Keçid linkləri

Təcili xəbərlər
2019, 06 Dekabr, Cümə, Bakı vaxtı 05:14

Prezidentdən yeni təyinat


İ.Əliyev

Dekabrın 2-də prezident İlham Əliyev Gündüz Kərimovun Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri təyin edilməsi haqqında sərəncam imzalayıb.

Noyabrın 29-da dövlət başçısının imzaladığı sərəncam ilə Prezident Administrasiyasının yeni strukturu təsdiq olunmuşdu. Amma həmin vaxt Administrasiyada bəzi şöbələrə müdir təyinatı olunmamışdı. Onlardan biri də Qanunvericilik və hüquq siyasəti şöbəsi idi.

Əli Həsənov işdən çıxarıldı

Əli Məhəmmədəli oğlu Həsənov Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi - şöbə müdiri vəzifəsindən azad edilib.

Bununla bağlı bu gün, noyabrın 29-da prezident İlham Əliyev sərəncam verib.

Əli Həsənov 1996-cı ildən 2005-ci ilə qədər Prezidentin İcra Aparatının ictimai-siyasi məsələlər şöbəsinə, sonra da Prezident Administrasiyasının eyni adlı şöbəsinə rəhbərlik edirdi. 2015-ci ildən isə o, habelə prezidentin köməkçisi vəzifəsini tuturdu.

Noyabrın 29-da dövlət başçısı İlham Əliyevin imzaladığı başqa bir sərəncama əsasən Eldar Qasım oğlu Nuriyev Prezident Administrasiyasının dövlət nəzarəti şöbəsinin müdiri vəzifəsindən azad edilib.

Prezident Administrasiyasının yeni strukturu təsdiq olunub

Noyabrın 29-da həmçinin, Prezident İlham Əliyevin imzaladığı sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının yeni strukturu təsdiq olunub.

Bu barədə məlumatı Administrasiyanın Mətbuat xidməti yayıb:

"Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının işinin təkmilləşdirilməsi və qarşıya qoyulan vəzifələrdən irəli gələrək strukturun tərkibi yenidən formalaşdırılıb”.

Açıqlamada habelə qeyd edilib ki, dövlət başçısının sərəncamları ilə Prezidentin yeni köməkçiləri və Prezident Administrasiyasının şöbə müdirləri təyin olunub.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyası haqqında Əsasnamənin layihəsi bir ay müddətində hazırlanaraq dövlət başçısına təqdim ediləcək.

Administrasiyanın yeni strukturu belədir:

Prezident Administrasiyasının rəhbəri vəzifəsinə Samir Nuriyev təsdiq edilib. O bu vəzifəyə bu il noyabrın əvvəlində təyin edilmişdi.

Habelə Altay Həsənov Birinci vitse-prezidentin katibliyinin rəisi təsdiq edib. O isə bu vəzifəni 2017-ci ildən tuturdu.

Bundan başqa, Kərəm Həsənov Administrasiyanın dövlət nəzarəti şöbəsinin müdiri təyin edilib. K.Həsənov yaxın vaxtlara qədər Əmlak Məsələləri Dövlət Komitəsinə rəhbərlik edirdi. Həmin Komitə təqribən bir ay əvvəl İqtisadiyyat Nazirliyinə birləşdirilib.

Həmçinin, Zeynal Nağdəliyev Prezidentinin köməkçisi - ərazi-təşkilat məsələləri üzrə şöbəsinin müdiri təsdiqlənib. O isə elə bu vəzifədə idi.

Məhərrəm Əliyev isə Prezidentin köməkçisi - Hərbi məsələlər şöbəsinin müdiri təyin edilib.O bundan əvvəl Ədliyyə nazirinin müavini vəzifəsində çalışırdı.

Prezidentin köməkçilərindən hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov , xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri Natiq Əmirov da öz vəzifələrində qalıblar.

Prezidentin mətbuat katibi Azər Qasımov da öz yerində qalacaq.

Administrasiyanın strukturunda başqa vəzifələr də yer alır.

Bəzi şöbələr ləğv edilib

Administrasiyada 3 şöbəyə müdir təyinatı olmayıb.

Bunlar Qanunvericilik və hüquqi siyasət şöbəsi, Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsi və Sənəd dövriyyəsi şöbəsidir.

Prezident Administrasiyasının Strateji araşdırma və planlaşdırma şöbəsi isə ləğv olunub.

Bundan başqa, İnnovativ inkişaf və elektron hökumət məsələləri, Dövlət nəzarəti və aqrar siyasət məsələsi şöbəsi də ləğv olunub.

Habelə yeni strukturda Prezidentin katibliyinin rəisi postu da olmayacaq

Günün bütün mövzuları

XS
SM
MD
LG