Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:15

Əkrəm Həsənov: 'Bahalı kredit sahibkarlara sərf etmir'


'Kredit versələr, lap 5 ailəni dolandıraram'
Gözlə

No media source currently available

0:00 0:01:20 0:00

'Kredit versələr, lap 5 ailəni dolandıraram'

Dünən, fevralın 3-də 2019-2023-cü illərdə Regionların inkişafına dair Dövlət Proqramının 1-ci ilinin yekununa həsr edilən iclasda prezident İlham Əliyev çıxışında bankların vəziyyətinə də toxunub.

Dövlət başçısı deyib ki, bank sektorunda sağlamlaşdırma prosesi davam etdirilir. «Biz banklara çox böyük dəstək vermişik. Bütün əmanətlər sığortalanıb və bu prosesi uzatmışıq. Hesab edirəm və tam əminəm ki, artıq böhranlı dövr arxada qalıb», - AZƏRTAC-ın xəbərinə görə, prezident qeyd edib.

Amma o, banklara xəbərdarlıq da edib: ​«Azərbaycan nadir ölkələrdəndir ki, bütün bank əmanətləri dövlət tərəfindən sığortalanır. Bu, banklara verilən böyük dəstəkdir, edilən güzəştdir, eyni zamanda, onların məsuliyyətini artırır.


Əgər banklar tərəfindən, özəl banklar tərəfindən hər hansı bir sürpriz olarsa, onlar özlərindən küssünlər. Mərkəzi Banka verilən yeni səlahiyyətlər çərçivəsində nəzarət daha güclü olmalıdır ki, sağlamlaşma prosesi uğurla başa çatsın».

«Onların işi ancaq oturub pul qazanmaq olmamalıdır»

İ.Əliyev deyib ki, onların işi ancaq oturub pul qazanmaq olmamalıdır: «Onlar öz məsuliyyətini dərk etməlidirlər. Dövlət onlara fəaliyyət göstərmək üçün imkan yaradıb, lisenziya verib. Əgər o banklarda hansısa problemlər olarsa, bu lisenziya ləğv ediləcəkdir. Son vaxtlar bir çox bankların lisenziyası ləğv olundu. Onlar bu imkanlardan məhrum olacaqlar. Ona görə məsuliyyətli yanaşmalıdırlar. Heç bir sürpriz olmamalıdır. Onlar biznes-kreditlərə üstünlük verməlidirlər».

R.Ağayev
R.Ağayev

«Kritik vəziyyətdə olan 4-5 bank var»

İqtisadçı Rövşən Ağayev deyib ki, mediadakı açıqlamalara əsasən, ölkədə 4-5 bank çox kritik vəziyyətdədir.

R.Ağayev əlavə edib ki, 2019-cu ildə ölkədə kreditləşdirmə 2018-ci il ilə müqayisədə 16 faiz artıb. Amma onun vurğulamasına görə, bunun 80 faizi ev təsərrüfatlarının hesabınadır.

R.Ağayev deyib ki, özəl biznesin Ümumi Daxili Məhsulda (ÜDM) payı 8-9 faizdir, amma nəinki inkişaf etmiş, hətta keçid ölkələrində belə bu rəqəm 50 faiz ətrafındadır:

«Problemin çağırışlarla həll ediləcəyinə inanmıram»

«Amma problemin çağırışlarla həll ediləcəyinə inanmıram. Çünki tələbat olmayan yerdə inkişaf olmur. Əgər bu inkişaf yoxsa, biznes krediti niyə götürməlidir? Demək ki, problem təkcə bank sektorunda deyil, bank sektoru özəl sektora həvəslə kredit verər.


Səbəb də budur ki, biznes kreditinə etibarlı girov qoyulur... Problem özəl sektordan qaynaqlanmır. Hökumət bunun səbəblərini araşdırmalıdır. «Banklar niyə kredit vermir» sualının cavabı aydındır, amma özəl sektor niyə lazım olduğu qədər kredit istəmir, bu araşdırılmalıdır».

Bank sahəsi üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov isə düşünür ki, prezident hansısa bankların bağlanmasından danışmır. Onun vurğulamasına görə, dövlət başçısı xatırladır ki, istehlak kreditləri ilə bağlı bir də problem yaransa, dövlət kömək etməyəcək.

Ə.Həsənov deyib ki, 2019-cu ildə 10 min dollara qədər problemli kreditlər dövlət hesabına qaytarılıb. Ekspertə görə, elə bundan da irəli gələrək banklarda xüsusi yanaşma formalaşıb: «Əhalini kreditləşdirək, biznesi yox. Sabah əhali krediti qaytara bilməyəndə əhaliyə əziyyət verəcəyik, dövlət və hökumət sosial marağından irəli gələrək əhaliyə kömək edəcək və kredit yenə də banklara qayıdacaq».

Ə.Həsənov
Ə.Həsənov

«Biznes mühiti əlverişli deyil...»

Ekspertə görə, banklar istehlak kreditlərinə yüksək faiz qoya bilir, qaytarmayanda vətəndaşa qanunsuz təzyiqlərə qədər əl atır. Onun düşüncəsinə görə, biznes kreditlərində isə təhlükə görürlər: «Biznes krediti götürənlə bank elə hərəkət edə bilməyəcək. Digər tərəfdən, məhkəmə-hüquq sisteminin anormallığı bankları qorxudur. Belə ki, biznes kreditləri qaytarılmayanda problem yaranır və bunun həlli yolu yoxdur, çünki normal məhkəmə sistemi yoxdur».

Ə.Həsənovun deməsinə görə, biznes mühiti əlverişli deyil. Hüquqşünas əlavə edib ki, ödəniş qabiliyyətli işadamı, şirkətlər də çox deyil, pul götürmək istəyənlərə isə bank etibar etmir.

Ekspertə görə, daha bir problem Mərkəzi Bankla (MB) bağlıdır: «MB banklara bərabər şəraitdə ucuz kreditlər versə, banklarda ucuz pul olsa, bəzi sahibkarlara kredit verərlər, bahalı kredit sahibkarlara sərf etmir. Bunu sabah necə qaytaracağını düşünür. Ölkədə hətta beş il əvvəlki gəlirlilik belə yoxdur».

Bu deyilənlərə MB rəhbərliyindən münasibət almaq mümkün olmayıb.

Xatırlatma

2015-ci ildə baş verən devalvasiyalardan sonra manat iki dəfə dəyər itirib. Nəticədə 10-dan çox bankın öhdəlikləri yerinə yetirə bilməmələri səbəb göstərilərək lisenziyaları ləğv edilib.

Həmin banklarda qorunan əmanətlərin qaytarıldığı bildirilir. Amma qorunmayan əmanətlərin bir çox hissəsinin hələ də qaytarılmadığı söylənir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG