Dekabrın 2-də Azərbaycan prezidenti İlham Əliyev Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovu qəbul edib.
AZƏRTAC-ın xəbərinə görə, görüş zamanı Prezident İlham Əliyev qeyd edib ki, bu il münasibətlər üçün çox uğurlu olub:
“Biz bir sıra istiqamətlər üzrə əhəmiyyətli dərəcədə irəliləmişik, beynəlxalq təşkilatlarda bir-birimizi fəal dəstəkləməklə qarşılıqlı siyasi əlaqələri möhkəmlətmişik.”
Prezidentin sözlərinə görə, bu il iqtisadi baxımdan da uğurlu olub:
“Əmtəə dövriyyəsi ildən-ilə artır. Hələ ilə yekun vurulmayıb, lakin zənnimcə, artım təxminən 25 faiz civarında olacaq. Bundan aşağı olmayacaq. Nəqliyyat sahəsində də yaxşı nəticələrə nail olmuşuq və Samur çayı üzərindən salınan körpünün yaxın vaxtlarda açılmasını gözləyirik…”
Azərbaycan dövlət başçısı Qarabağ münaqişəsinə də toxunub:
“Əlbəttə ki, səfər çərçivəsində biz Ermənistan ilə Azərbaycan arasında münaqişənin nizamlanması problemləri barədə danışacağıq. Təəssüf ki, bu istiqamətdə nəzərəçarpan nəticələr olmayıb. Hesab edirəm ki, bunun əsas səbəbi Ermənistan rəhbərliyinin səmərəsiz siyasəti, xüsusən, “Qarabağın Ermənistan olması” barədə bəyanatıdır. Şadam ki, həm sizin tərəfinizdən, həm də digər ölkələrdən olan həmsədrlər tərəfindən, yumşaq desək, bu qəribə bəyanata düzgün qiymət verilib. Biz Minsk qrupunun həmsədrləri ilə əməkdaşlığı davam etdirəcəyik. Yaxın vaxtlarda Azərbaycanın və Ermənistanın xarici işlər nazirlərinin görüşü olacaq. Biz ümidvarıq ki, siz danışıqlar prosesində fəal iştirakınızı davam etdirəcəksiniz.”
Rusiyanın xarici işlər naziri Sergey Lavrov da çıxışında iqtisadi məqamlara toxunub:
“Əmtəə dövriyyəsinin həcmi yəqin ki, 3 milyard dollara yaxın olacaq. Rusiya Federasiyasının Azərbaycan iqtisadiyyatına birbaşa investisiyalarının həcmi 1,5 milyard dollar olub. Rusiya Federasiyasının 70-dən çox subyekti Azərbaycanla əməkdaşlıq edir. Azərbaycanda Rusiya kapitalının iştirakı ilə 300-dən çox müəssisə fəaliyyət göstərir. Rusiyada da Azərbaycan kapitalı öz mövqelərini getdikcə möhkəmlədir”.
AZƏRTAC-ın xəbərinə görə, Sergey Lavrov deyib ki, biz bundan sonra da ortaq mövqelərin dəstəklənməsinə, Azərbaycan və Rusiya üçün xüsusi maraq doğuran mühüm məsələlərin həllinə kömək edəcəyik:
“Bu, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına aiddir. Biz həm Vyana sammitində (Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş Naziri Nikol Pashinian arasında bu il martin 29-da Avstriyanın paytaxtı Vyanada görüş keçirilib- AR), həm sonradan nazirlərin Moskva görüşündə etimad tədbirləri, humanitar əlaqələrin, kütləvi informasiya vasitələri xətti ilə əlaqələrin nizamlanması barədə əldə edilmiş razılaşmaların bu il təsdiqlənməsində və həyata keçirilməsində maraqlıyıq. Onlar tədricən reallaşır və ümidvaram ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin bu həftə keçiriləcək görüşü bu prosesləri əlaqələndirməyə imkan verəcək. Eyni zamanda, sizinlə razıyam ki, siyasi nizamlama, uzunmüddətli nizamlama baxımından hələ çox iş görülməlidir. Burada sizin bu tezisinizi tam dəstəkləyirəm ki, hər iki tərəfin bəyəndiyi əsas prinsiplərə, BMT Nizamnaməsində və Helsinki Yekun Aktında təsbit olunmuş prinsiplərə zidd olan ritorikadan çəkinmək lazımdır”.
Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov dekabrın 2-də Azərbaycana iki günlük səfər edib. O həmçini Azərbaycan xarici işlər naziri ilə də görüşməlidir.
Xatırlatma
Dağlıq Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildən başlayıb.
1994-cü ildə tərəflər arasında gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Ermənistan və Azərbaycan arasında sülh danışıqları 1992-ci ildən ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılır.
ABŞ, Rusiya və Fransa Minsk qrupunun həmsədr dövlətləridir.