Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:46

Əfqan sülh danışıqlarındakı rəqabət nəylə sonuclana bilər


«Taliban» döyüşçüləri
«Taliban» döyüşçüləri

Əfqanıstanda müharibənin bitməsinə ümid var. Ancaq ABŞ və Rusiya «Taliban»la separat danışıqlar aparırlar. Onların rəqabətinin səbəbi nədir və bu, Əfqanıstan üçün nə deməkdir? Bu rəqabət sülh prosesini poza bilərmi?

AzadlıqRadiosunun (RFE/RL) əməkdaşı Frud Bejan Əfqanıstanda müharibənin bitməsini hədəfləyən danışıqlar ssenarisinin hər zamankından daha yaxın olduğunu yazır. Ancaq bu məsələdəki rəqabət «Taliban»la sülh prosesini poza bilər.

Tarixi rəqib sayılan Rusiya və ABŞ münaqişənin fərqli tərəfləri ilə fərqli danışıqları dəstəkləyib, bununla da onsuz da mürəkkəb prosesi daha da bulandırıblar. İş o yerə çatıb ki, ötən həftə «Taliban» öncə Qətərdə ABŞ nümayəndələri ilə danışıq aparıb, bu həftə isə ölkədəki digər əhəmiyyətli güclərlə əfqanıstandaxili danışıqlar aparmaq üçün Moskvaya yollanıb.

Nə üçün eyni zamanda iki fərqli danışıq prosesi gedir?

ABŞ-ın sülh emissarı Zalmay Xəlilzad yanvarın 21-26-da Qətərin paytaxtı Dohada silsilə birbaşa danışıqlar aparıb. Hətta nəticədə mümkün sülh sazişinin ümumi çərçivəsi əldə edilib.

Eyni zamanda, Moskva da iki sülh konfransı təşkil edib. Onlardan sonuncusu fevralın 5-6-da baş tutub. Bu görüşə Əfqanıstana qonşu ölkələr, müxalif siyasətçilər və Dohada Amerika elçiləri ilə görüşən «Taliban» nümayəndələri də qatılıb.

Əfqan hökuməti hər iki prosesdən kənar qalıb, çünki «Taliban» onunla görüşdən imtina edir. «Taliban» Kabil hökumətini Qərbin marioneti sayır və birbaşa Vaşinqtonla danışıq aparacağını deyir.

Təhlilçilər Moskvanın ABŞ-ın dəstəklədiyi sülh prosesini çətinləşdirmək üçün özünü güc brokeri kimi göstərməyə çalışdığını deyirlər.

Kabildə müstəqil düşüncə mərkəzi olan Əfqanıstan Təhlil Şəbəkəsinin (Afghanistan Analysts Network) direktorlarından biri Tomas Ruttiq deyir ki, Rusiyanın dəstəklədiyi sülh danışıqları rusların ABŞ-a qarşı çıxmaq üçün siyasi gedişidir.

Moskvada Əfqanıstan danışıqları. 5 fevral 2019
Moskvada Əfqanıstan danışıqları. 5 fevral 2019

Fevralın 4-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib ki, ABŞ «Taliban»la sülh danışıqlarını inhisarlaşdırmağa çalışır və regionun ölkələrini «qaranlıqda saxlayaraq» gizli danışıqlar aparır.

Kabildə çalışan siyasi təhlilçi Harun Mir isə deyir ki, danışıqları eyni zamanda iki istiqamətdə aparmaq «Taliban»ın strategiyasıdır.

«Taliban öncə ABŞ-la danışıq aparmaq, sonra isə əfqan hökumətindən yan keçərək ölkənin fərqli siyasi qrupları ilə dialoq təşəbbüsü göstərməkdə israrlı idi», – Mir deyir.

«Bu nöqtəyə qədər onlar Əfqanıstanın son 18 ildə konstitusiya prosesini dəstəkləyən siyasi elitasını parçalamağa müvəffəq olublar», – o vurğulayır.

Eyni zamanda iki danışıq prosesi hansı nəticələri verə bilər?

Təhlilçilər deyirlər ki, bunun əsas nəticəsi Əfqanıstan daxilində prezident Əşrəf Qani administrasiyası ilə güclü müxalif siyasətçilər, o cümlədən keçmiş prezident Həmid Kərzai arasında parçalanmanın dərinləşməsi ola bilər.

Moskva görüşünə gələnlər arasında iyulda keçiriləcək prezident seçkisində Qaniyə qarşı namizədliyini irəli sürən qüvvələr də olub.

Qaninin həm ABŞ, həm də Rusiyanın keçirdiyi danışıqlardan kənarda qalmasına görə çox qəzəbləndiyi deyilir. Prezidentin ofisi Moskvada keçirilən görüşü tənqid edib və əfqan siyasətçilər oraya güc qazanmaq üçün toplaşdığını deyib. Eyni zamanda, Kabil Vaşinqtonun Dohada «Taliban»ın dəstəklədiyi sülh sazişinə nail olmasından narahatdır.

Prezident Ə.Qani
Prezident Ə.Qani

Təhlilçi H.Mirin sözlərinə görə, «Taliban» Kabil hökumətini ABŞ və Rusiyanın təşkil etdiyi danışıqlardan kənarda saxlamaqla əfqan hökumətinin legitimliyini minimuma endirməyə, bununla da ABŞ-la münasibətdə öz mövqeyini daha da möhkəmləndirməyə və maksimum üstünlük əldə etməyə çalışır.

Kim qazanacaq, kim itirəcək?

Beynəlxalq Böhran Qrupunun (ICG) Əfqanıstan üzrə təhlilçi və məsləhətçisi Qrem Smit deyir ki, əldə ediləcək nəticələrdə tərəflərin hərəsinin öz maraqları var.

«Bu danışıqlar bütün qüvvələri ehtiva edən əfqandaxili prosesə yol açarsa, Əfqanıstan xalqı nəhayət, dünyanın ən ölümcül müharibəsindən qurtula bilər. Danışıqlar bütün tərəfləri cəlb edə bilməyəcəksə və davamlı sülh əldə edilməyəcəksə, xalq növbəti dəfə vətəndaş müharibəsinə sürüklənə bilər», – Smit deyir.

Təklənmiş və məyus, onsuz da ölkədə son dərəcə qeyri-populyar olan əfqan hökuməti bu məsələdə ən çox itirən tərəf kimi görünür.

H.Mirin sözlərinə görə, itirən təkcə hökumət yox, həm də son 18 ildə konstitusiya prosesini dəstəkləyənlərdir.

T.Ruttiq Moskvanın bu səhnədəki rolunun «yenidən oyundayam» mesajı vermək məqsədi güddüyünü deyir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG