Keçid linkləri

Təcili xəbərlər
2020, 11 İyul, şənbə, Bakı vaxtı 09:51

Əli Kərimli: 'Avropa Məhkəməsinin mənimlə bağlı qərarı icra olunsun'


Ə.Kərimli

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli Avropa Məhkəməsinin onun pasport məsələsi ilə bağlı qərarının icrasını tələb edir. Bu məqsədlə də Ali Məhkəmənin Plenumuna müraciət edib ki, Avropa Məhkəməsinin qərarı əsasında yeni açılmış hal üzrə o işə baxılsın.

2006-cı ildən pasportsuz qaldığını vurğulayan Ə.Kərimlinin sözlərinə görə, 2015-ci il iyulun 16-da Avropa Məhkəməsi bu işlə bağlı qərar çıxarıb. Həmin qərarda ona pasport verilməməsi Avropa Konvensiyasının 2 saylı Protokolunun 2-ci (hərəkət azadlığı hüququ) maddəsinin pozuntusu kimi tanınıb.

Avropa Məhkəməsinin qərarı qəbul ediləndən üç ay sonra qüvvəyə minir.

"Qərarın qüvvəyə minməsindən 5 ilə yaxın vaxt ötməsinə baxmayaraq, bu ölkənin vətəndaşı olduğumu təsdiqləyən sənədi mənə verməkdən imtina edirlər", - Ə.Kərimli Plenuma məktubunda vurğulayıb.

AXCP sədri bildirir ki, bu ilin yanvarında pasport məsələsi ilə əlaqədar yenidən məhkəməyə şikayət verib. Məhkəmədən tələbi bu olub ki, Daxili İşlər Nazirliyinin Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin üzərinə ona pasport verilməsi öhdəliyi qoyulsun. Bakı İnzibati Məhkəməsi onun şikayətini mümkün saymayaraq baxmaqdan imtina edib. Əsas da bu olub ki, artıq bir dəfə yerli məhkəmələr bu məsələyə baxıb, iş Avropa Məhkəməsinə gedib və bu qurum da qərar çıxarıb. Həmin qərarın icrası üçün isə Ali Məhkəmənin Plenumu bu məsələni yenidən araşdırıb əvvəlki məhkəmə aktlarını ləğv etməlidir.

Bu qərardaddan apellyasiya şikayəti verilib.

"Ali Məhkəmənin Plenumu bu işə baxmasa,..."

Ə.Kərimli yada salır ki, Avropa Şurasına üzv dövlətin Avropa Məhkəməsinin qərarını icra etmək öhdəliyi var.

"Əgər Ali Məhkəmənin Plenumu Avropa Məhkəməsinin qərarı əsasında yeni açılmış hal üzrə bu işə baxmasa, yəni, qərar icra olunmasa, Avropa Şurası Nazirlər Komitəsinə müraciət olunacaq. Avropa Məhkəməsinin qərarlarının icrasına bu qurum nəzarət edir. Konvensiyanın 46-cı maddəsi kontekstində bu məsələyə baxılması istəniləcək. O maddə üzv dövlətin Avropa Məhkəməsinin qərarını icra etməsinin məcburiliyini nəzərdə tutur. Əgər icra eləmirsə, deməli, öhdəliyini pozur və təşkilat da buna adekvat davranmalıdır", – AXCP-dən AzadlıqRadiosuna bildirilib.

Ə.Kərimliyə 1994-cü ildən barəsində xitam verilməmiş cinayət işinin (qumbara tapılması iddiası ilə) olması əsasıyla 2006-cı ildən pasport verilmir. Ə.Kərimli isə bildirir ki, 1994-cü ildən 2006-cı ilə qədər ona iki dəfə ümumvətəndaşlıq, iki dəfə də parlamentin üzvü kimi diplomatik pasport verilib.

XS
SM
MD
LG