Keçid linkləri

2024, 20 May, Bazar ertəsi, Bakı vaxtı 00:06

Əli Həsənov Gəncə hadisələrindən danışdı


Əli Həsənov
Əli Həsənov

Hüquq müdafiəçisi: “Əvvəl deyirdilər ki, Gəncədəki hadisə şəxsi zəmində baş verib”

“Əvvəla, prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun yadına salıram ki, hadisənin baş verdiyi ilk günlərdə o özü deyirdi ki, Yunis Səfərov Gəncə şəhər İcra Hkaimiyyətinin başçısı Elmar Vəliyevə şəxsi zəmində sui-qəsd edib”.

Hüquq müdafiəçisi Oktay Gülalıyev prezidentin köməkçisi Ə.Həsənovun Gəncə hadislərinin ildönümü ilə bağlı verdiyi açıqlama haqda AzadlıqRadiosuna danışarkən deyir.

Onun sözlərinə görə, “şəxsi zəmində sui-qəsd” haqda fikirlər Yunis Səfərovun cəmiyyətdə mövqeyini gücləndirdi, müdafiə olunmasına imkan yaratdı, “sonradan bu tendensiyadan xilas olmaq üçün 10 iyul Gəncə aksiyası təşkil olundu, məqsəd cəmiyyətdə xofu gücləndirmək idi”.

Hüquq müdafiəçisi Gəncə mitinqi ətrafında xeyli sulların hələ də açıq qaldığını düşünür.

“Polis gücləndiirlmiş iş rejiminə keçsə də, onlardan hətta tabel silahları belə alınıb. Bu mitinqə gələnlər arasında kimliyi bəlli olmayan adamlar olub, iki yksək rütbəli polis məmurunu qətlə yetiriblər. Həmin adamlar heç nə olmamış kimi polislərin arasından arxayın çıxıb gedə bilib”.

Oqtay Gülalıyev deyir ki, məsələ təkcə bununla bitmir, polis məmurlarını qətlə yetirən şəxslər sonradan hüquq-mühafizə orqanları tərəfindən zərərsizləşdirilsə də, onların sağ ələ keçirilməsi təmin olunmayıb. “Ümumiyyətlə, 10 iyul mitinqinə münasibətdə “bunu kim təşkil etmişdi və bu kimə lazım idi?” sualına cavab hələ də açıq qalır”, - hüquq müdafiəçisi belə düşünür.

O.Gülaliyev həbs edilənlərin yaxınlarını dinlədiklərini, hadisənin təfərrüatını öyrəndiklərini deyir və hesab edir ki, hadisənin əsl səbəbkarları hələ də istintaqdan kənarda qalıb.

***

“Yunis Səfərovu yeni "Gəncəbasar qisasçısı", "qəhrəman" elan etməyə tələsdilər”

“İstintaq tədbirləri nəticəsində ortaya çıxan faktlar bir daha təsdiqlədi ki, Gəncə hadisələri bəzi dövlətlərin radikal klerikal dairələrinin, separatçıların və ölkə daxilində siyasi fəaliyyət pərdəsi altında şəxsi ambisiyalarını həyat keçirmək istəyən qrupların dövlət və milli maraqlarımıza qarşı birgə məkrli təxribatı idi”, - Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Gəncədə ötən il baş vermiş terror aktlarının ildönümü ilə bağlı KİV-lərə xüsusi açıqlamasında belə deyib.

O, Gəncə hadisələrinin ildönümündə “üzvlərinin əksəriyyətini Azərbaycanın keçmiş vətəndaşları təşkil edən radikal islamçı qruplaşmalar”dan birinin sosial şəbəkələrdə fəallaşdığını bildirir.

Əli Həsənov konkret ad çəkməsə də, bəzi müxalifət liderləri və fəallarını “terroru təşviq edən kampaniyaya” dəstək verməkdə suçlayır.

Prezidentin köməkçisi Gəncənin icra başçısına qarşı sui-qəsd törətməkdə ittiham olunan Yunis Səfərovun “cinayətinin terror xarakteri” daşıdığını, Azərbaycan dövləti tərəfindən sanksiyalaşdırılmayan döyüş əməliyyatlarında iştirak etdiyini bildirir.

O, Yunis Səfərovu "Gəncəbasar qisasçısı", "qəhrəman" elan etməyə tələsənlərə Avropadakı “anti-Azərbaycan müxalifəti”ndən, onların rəhbərlik etdiyi internet kanallarından kömək gəldiyini, Rusiya və digər xarici ölkələrdə separatçı kimi “ad-san qazanmış" çevrələrin cinayətkarın müdafiə komitəsini yaradıb xarici dövlət rəsmilərinə müraciət etdiklərini qeyd edir.

Əli Həsənovun qənaətincə, terrorçunu qəhrəman kimi təqdim etməyə başladıqda cəmiyyət və dövlət belə təhlükəli fəsada qanun çərçivəsində sərt reaksiya verməzsə, hadisələr təhlükəli məcraya yönəlir.

Xatırlatma

2018-ci il iyulun 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə (artıq həmin vəzifədə çalışmır) və bir polis serjantına silahlı sui-qəsd olub, onlar xəsarət alıblar.

Sui-qəsdi törətdiyi bildirilən Yunis Səfərov həbs edilib. Hüquq-mühafizə qurumları iddia edir ki, bu, terror əməlidir və Yunis Səfərovun əsas məqsədi Azərbaycanda şəriət qanunları ilə idarə olunan İslam dövləti qurmaq olub. Yunis Səfərov bu iddialarla bağlı münasibətini, hələlik, ictimaiyyətə açıqlamayıb. Onun məhkəməsi başlamayıb.

Bu sui-qəsddən bir qədər sonra sosial şəbəkələrdə iyulun 10-da Gəncədə aksiya keçirilməsi ilə bağlı məlumatlar yayılıb.

Rəsmi məlumata görə, həmin gün Gəncədə 150-200 nəfərlik radikal dini qrupun keçirmək istədiyi aksiyada yüksək rütbəli polis zabitləri – İlqar Balakişiyev və Səməd Abbasov qətlə yetiriliblər.

Baş Prokurorluq bildirir ki, Gəncə olayları ilə bağlı ümumilikdə altı qrupun (51 nəfər) işi məhkəməyə göndərilib. Onlardan yalnız, hələlik, iki qrupun məhkəməsi başa çatıb. Onlar, əsasən, zorakılıqların, talanların törədilməsi, odlu silahdan, partlayıcı maddələrdən istifadə, yaxud hakimiyyət nümayəndəsinə silahlı müqavimət ilə müşayiət olunan kütləvi iğtişaşlarda ittiham ediliblər.

Mühakimə edilənlərə 5 ildən 9 ilə qədər həbs cəzası verilib. Onların çoxu özlərini günahsız sayıb. Eyni zamanda məhkəmədə istintaq zamanı alçaldıcı işgəncələrə məruz qaldıqlarını bildirirlər.

Daha bir neçə qrupun məhkəməsi də Bakıda davam edir.

Gəncə hadisələri ilə bağlı tutulanlardan bəzilərinin işi isə, hələlik, heç məhkəməyə də göndərilməyib. Ümumilikdə bu olaylarla bağlı 70-dən çox şəxsin həbs edildiyi açıqlanmışdı.

Bu məsələlərlə bağlı hüquq-mühafizə orqanlarının yaydığı məlumatlarda o da vurğulanıb ki, keçirilən əməliyyatlar zamanı axtarışda olan bəzi şəxslər silahlı müqavimət göstərərkən öldürülüblər. (Rəsmilər 5, hüquq müdafiəçiləri isə daha çox şəxsin öldürüldüyünü deyirlər). Hərçənd, öldürülən bəzi şəxslərin yaxınları onlarda silah olması ilə bağlı deyilənlərin həqiqət olmadığını iddia ediblər.

Daxili İşlər Nazirliyi saxlanılan şəxslərə işgəncə verilməsi barədə deyilənləri də təkzib edib. Bildirilib ki, məsuliyyətdən yayınmaq və özünümüdafiə məqsədilə həqiqətə uyğun olmayan iddialar səsləndirirlər.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG