Keçid linkləri

Təcili xəbərlər
2023, 29 May, Bazar ertəsi, Bakı vaxtı 08:50

Əfqan Nağıyev və onunla tutulanlar bunda günahlandırılır


Əfqan Nağıyev

Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti (DTX) ilə Baş Prokurorluğun Mətbuat xidmətləri mayın 21-də Dövlət Sərhəd Xidmətinin (DSX) rəis müavini Əfqan Nağıyevin nədə günahlandırıldığını açıqlayıb.

Açıqlamada ondan başqa DSX Sahil Mühafizəsinin vəzifəli şəxsləri – polkovnik Nemət Pənahov, polkovnik-leytenant Elçin Vəliyev, polkovnik Samiq Əzizov, polkovnik-leytenant Sakit Muradov, mayor Müzəffər Namazov və başqalarından bəhs edilir.

Onlar bir qrup şəxs halında vəzifə səlahiyyətlərindən istifadə edərək Xəzər dənizində balıq ovunun aparılmasına şərait yaradılması üçün çoxsaylı Azərbaycan vətəndaşlarından müxtəlif məbləğlərdə rüşvət almaqda şübhəli sayılırlar:

“...Alınmış külli miqdarda pul vəsaitləri hər ayın sonunda Əfqan Nağıyevə onun xidməti otağında təqdim edilib, Əfqan Nağıyev isə qrupun digər üzvləri arasında bölüşdürülməsi məqsədilə həmin yığılan pul vəsaitinin müəyyən faizini onlara geri qaytarıb”, açıqlamada iddia olunur".

Açıqlamaya görə, məhkəmə qərarları əsasında DSX-nin adıçəkilən vəzifəli şəxslərinin xidməti otaqlarına və yaşadıqları ünvanlara baxış keçirilib:

“... Onların qəbul etdikləri pul vəsaitlərinin məbləğlərinə dair müxtəlif qeydlər, ayrı-ayrı valyutalarda saxlanılan pul vəsaitləri, iş üzrə əhəmiyyət kəsb edən digər sənədlər və maddi sübutlar aşkar edilərək götürülüb”.

Bildirildiyinə görə, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs halında rüşvət alma) maddələri ilə cinayət işi başlanılıb.

Habelə qeyd edilir ki, həmin şəxslər təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində Bakı Hərbi məhkəməsinin qərarı ilə həbs qətimkan tədbirləri və vəzifədən kənarlaşdırılma əlavə qətimkan tədbirləri seçilib.

Açıqlamaya görə, bu məsələlərdə köməkçi qismində iştirakda şübhəli bilindiyi üçün, balıqçılıqla məşğul olan daha bir neçə şəxs də həbs edilib.

Əməliyyatın bir ucu...

Rəsmi məlumatda Fövqəladə Hallar Nazirliyinin Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Bakı və Abşeron regional şöbəsinin sabiq inspektoru Rəhman Babayevdən də bəhs edilir. O da həmin vəzifədə işlədiyi müddətdə balıqçılardan rüşvət qismində pul alaraq qeyd olunan şöbənin müdiri Abdulla Abdullayevə çatdırmaqda şübhəli sayılır:

“Hər iki şəxs Cinayət Məcəlləsinin 308.2, 311.3.1 və 311.3.3-cü (külli miqdarda törədildikdə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində müvafiq qətimkan tədbirləri seçilib”.

Hələlik, bu açıqlamaya sözü gedən şəxslərin və ya onların vəkillərinin münasibətini almaq mümkün olmayıb.

DTX və Baş Prokurorluğun Mətbuat xidmətlərinin bundan əvvəlki birgə açıqlamalarında bu əməliyyatın mayın 14-də keçirildiyi bildirilmişdi.

Əfqan Nağıyev həbs edildikdən sonra işdən çıxarılıb.

XS
SM
MD
LG