Keçid linkləri

Təcili xəbərlər
2019, 14 Dekabr, şənbə, Bakı vaxtı 14:43

'Əli İnsanovun bir atımlıq barıtı var'


Ə.İnsanov

Keçmiş səhiyyə naziri, hakim Yeni Azərbaycan Partiyasının (YAP) qurucularından, keçmiş sədr müavini, Heydər Əliyevin silahdaşlarından Əli İnsanov Haqq Ədalət Partiyası yaratdığını elan edib.

Yeni partiyanın qısaca abreviaturası belədir: HƏP. Bu ad birmənalı qarşılanmayıb. Müxalifətdə olan Müsavat Partiyasının üzvü Yadigar Sadıqlı Facebook-da yazır ki, partiyanın adında mərhum prezident Heydər Əliyevə işarə var.

Ə.İnsanov partiyanın yaranacağını aylar öncə, həbsdən çıxan kimi elan etmişdi. Ancaq sonrakı açıqlamalarında partiyanı kimlərlə qurduğunu açıqlamağa tələsməmişdi. AzadlıqRadiosuna müsahibəsində isə «Siz istəyirsiniz mən bu təşkilatı abort edim?» deyə sual etmişdi:


«Bu yetişməlidir, bir həddə gəlməlidir ki, deyək belə bir şey var. Belə şeylər beş-üç günə yaranmır ki. Özü də belə təzyiqlərlə... Ancaq quracağıq».

«Əli İnsanovun ətrafında kifayət qədər aktiv, parlaq, intellektual şəxsləri görməmişəm»

Partiyanın Təşkilat Komitəsində keçmiş səfir İsfəndiyar Vahabzadədən başqa tanınmış sima gözə dəymir.

«Orda kimin iştirak etməsi bir qədər müəmmalıdır. Hər halda mən şəxsən Əli İnsanovun ətrafında kifayət qədər aktiv, parlaq, intellektual şəxsləri görməmişəm. Ola bilsin, var, az sonra peyda olacaqlar. Bunu da qurultay göstərəcək», – siyasi şərhçi, «Turan» xəbər agentliyinin redaktoru Şahin Hacıyev söyləyir.

Ş.Hacıyev
Ş.Hacıyev

Bununla belə, siyasi şərhçi Ə.İnsanovun sosial bazaya malik olduğunu etiraf edir. Bundan başqa, o, istənilən partiyanın ilk növbədə üzvlərindən çox, liderinə bağlı olduğunu vurğulayır: «Liderin aktivliyindən, qabiliyyətindən, təşkilatçılığından, maliyyə imkanlarından asılı olaraq partiya müəyyən müddətdən sonra nəyə qadir olduğunu göstərir».

Ş.Hacıyev, hələlik, Ə.İnsanovun partiyası haqqında danışmağın tez olduğunu bildirir. Onun qənaətincə, sözügedən siyasətçidən gözlənti çoxdur, «amma onun reallıqda, praktikada hansı nəticə ortaya qoyacağını demək indilik tezdir».

Siyasi şərhçi bir məqamı da – hakimiyyətin təzyiqlərini də vurğulayır: «Çox şey hakimiyyətin mövqeyindən asılı olacaq. Bir neçə dəfə olub ki, siyasi partiyalar, təşkilatlar fəaliyyətlərini elan ediblər, seçkilərdə iştirak edəcəklərini bəyan ediblər və s. Sonradan basqılarla üzləşiblər, fəaliyyətləri bloklanıb. Bu partiyanın da gələcəyi bəlkə də həlledici dərəcədə hakimiyyətin mövqeyindən asılı olacaq».

Müsavat Partiyasının üzvü Tofiq Yaqublu da Ə.İnsanovun potensiallı siyasətçi olduğunu düşünsə də, yeni partiyanın aqibətinin sədrin nə dərəcədə sistemli, ardıcıl və şəffaf mübarizə aparacağından asılı olduğunu deyir: «Biz şahidiyik nə qədər adam gurultulu adlarla partiya yaradıblar, ancaq kağız üzərində qalıb. Düşünmürəm bu dəfə olsun. Əli İnsanovun partiya yaratmağa potensialı və gücü var».

A.Rəşidoğlu
A.Rəşidoğlu

«Əli İnsanovdan heç nə gözləmirəm»

«Tolerant» Araşdırmalar Mərkəzinin rəhbəri Azər Rəşidoğlu belə söyləyir. Səbəbini də belə izah edir: «O, istər YAP sədrinin müavini, istər həbsdə olduğu dövrdə, istərsə də həbsdən çıxandan sonra verdiyi bəyanatlarla siyasətdə yeniliyə səbəb olacaq heç bir tezislə çıxış etməyib. Onun son bəyanatları və təşkilat yaratması hikkədən doğan bir şeydir. Güman etmirəm ki, ora toplaşanlar demokratik dəyişikliyə səbəb olacaq addımlar atsınlar».

A.Rəşidoğlunun fikrincə, sadəcə, Ə.İnsanov ətrafında ajiotaj yaradılıb. O, cəmiyyətin dəyişiklik istədiyini və indiki müxalifət partiyalarının da bu dəyişikliklərin önündə gedə bilmədiyini düşünür:


«Ona görə də hər bir yeni müxalif qüvvəyə müəyyən ümidlər bəslənir. Müəyyən müddətdən sonra bu ümidlər puç olur. O baxımdan Əli İnsanovun bir atımlıq barıtı olduğunu güman edirəm. Müəyyən müddətdən sonra ona bəslənən ümidlər də puça çıxacaq».

Əfv ərizəsi yazmayan, korrupsiyada ittiham olunan Əli İnsanov

Keçmiş nazir Azərbaycan cəmiyyətində birmənalı qarşılanmır. Onun uzun zaman rəhbərlik etdiyi səhiyyə sisteminə inamsızlıq var, bu səbəbdən son illər imkanı çatan şəxslər müalicə üçün xarici ölkələrə, xüsusən də İrana, Türkiyəyə üz tuturlar. Elə mərhum prezident Heydər Əliyev də xəstəliyinin ağır dönəmində həyatını Türkiyə və ABŞ həkimlərinə etibar etmişdi.

Eyni zamanda, Azərbaycan səhiyyəsi günü bu gün də korrupsiyada, rüşvətdə suçlanır, belə bir durumun yaranmasında Əli İnsanovun da xüsusi rolu olduğu vurğulanır. Keçmiş nazir özü də deyilənləri inkar etmir. AzadlıqRadiosuna müsahibəsində söyləmişdi: «Səhiyyədə rüşvət də vardı, əyintilər də, buna qarşı mübarizə də. Amma bu, mübarizə apardığımız formada effekt verə bilməzdi. Sistem dəyişməli idi, sistem».

Ə.İnsanov, üstəlik, siyasi, iqtisadi azadlıqları boğmaqda suçlanan hakimiyyətin üzvü olmağına görə də tənqid edilməkdədir.

«Ümumiyyətlə, bu adam birbaşa korrupsiya ilə bağlılığına, səhiyyə sistemini çökdürən əsas adamlardan biri olduğuna və səhiyyənin çökməsindən ən çox əziyyət çəkənlərin kasıb təbəqə olduğuna görə ona münasibət heç zaman müsbət olmayıb. Digər tərəfdən, müxalifət liderlərini, mətbuatını güllələməyə, məhv etməyə çağıran odioz fiqur kimi tanınıb. Xalqdan hələ də buna görə üzr istəməyib.


Hikkəylə partiya yaratmaq istəyir. Bu baxımdan, o, müxalifətin dəyirmi masasında iştirak etsə də, partiya yaratsa da, fərqi yoxdur, ona münasibət mənfidir, həmin demokratiyanı boğan bəyanatlarına, səhiyyəni iflic vəziyyətə saldığına görə», - A.Rəşidoğlu deyir.

Bir müddət öncə Müsavat Partiyasının təşəbbüsü ilə keçirilən, bəzi müxalifət partiyalarının dəvət edildiyi dəyirmi masada məhz Ə.İnsanovun iştirakına irad bildirənlər də az deyildi. Doğrudur, həmin tədbirin iştirakçıları və ayrı-ayrı şəxslər əks arqument olaraq Ə.İnsanovun həbsdə olduğu müddətdə mövqeyini dəyişmədiyini, təzyiqlərə baxmayaraq, siyasətçi kimi sınmamasını, onun məhkəmədə hakimiyyətin qüsurlarını tənqid etdiyini, vaxtilə tənqid və bəzən təhqir etdiyi müxalifə liderlərindən üzr istəməsini önə çəkirlər.

Həbsdən çıxan keçmiş səhiyyə naziri Əli İnsanov danışdı
Gözlə

No media source currently available

0:00 0:02:20 0:00

«Əli İnsanov həbsdə olduğu müddətdə müxalifətdən üzr istəyib, səhv yolda olduğunu etiraf edib. O, indi demokratiya uğrunda mübarizə aparmaq istəyir. Sistemli şəkildə siyasi iş aparmaq istəyir. Hər bir Azərbaycan vətəndaşının partiya yaratmaq, siyasi fəaliyyətlə məşğul olmaq haqqı var», – bunu da onunla həbsxana yoldaşı olmuş T.Yaqublu söyləyir. Onun sözlərinə görə, keçmiş iqtidar komandasının üzvü olan bəzi siyasətçilər həbsə düşsələr belə kənara çəkilərək nə səhvlərini etiraf edirlər, nə də cinayətlərini. T.Yaqublu Ə.İnsanovun daha fərqli davrandığını, həbsdə də, həbsdən sonra da iddialı olduğunu gizlətməməsinə diqqət çəkir: «Əli İnsanov əfv ərizəsi yazmadı. İndi açıq aydın rejimə qarşı mübarizə aparır. Mən təqdir edirəm».

Xatırlatma

Əli İnsanov 2005-ci il oktyabrın 19-da dövlət çevrilişinə cəhd ittihamı ilə həbs olunmuşdu. Amma sonradan cinayət işi vəzifə cinayətlərinə dair ittihamlarla məhkəməyə gedib və ona 11 il həbs cəzası kəsilib.

Həbs müddətinin bitməsinə iki ay qalmış – 2016-cı ilin avqustunda ona yeni cinayət işi açılıb. Keçmiş nazirə Cinayət Məcəlləsinin (CM) 234.1-ci (narkotik və ya psixotrop maddələr əldə etmə, saxlama), 315-ci (hakimiyyət nümayəndəsinə zor tətbiq etmə) və 317-2.1-ci (cəzaçəkmə müəssisələrində qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması) maddələri ilə ittiham irəli sürülüb. Kamerada psixotrop tərkibli dərman saxlamaqda, Penitensiar Xidmətin əməkdaşını vurub ona kəllə-beyin travması yetirməkdə suçlanan keçmiş nazir 2017-ci il aprelin 26-da 7 il azadlıqdan məhrum edilib. İyunun 22-də Bakı Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb.

Ə.İnsanov ittihamları qəbul etmirdi. Keçmiş nazir hakimiyyəti, şəxsən prezident İlham Əliyevi tənqid etdiyinə görə onun sifarişi ilə saxta ittihamla cəzalandırıldığını deyirdi.

O bu il martin 17-də prezidentin əfv sərəncamı ilə azadlığa çıxıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG