Ötən həftə Müsavat partiyası başqanlığına namizədlər Arif Hacılı, Tofiq Yaqublu və Yadigar Sadıqlı müxtəlif rayonlara səfər ediblər. Onlar Müsavat Partiyasının üzvləri ilə görüşüb, öz təbliğatlarını aparmaq istəyiblər. Amma hər üç namizəd müxtəlif maneələrlə üzləşdiklərini bildirirlər.
Müsavat başqanlığına namizədlərdən biri Arif Hacılı deyir ki, Cəlilabadda maneələrlə üzləşib. Onların görüşü keçirilən vaxt Müsavat partiyasının Sabirabad rayon qərargahına polislər gəlib və görüşə mane olublar:
“Biz yolda çıxıb, gedəndə isə polis maşınları qarşıdan və arxadan gələn maşınların hərəkətini dayandırdılar. Elə oldu ki, yolda ancaq bizim və bir neçə başqa avtomobillər qaldı. Bu zaman həmin avtomobillərdən bizim maşınlarımıza yumurta atmağa başladılar”.
Digər namizədlər Yadigar Sadıqlı və Tofiq Yaqublu isə rayonlara birgə səfər ediblər. Bütün səfərləri boyunca tanımadıqları şəxslər onları izləyib. Yolüstü çay və yemək üçün girdikləri restoran və kafelər onlara xidmətdən imtina ediblər.
Yadigar Sadıqlı deyir ki, Şəkidə görüşlərini açıq havada, ayaq üstə keçirə biliblər. Qəbələdə də eyni yoldan istifadə etməyə çalışsalar da polis onlara maneə olub:
“Bizə Qəbələni tərk etmək üçün 5 dəqiqə vaxt verdiklərini dedilər. Bildirdik ki, belə tələb qanunsuzdur və buna tabe olmayacağıq. Hansı əsasla bu tələbi irəli sürdüklərini soruşanda isə bildirdilər ki, ofisiantı söyüb, inzibati xəta törətmişik. Mən də dedim bu bizi rayondan çıxarmaq üçün əsas ola bilməz. Bizi polisə apara bilərsiz, amma bizim rayondan çıxmağımızı tələb edə bilməzsiniz”.
Müxalifətin yolu hər yerdə bağlanır
Yadigar Sadıqlı deyir ki, onlar polisə getmək üçün öz maşınlarına əyləşiblər, qarşıdakı polis maşınını izləyiblər. Amma maşın onları polisə deyil, Qəbələnin çıxacağına aparıb. Bundan sonra onlar da artıq Qəbələdən getməyə məcbur qalıblar.
Yadigar Sadıqlı deyir ki, Şamaxıda isə görüşün keçiriləcəyi evə gedən yollar hər tərəfdən bağlansa da, gediş-gəliş məhdudlaşdırılsa da görüş baş tutub.
Bütün bu iddialara hələki Daxili İşlər Nazirliyi bir münasibət bildirməyib. Gün ərzində Daxili İşlər Nazirliyinin mövqeyini öyrənmək cəhdlərimiz alınmadı.
Müxalifət partiyaları bəyan edir ki, onlar təkcə qurultay keçirmək üçün yer problemi, bölgələrdə görüşlər zamanı manelərlə üzləşmirlər. Həm də onların sərbəst toplaşmaq azadlıqları pozulur.
Demokratik Təşəbbüslər İnstitutu 2019-cu ildə “Sərbəst toplaşmaq azadlığının vəziyyəti ilə bağlı” araşdırma aparıb.
2016-2019-cu illəri əhatə edən araşdırmada vurğulanır ki, sərbərst toplaşma azadlığı tapdanır, siyasi partiyalar arasında ədalət prinsipi pozulur.
Bir neçə müxalifət partiyası və ictimai fəalın birləşdiyi Milli Şura oktyabrın 8-də Bakı Şəhər İcra hakimiyyətinin qarşısında keçirdiyi piketdə də toplaşma azadlığının pozulmasına etirazlar səslənib. Amma aksiya şəhər rəhbərliyi ilə razılaşdırılsa da internet kəsilib, iştirakçılar müxtəlif təxribatlara çəkilib.
Əli Həsənov yenə də Facebook-da azadlıqdan yazıb
Prezidentin köməkçisi Əli Həsənov isə öz Facebook hesabında yazıb ki, iştirakçılar qanunları pozub:
“50 nəfərlik piketi idarə edə bilməyənlər xalqın və dövlətin məsuliyyətini necə daşıya bilərlər? Azərbaycan hakimiyyətinin sərbəst toplaşmaq azadlığına baxışı “cəmiyyətin iradəsi təkcə dövlət qurumlarından xalqa doğru deyil, daha çox xalqdan dövlət qurumlarına sirayət etməlidir” fəlsəfəsinə əsaslanır. Bu mənada, hakimiyyət heç zaman vətəndaşların sərbəst toplaşmasına, öz fikir və rəylərini açıq ifadə etməsinə mane olmayıb, istər paytaxt Bakıda, istərsə də bölgələrimizdə insanların bir araya gələrək kollektiv düşüncələrini ifadə etməsinə daim şərait yaradıb”.
Əli Həsənov qeyd edir ki, heç bir ölkədə ayrı-ayrı qurumların vətəndaşların toplantı və nümayiş hüququndan bəhrələnərək istədiyi zaman və istədiyi məkanda aksiya keçirməsi təcrübəsi yoxdur.
AXCP sədri Əli Kərimli isə bildirir ki, hakimiyyət müxalifətdən çəkindiyi üçün şəhər mərkəzində etirazlara icazə vermir.
AzadlıqRadiosu bu barədə Bakı sakinlərinin də fikirlərini öyrənməyə çalışıb:
Milli Şura oktyarın 19-na daha bir etiraz aksiyası təyin edib. Bu il Milli Şuranın mitinq üçün 5-dən çox müraciəti rədd edilib.
Hakimiyyət təşkilata sentyabrın 28-də Bakıda keçirmək istədiyi aksiyanı Lökbatanda keçirməyi təklif edib. Uzaq olduğu üçün təşkilatçılar ora getməkdən imtina ediblər. Hələlik Milli Şuranın oktyabrın 19-a təyin etdiyi aksiyaya Bakı şəhər rəhbərliyindən bir reaksiya verilməyib.