Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:25

Əli Kərimlinin 2500 manatlıq şikayətinə 'yox' deyildi


Ə.Kərimli
Ə.Kərimli

Dekabrın 13-də Bakı Apellyasiya Məhkəməsində AXCP sədri Əli Kərimlinin 2500 manat cərimələnməsi barədə məhkəmə qərarından apellyasiya şikayətinə baxılıb.

Məhkəmədə Ə.Kərimli özü iştirak etməyib. Vəkili Fuad Ağayev çıxış edib, deyib ki, noyabrın 17-də Ə.Kərimlinin saxlanması qanunsuz olduğu kimi, onun haqqında məhkəmə qərarı da əsassızdır və ləğv olunmalıdır. Müdafiəçi bildirib ki, Ə.Kərimli icazəsiz yürüşün təşkilində günahlandırılır, lakin həmin gün onun özü və başqa cəbhəçilər yürüş keçirməyib. Onlar Milli Dirçəliş gününün 30 illiyi ilə əlaqədar Şəhidlər Xiyabanını ziyarət etmək istəyiblər. Bu isə yürüş kimi təqdim oluna bilməz.

F.Ağayev məhkəmədə Şəhidlər Xiyabanı ətrafında olan video-müşahidə kameralarının görüntülərinin alınıb araşdırılması barədə də vəsatət qaldırıb: «İnzibati Xətalar Məcəlləsinin 65.4.6 maddəsində göstərilib ki, inzibati xəta yeri video-müşahidə altındadırsa, şəxsin o görüntüləri əldə etmək hüququ var. Bu, birbaşa hüquqdur. Əgər Əli Kərimli inzibati xətaya yol veribsə, bu, aydın görünəcək. Yaxud da bilinəcək ki, polis qanunsuzluq edib».

Hakim Qədim Babayev vəsatəti təmin etməyib.

Vəkilin çıxışı başa çatandan sonra bir dəqiqəlik müşavirədə olan hakim geri qayıdaraq, Ə.Kərimli haqqında qərarın qüvvədə saxlandığını, apellyasiya şikayətinin təmin olunmadığını elan edib.

Vəkil F.Ağayev AzadlıqRadiosuna bildirib ki, Ə.Kərimli ilə məsləhətləşmələrdən sonra növbəti hüquqi addımlar atılacaq.

AXCP-dən isə bildirilib ki, Ə.Kərimli bu məsələni Avropa İnsan Haqları Məhkəməsinə çıxarmaq niyyətindədir: «Həmin gün Əli Kərimlidən başqa daha 11 nəfər saxlanmışdı. Onların üçünə 20 sutka inzibati həbs, qalanlarına cərimə cəzası kəsilmişdi. Onların hamısının da apellyasiya şikayətinə baxılıb və heç biri təmin olunmayıb. O işlərin hamısından da Avropa Məhkəməsinə şikayət göndəriləcək».

Xatırlatma

Ə.Kərimli noyabrın 17-də Milli Şuranın sədri və üzvləri, cəbhəçilərlə birlikdə Şəhidlər Xiyabanı istiqamətində gedərkən Milli Məclisin binasının yaxınlığında saxlanıb. Onlar Səbail Rayon Polis İdarəsinə aparılaraq qanunsuz yürüş keçirməkdə ittiham olunublar.

Saxlanılanların əksəriyyəti buraxılsa da, Ə.Kərimli və daha 11 nəfər iki gün sonra – noyabrın 19-da Səbail Rayon Məhkəməsində hakim qarşısına çıxarılıb. 3 nəfərə 20 sutka inzibati həbs cəzası verilib, qalanlarına 400-1000 manat cərimə kəsilib.

Hakim Nurəddin Bağırovun çıxardığı qərara əsasən, Ə.Kərimli İnzibati Xətalar Məcəlləsinin 513.1 (yığıncaqların, mitinqlərin, nümayişlərin, küçə yürüşlərinin və piketlərin təşkilinin və keçirilməsinin «Sərbəst toplaşmaq azadlığı haqqında» Qanunla müəyyən edilmiş qaydasının toplantının təşkilatçısı tərəfindən pozulması) maddəsi ilə təqsirli bilinib və 2500 manat cərimələnib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG