim olunan kəskin karikaturaları, dərin siyasi təhlilləri, bədii nəsr və gözəl poeziyası ilə oxucularının zövqünü oxşayır. Gündəlik mətbuatdan yorulanlar "The New Yorker"i və onun məsələlərə baxış bucaqlarını çox bəyənəcəklər. Jurnalın podkastı da çox keyfiyyətlidir.

4. Guernica: incəsənət və siyasət jurnalı

Adətən, oxuduqlarınızdan fərqli bir şey axtarırsınızsa, "Guernica" sizin suallarınıza cavab ola bilər. Bu jurnal az tanınan yerlər və mədəniyyətlər haqda yazır.

5. Granta

Martin Amis, Pat Barker, Graham Swift və Rose Tremain "Granta"nın 20 ən yaxşı britaniyalı romançı siyahısına daxil ediliblər. Jurnal bu siyahını hər 10 ildən bir tərtib edir. Bu siyahıya salınan yazıçıların uğurlu karyerası isə jurnalın heç vaxt yanılmadığını göstərir. Rüblük çıxan "Granta" jurnalında bədii nəsr, publisistika və poeziya dərc olunur.

6. Hazlitt

"Hazlitt" jurnalı "Penguin Random House Canada" nəşriyyatı tərəfindən yaradılsa da, yalnız bu nəşriyyatın məhsulu olan kitablardan bəhs etmir. Jurnalda ən müxtəlif mövzularda reportajlar, bədii nəsr əsərləri və esselər dərc olunur. Jurnalın həm tanınmış, həm də yeni müəllifləri var. Jurnal sağlam düşüncəli, dərin və zövqlüdür. Müəlliflər jurnalın "Arcade" adlı podkastını da dinləməyi tövsiyə edirlər.

7. Litro

İki ayda bir dəfə çıxan "Litro"nu oxumaq hər zaman çox zövqlüdür. Bu jurnal, eyni zamanda, hər bazar günü öz internet səhifəsində yeni qısa hekayələr dərc edir, ən son incəsənət hadisələrinin və yeni nəşrlərin icmalını, habelə çox dəqiq və detallı şərhlər verir. Jurnal 5 il öncə yeni yazarları dəstəkləmək məqsədilə "Litro Represents" adlı təşəbbüsə başlayıb.

8. Ambit

1959-cu ildən bəri nəşr olunan bu rüblük jurnal incəsənət və ədəbiyyata dair yazılar dərc edir. Jurnalın çox nüfuzlu redaktorları olub. Onların arasında Carol Ann Duffy və J.G.Ballard-ın adları çəkilir. 2013-cü ildən bəri jurnalın təsisçisi Martin Bax yenidən jurnalın baş redaktorudur. Jurnal xüsusilə də poeziya və tənqidi yazılarla maraqlananlara tövsiyə olunur.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG