Keçid linkləri

2024, 12 Oktyabr, şənbə, Bakı vaxtı 14:30

Əlövsət Əliyev sərbəst buraxılıb [Müsahibə]


Ə.Əliyev
Ə.Əliyev

Ötən ilin noyabrında mühacirətdə olduğu Almaniyada həbs olunmuş «Leqat» İnteqrasiya Mərkəzinin rəhbəri Əlövsət Əliyev istintaq müddətində azadlığa buraxılıb.

Bu barədə Ə.Əliyevin özü AzadlıqRadiosuna danışıb. Onun sözlərinə görə, yanvarın 30-da vəkil məhkəməyə həbs-qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı müraciət edib: «Məhkəmə müraciətə baxdı və hesab etdi ki, istintaq zamanı mənim həbsdə saxlanılmağıma ehtiyac yoxdur. Qaçıb gizlənməyim, istintaqdan yayınmağım ehtimal edilmir. Bu əsasları və cinayət işinin tam perspektivli görünmədiyinə görə mənim həbsdən azad edilməm barədə qərar qəbul edildi».

Ə.Əliyev əlavə edib ki, hazırda araşdırma gedir: «Cinayət işi Azərbaycan Respublikasından miqrantların qanunsuz gətirilməsi ilə bağlı açılıb. Cinayət işi başqaları ilə bağlıdır, mənimlə bağlı deyil. Həmin adamlardan biri ifadəsində göstərib ki, Əlövsət Əliyev bir qrup şəxs vasitəsilə Almaniyaya miqrant daşıyır. Bu, yalan və uydurmadır».

Ə.Əliyev həbsinin səbəbləri ilə bağlı suala cavab verərkən Azərbaycanın Almaniyadakı səfirliyi ilə arasında pis münasibətin olmasından danışıb: «Mən səfirlikdən tələb etmişdim ki, vətəndaşların sənədlərini vaxtında və lazımi qaydada versinlər. Demişdim ki, divarda maarifləndirici bukletlər asılmalıdır. İnsanlar növbədə dayanmasın, məmurdan asılı vəziyyətə düşməsinlər. Elan etmişdim ki, onlar asılmasa, bir ay sonra mən gəlib özüm onları asacam. Elə həbs olunduğum gün elan etdiyim bir ay tamam olmuşdu. Səfirlik onunla bağlı mənim əleyhimə tədbirlərə başlamışdı...».

Hələlik, bu fikirlərə Azərbaycanın Almaniyadakı səfirliyindən münasibət almaq mümkün olmayıb.

Noyabrın 13-də Almaniya polisinin qeyri-leqal miqrasiyaya ilə mübarizə çərçivəsində apardığı reydlər zamanı bəzi şəxslərin saxlandığı bildirilirdi. Onlardan da birinin Ə.Əliyev olduğu deyilirdi.

Xatırlatma

Miqrasiya Mərkəzi İctimai Birliyinin rəhbəri olmuş Ə.Əliyev Azərbaycanda bəzi vətəndaş cəmiyyəti qurumları təmsilçilərinin istintaqa cəlb edildikləri vaxtda - 2014-cü ildə mühacirətə gedib. Mühacirət etdikdən sonra ona qarşı cinayət işi açıblar. O, Daxili İşlər Nazirliyinin generalı Emin Şəkinskinin keçmiş həyat yoldaşının qanunsuz olaraq ölkədən çıxarılmasına yardım etməkdə günahlandırılıb.

Ə.Əliyevin özü əvvəllər cinayət işinin qurama olduğunu, polis generalının onunla haqq-hesab çəkmək istədiyini açıqlamışdı.

XS
SM
MD
LG