Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 01:33

Əli Kərimlinin şikayəti üzrə cinayət işi başlanmayacaq


AXCP sədri Əli Kərimlinin saxlanma anı
Gözlə

No media source currently available

0:00 0:01:07 0:00

AXCP sədri Əli Kərimlinin saxlanma anı

AXCP sədri Əli Kərimli Milli Şuranın 19 oktyabrda metronun «28 May» stansiyasının yaxınlığında keçirdiyi etiraz aksiyasında saxlanması və döyülməsi ilə əlaqədar prokurorluğa şikayətinə rədd cavabı alıb. Bu barədə AzadlıqRadiosuna AXCP-dən bildirilib.

Ə.Kərimli prokurorluğa birinci şikayətini aksiyadan üç gün sonra - oktyabrın 24-də göndərib. Tələb edib ki, ona və digər aksiya iştirakçılarına qarşı zorakılıqla əlaqədar cinayət işi başlansın, buna görə məsuliyyət daşıyan polislər cinayət məsuliyyətinə cəlb olunsun.

Ətraflı araşdırma aparmaq üçün AXCP sədrinin başqa təklifləri də olub: özünün tibbi ekspertizadan keçirilməsi; tutulduğu ərazidə olan kameraların görüntülərinə baxılması; saxlanması və döyülməsində iştirak edənlərin tapılıb dindirilməsi.

Təcili müraciətin səbəbi

«Məruz qaldığım fiziki zorakılığın izlərinin vaxt ötdükcə çəkilə biləcəyini nəzərə alıb, təxirə salınmadan məhkəmə-tibb ekspertizası təyin olunmasını tələb etmişdim. Kamera görüntülərinin təcili alınması barədə vəsatətimin də səbəbi o idi ki, sonradan mənə «görüntülər 1 aydan sonra məhv edilir, o müddət ötdüyü üçün onları əldə etmək mümkün olmadı» kimi standart cavab verməsinlər», – Ə.Kərimlinin AzadlıqRadiosuna dedikləridir.

AXCP sədri şikayətində cinayət işi başlanması, polislərin cəzalandırılmasıyla yanaşı, həm də baş verənlərin Avropa Konvensiyasının 3 (işgəncəyə məruz qalmamaq), 5 (azadlıq və toxunulmazlıq hüququ), 11 (toplaşma azadlığı) və 18-ci (məhdudiyyətlərdən istifadənin başqa (siyasi) məqsədlərlə tətbiq olunmaması) maddələrinin pozuntusu kimi qiymətləndirilməsini tələb edib.

Ə.Kərimli bildirir ki, 24 oktyabrda göndərdiyi bu şikayətə cavab ala bilməyib. Ona görə də dekabrın 27-də yenidən prokurorluğa məktub göndərib. Bu dəfə ona cavab gəlib ki, əvvəlki şikayəti Bakı şəhər Prokurorluğunun istintaq idarəsində hərtərəfli araşdırılıb. Amma onun şikayətində göstərilənlər təsdiqini tapmayıb. Polis əməkdaşlarının əməlində də cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd olunub.

«Ağ yalandır»

Prokurorluqdan bildirilib ki, cinayət işi başlanmasının rədd olunması barədə qərar hələ ötən il dekabrın 5-də qəbul edilib. Qərarın surəti də Ə.Kərimlinin yaşadığı ünvana göndərilib.

Ə.Kərimli isə deyir ki, sözügedən qərar ona göndərilməyib: «Ona görə də dekabrın 27-də ikinci dəfə prokurorluğa müraciət etmişik. Bu məktuba da Bakı şəhər Prokurorluğunun 22 yanvarda göndərdiyi cavab mənə 21 gün sonra - fevralın 13-də gəlib çatıb. Orada yazılıb ki, guya cinayət işinin başlanması barədə qərar qəbul ediləndən sonra qərarı mənə də göndəriblər. Ağ yalandır».

AXCP sədrinin sözlərinə görə, budəfəki cavaba da qərarın surətini əlavə etməyiblər.

Amma Ə.Kərimli prokurorluğun rədd qərarından artıq məhkəməyə şikayət verib. Onun şikayətinə Səbail rayon Məhkəməsində baxılacaq.

«Prokurorluq araşdırma aparmadan mənə qarşı işgəncə faktını ört-basdır edib, işgəncə verənləri məsuliyyətdən yayındırmağa çalışıb. Cinayət işi başlanmasından imtina qərarını da məndən qəsdən gizlədib ki, həmin qərardan vaxtında şikayət edə bilməyim. Prokurorluğun 3 aydan sonra mənə yazdığı cavab məktubunun Bakının içində mənə 21 gün sonra çatdırılmasının da səbəbi budur», – Ə.Kərimli belə deyir.

Demokratik Qüvvələrin Milli Şurası oktyabrın 19-da Bakıda etiraz aksiyası keçirməyə cəhdlər göstərib. Həmin aksiya Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) ilə razılaşdırılmayıb. Polis aksiyanın qarşısını alıb, onlarla şəxs saxlanıb. Aksiya öncəsi Bakı metrosunun 3 stansiyasına giriş qapadılıb, şəhərin mərkəzində internetdə kəsintilər yaranıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG