Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:15

Əminə Hacıyeva: 'Bilmirəm, Cahangirdən nə istəyirlər...'


C.Hacıyev
C.Hacıyev

Beynəlxalq Bankın həbsdə olan sabiq rəhbəri Cahangir Hacıyevin özü də, vəkili də saxlandığı Bakı istintaq təcridxanasında onun hüquqlarının pozulduğunu bildirir. Keçmiş bankirin vəkili məhkəmədə də bu haqda vəsatət qaldıraraq, C.Hacıyevin ailə üzvləri ilə telefon danışığı və görüşlərinə qoyulan qadağanın aradan qaldırılmasını istəmişdi. Yanvarın 28-də Bakı Ağır Cinayətlər Məhkəməsində Faiq Qəniyevin sədrlik etdiyi hakimlər kollegiyası C.Hacıyev və daha 21 nəfərin işi üzrə hazırlıq iclasının qərarını elan edərkən bu məsələyə də toxunub.

Hazırda haqqındakı ikinci cinayət işi üzrə mühakimə olunan C.Hacıyevlə yanaşı, müttəhimlər kürsüsündə onun bacanağı Hidayət İsmayılzadə, keçmiş deputat Dünyamin Xəlilov da var. Təqsirləndirilən 22 nəfərdən bu üçü həbsdədir. Onlar da bundan öncə məhkum olunublar, hər üçü haqqında ikinci cinayət işidir.

Ötən hazırlıq iclasında təqsirləndirilən şəxslərin vəkilləri xeyli vəsatətlər qaldırmışdılar - cinayət işinə xitam verilməsi, Vergilər Nazirliyindən, «Aqrarkredit» QSC, sənədlərin alınması, Bakı istintaq təcridxanasına məktub göndərilməsi və s. Məhkəmə vəsatətlərin heç birini təmin etməyib. Onların hamısını əsassız sayıb.

C.Hacıyevin telefon danışığı və görüşlərinə qoyulan qadağanın aradan qaldırılması üçün təcridxanaya məktub göndərilməsi məsələsinə də «yox» deyilib. Hakim bildirib ki, iş materiallarında belə qadağanın olduğunu təsdiqləyən sənəd-sübut yoxdur: «Təcridxanadan da belə bir məlumat verilməyib. Ona görə də, bizim ora məktub göndərməyimizə ehtiyac yoxdur. Bu haqda şikayətə baxılması da məhkəmənin hazırlıq iclasının predmeti deyil».

Hazırlıq iclasının qərarına əsasən, C.Hacıyev və digərlərinin işi məhkəmə baxışına verilib.

Məhkəmə baxışı fevralın 4-nə təyin edilib.

C.Hacıyevin bacısı Əminə Hacıyeva AzadlıqRadiosuna bildirib ki, sentyabrın əvvəlindən qardaşı ilə nə görüşə bilir, nə də telefonla danışır: «Səkkiz ay 13 Saylı Cəzaçəkmə Müəssisəsində görüşməyə qoymadılar. Fevralın 8-də beş ay olacaq ki, Kürdəxanı təcridxanasında görüşə bilmirik. Heç kimə qarşı belə davranmırlar. Nə olub? Cahangirdən nə istəyirlər, bilmirəm».

Ə.Hacıyeva deyir ki, prokurorluq da daxil, müxtəlif dövlət orqanlarına müraciət ediblər, amma nəticəsi yoxdur: «Hamısı bir-birinin üstünə atır».

Xatırlatma

C.Hacıyev 2015-ci ilin dekabrında həbs olunub və 2016-cı ilin oktyabrında Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə 15 il azadlıqdan məhrum edilib. Apellyasiya Məhkəməsi də hökmü qüvvədə saxlayıb.

C.Hacıyev ailə üzvləri və özünə yaxın olan başqa şəxslərin adına Beynəlxalq Bankdan milyonlarla dəyərdə kreditlərin götürülüb mənimsənilməsində suçlanır.

C.Hacıyev haqqında ikinci cinayət işiylə bağlı Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin yaydığı birgə məlumatda deyilir ki, araşdırma zamanı sabiq bank rəhbərinin göstərişiylə qanunsuz veksel (borca görə öhdəlik) əməliyyatları həyata keçirildiyinə dair əsaslı şübhələr yaranıb. Xüsusən, başqa ölkələrdə qeydiyyatdan keçmiş hüquqi şəxslərlə ümumilikdə 3.4 milyard dollar və 987 milyon avro məbləğində real dəyəri olmayan veksellərin alışı-satışı haqqında müqavilələr bağlandığı bildirilir.

«Bundan başqa, istintaqla Cahangir Hacıyevin göstərişləri əsasında həmin dövrdə qeyriləri vasitəsilə çoxsaylı kredit müqavilələri bağlanaraq,.. 900 milyon manat həcmində pul vəsaitinin bankdan digər hesablara köçürülərək mənimsənilməsinə dair əsaslı şübhələr müəyyən edilmişdir», – rəsmi məlumatda vurğulanır.

C.Hacıyev və daha 21 nəfər birlikdə 4.7 milyard manatlıq mənimsəmədə suçlanır.

Bu cinayət işi üzrə maddələrdə 5 ildən 12 ilə qədər azadlıqdan məhrumetmə nəzərdə tutulub.

C.Hacıyev özünü təqsirli bilmir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG