Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 14:03

Əlilliyin təyin edilməsi qaydalarından əvvəl əlillərə münasibət dəyişməlidir


Zabratda aksiya - sakinlər güzəran tələbilə yolu bağlayıb
Gözlə

No media source currently available

0:00 0:15:01 0:00

Zabratda aksiya - sakinlər güzəran tələbilə yolu bağlayıb

Azərbaycanda əlilliyin təyin edilməsi meyarları dəyişdirilir. Artıq qanun layihəsi baxılması üçün bu günlərdə Milli Məclisə göndərilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib ki, indiyə kimi Azərbaycanda sovet dönəmindən qalma I, II və III qrup əlillik meyarları mövcud idi. Onun sözlərinə görə, bu meyarlar isə beynəlxalq təcrübəyə uyğun gəlmirdi:

“Yeni hazırlanan meyarlar 1000-dən çox xəstəliyi əhatə edir, hər xəstəliyin 6-7 kriteriya üzrə təsir faizi müəyyən edilir. Xəstəliyin həmin şəxsin həyatına təsir faizi ölçülür və bunun da əsasında əlillik dərəcəsi müəyyən olunacaq”.

Nazir bildirib ki, Səhiyyə Nazirliyinin həkimləri ilə birgə hazırlanan yeni meyarları Dünya Səhiyyə Təşkilatının mütəxəssisləri ekspertiza edib.

“Müstəqil Həyat” İnkişaf və Dəstək İctimai Birliyinin rəhbəri Aydın Xəlilov da əlillik meyarlarının dəyişdirilməsinə ciddi ehtiyac olduğunu bildirir. O deyir ki, hazırda istifadə edilən meyarlar sovet dönəmindən qalıb, son zamanlar meydana çıxan bir çox yeni xəstəliklər ümumiyyətlə o siyahıda yoxdur. O, yeni hazırlanan meyarlara mindən çox xəstəliyin əlavə olunmasının əlilik statusu almaqda problemlərlə üzləşən bir çox vətəndaşa da kömək olacağına ümid edir.

İtirilən barmağı qaytarmaq

Amma Lənkəran sakini, 26 yaşlı Fərail Əmirli o qədər ümidli deyil. O deyir ki, bir neçə il öncə əlillik statusunun alınması ilə bağlı elektron müraciətlər işə başlayandan sonra şəffaflığın artacağı, vətəndaşların işinin yüngülləşəcəyi vəd olunurdu. Amma onun elektron müraciətlərinə hər dəfə müxtəlif səbəblərdən imtina gəlir.

O, 2016-cı ildə aprel döyüşləri zamanı müddətdən artıq hərbi xidmətə yazılıb. Daxili Qoşunlarda xidmət etdiyi zaman, 2016-cı ilin oktyabrında xəsarət əlib, sağ əlində bir barmağını itirib. Digər barmaqlarının vətərləri zədələndiyindən sağ əlinin funkasiyası pozulub. Bu diaqnozu ona Səhiyyə Nazirliyinin, eləcə də Daxili Qoşunların hərbi həkimləri qoyub. O deyir ki, indi əli ilə nəyisə tutmaqda çətinlik çəkir. Qələm tutub yaza da bilmir:

“Dəfələrlə sənədlərimi elektron qaydada yollayıram mənə imtina gəlir. Özü də müraciətin araşdırılması azı bir həftə çəkməlidir. Amma mənə cavab cəmi 2-3 dəqiqədən sonra gəlir. Mənim iki azyaşlı uşağım var. Hara iş üçün müraciət edirəm, məni qəbul etmirlər. “Şikəst” adı ilə məni işə götürmürlər”.

Tibbi Sosial Eskpert Komissiyası onun elektron müraciətlərini göndərişin tam doldurulmaması, bəzi sənədlərin çatışmazlığı və ən sonda isə müəlicəyə ehtiyacının olması səbəbi ilə imtina edib.

Fərail Əmirli isə sual edir ki, müalicə ilə onun itirilmiş barmağını qaytarmaq olarmı?

Əlilliyə xəstəlik kimi baxılmamalıdır

“Azərbaycana Birgə Yardım” Təşkilatının mütəxəssisi, sosial işçi Fərid Cəfərov hesab edir ki, ümumiyyətlə Azərbaycanda əlilliklə bağlı məsələyə yanaşma kökündən yanlışdır. O, bir-iki yeniliklə bu məsələlərin həllini tapacağına inanmır.

O deyir ki, ilk öncə hökumət əlilliyi olan vətəndaşlara yanaşmanı dəyişməlidir. Onları xəstə kimi görməməli, həmin şəxsləri də xəstəliklərini sübut etməyə məcbur qoymamılıdır. Fərid Cəfərlinin sözlərinə görə, hökumət onları işlə təmin etməli, digər sosial öhdəliklərini gerçəkləşdirməlidir. İşə ehtiyacı olanı işlə təmin edir, müalicəyə ehtiyacı olanı müalicə edir, onların da hər kəs kimi nəqliyyatdan istifadəsinə, təhsilinə imkan yaradır. Bir sözlə, ayrıseçkiliyə yol vermir:

“Amma çox təəssüflər olsun ki, Azərbaycanda hələ də əlilliyin tibbi modeli hökm sürür. Əlilliyə xəstəlik kimi yanaşılır. Amma sosial modeldə hökumətlər hər kəsə bərabər imkanlar yaratmağa əngəl olan baryerləri aradan qaldırmağa çalışır. Biz hələ də sovetlər dönəmindən qalma, keçmiş MDB ölkələrində istifadə olunan tibbi modeldən istifadə edirik. Məsələn, xarici ölkələrdən müxtəxəssislər Azərbaycana gələndə, bu proseslə tanış olanda bizə deyirlər ki, bunlar insan haqlarını məhdudlaşdırmaqdır. Xəstəxana çıxarışları, epikrizlər, Tibbi Sosial Eskpert Komissiyasının qərarına baxırlar və deyirlər ki, bütün bunlar insana “xəstə” damğası vurmaqdır”.

Bu baxımdan Fərid Cəfərov Azərbaycanda əlillik statusu verib, fərdi şəkildə onlara təqaüdlər vermək anlayışını kökündən yanlış sayır. Deyir ki, hökumətlərin əsası hədəfi hər bir vətəndaşının, eləcə də əlilliyi olan şəxslərin bütün ehtiyaclarını qarşılamaq olmalıdır.

AzadlıqRadiosu bu barədə Bakı sakinlərinin də fikirlərini öyrənib:

Sizcə, əlilliyin təyin olunması nə dərəcədə ədalətli aparılır?
Gözlə

No media source currently available

0:00 0:01:19 0:00

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, yeni meyarların 2020-ci il yanvarın 1-dən tətbiqi nəzərdə tutulur. Hələlik yeni layihə parlamentin müzakirəsinə verilib.

Rəsmi məlumata görə, Azərbaycanda 165 min 376 nəfər əlilliyi olan şəxs var.

Azərbaycan I qrup əlilliyə görə 150 manat, II qrup əlliliyə görə 130 manat, III qrup əliliyə görə isə 110 manat sosial müavinət ödənir. Hökumət hər il bu şəxslərin sosial rifahının yaxşılaşdırılmasına diqqət yetirildiyini bildirsə də, müstəqil ekspertlər əlilliy olan şəxslərə dövlət qayğısını yetərli saymırlar.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG