Keçid linkləri

Təcili xəbərlər
2020, 15 İyul, çərşənbə, Bakı vaxtı 11:25

Əli Həsənovun xanımına vergi ittihamı: 'Mütləq gəlməlidir'


S.Vəliyeva

Prezidentin sabiq köməkçisi Əli Həsənovun xanımı Sona Vəliyevaya məxsus "Kaspi" liseyinin vergi orqanlarına təqdim etdiyi sənədlərdə dövriyyənin bir neçə dəfə az göstərildiyi iddia olunur. Bunu deyənlər isə elə həmin liseyin keçmiş baş mühasibi Tural Məmmədov və mühasib Fərahim Möhbalıyevdir.

Adları çəkilən şəxslər 2018-ci ilin aprel-oktyabr aylarında "Kaspi" liseyinə valideynlərin təhsil haqqı kimi ödədiyi vəsaitin 565 min manatını mənimsəməkdə suçlanaraq həbs olunublar. Bu ittihamla da bir il həbsdə saxlandıqdan sonra şərti cəza ilə azadlığa buraxılıblar. Amma onlar bu hökmlə razı deyil, bəraət almaq üçün apellyasiya şikayəti veriblər. Məhkəmədən də özlərinə bəraət verilməsi ilə yanaşı, "Kaspi"də maliyyə məsələlərilə bağlı araşdırma aparılmasını, oradakı qanunsuzluqlarla bağlı tədbir görülməsini istəyirlər. Əsas tələblərindən biri Sona Vəliyevanın məhkəməyə çağrılıb dindirilməsidir. İyunun 12-də məhkəmədə növbəti dəfə bu haqda vəsatət qaldırıblar.

"Hansı təşkilatda kassir təsisçi olur?"

"Sona Vəliyeva mütləq məhkəməyə gəlməlidir, sualları cavablandırmalıdır. Pullar birbaşa ondan alınıb, ona verilib, hesabatı da özü aparıb. İstintaq dövründə iş materiallarında saxtakarlıq elədilər ki, birbaşa onun özünü dindirməyə cəlb eləməsinlər. Halbuki, hesablaşmalarda üçüncü adam olmayıb. Hansı təşkilatda kassir təsisçi olur? "Kaspi"də elə idi", – təqsirləndirilən F.Möhbalıyev belə deyir.

Liseyin keçmiş baş mühasibi T.Məmmədovun sözlərinə görə, liseyin illik dövriyyəsi təxminən 6 milyon manat idi. Təhsil haqqı kimi bu qədər vəsait daxil olurdu. Amma maliyyə sənədlərində təhsil haqqının məbləği real rəqəmdən xeyli aşağı göstərilirdi: "Vergi hesabatlarında illik dövriyyə təxminən 2.3 milyon göstərilirdi. Lakin gerçək rəqəm 6 milyona yaxın idi. 3 milyon yarımdan çox vəsait gizlədilir. Bunun da 20 faizi təxminən 700 min eləyir. Bizim bildiyimizə görə, "Kaspi"də maliyyə məsələlərilə bağlı yoxlama işi açılıb, sonradan dayandırılıb".

Liseyin keçmiş işçiləri məhkəmədə vəsatət qaldırıb ki, Vergilər Nazirliyinə sorğu göndərilsin, liseyin gəlirləri ilə bağlı məlumatlar alınsın. Onlar əmindir ki, o məlumatlar onlara qarşı ittihamlardakı rəqəmlərlə müqayisə edilsə, ziddiyyətlər ortaya çıxacaq.

Bakı Apellyasiya Məhkəməsində bu işə Namiq Məmmədovun sədrlik etdiyi hakimlər kollegiyası baxır. Onlar hələ ki, nə Sona Vəliyevanı dindirməyə, nə də "Kaspi" ilə bağlı vergi məsələlərini araşdırmağa razılıq verib.

Məhkəmədə "Kaspi"də yoxlama aparıb, 565 min manatlıq mənimsəmə barədə audit rəyi vermiş Mübariz Məhərrəmov dindirilib. Təqsirləndirilən şəxslər onun imzaladığı, cinayət işinin materiallarına əlavə olunmuş rəyə etiraz ediblər. M.Məhərrəmov isə deyib ki, liseydə ona nə sənədlər verilibsə, o da həmin sənədlərin əsasında araşdırma aparıb.

Sona Vəliyeva nə deyirdi

T.Məmmədov və F.Mövbalıyev məhkəmədə bildirib ki, S.Vəliyeva çağrılıb dindirilməsə, vacib sualları cavablandırmasa, həqiqəti üzə çıxarmaq mümkün olmayacaq.

Məhkəmə iclası iyunun 22-nə qalıb.

"Kaspi"də təhsil alan şagirdlərin bir qisminin valideynləri elə həmin təhsil müəssisəsinin müəllimləridir. Onlar məhkəmədə sualları cavablandırarkən bildirmişdilər ki, maaşlarının kiçik bir hissəsini rəsmi şəkildə bank kartıyla, qalanını isə nağd alırlar.

T.Məmmədov və F.Möhbalıyevin maliyyə məsələləriylə bağlı ittihamlarına S.Vəliyevadan münasibət öyrənmək mümkün olmayıb. Keçmiş işçilərinin məhkəməsi yeni başlanan vaxtlarda o, mediaya açıqlamasında belə demişdi: "Həyat yoldaşım Əli Həsənovun Azərbaycan prezidentinin köməkçisi olması, olduqca həssas bir sahəyə uğurla rəhbərlik etməsi, öz vəzifəsinin öhdəsindən vicdanla gəlməsi, bu kimi ucuz şantaj cəhdlərinə qətiyyən əhəmiyyət verməməsi müxtəlif qarayaxma kampaniyalarına rəvac verib. Mənim hədəf alındığım bu kimi kampaniyaları idarə edənlərin əsas məqsədi həyat yoldaşımın nümunəvi fəaliyyətinin üzərinə kölgə salmaq, onun timsalında hakimiyyət nümayəndələri haqqında mənfi rəy yaratmaqdır".

Ə.Həsənov ötən il noyabrın 29-da Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının şöbə müdiri vəzifəsindən azad edilib.

XS
SM
MD
LG