Keçid linkləri

Təcili xəbərlər
2019, 14 Dekabr, şənbə, Bakı vaxtı 00:41

Milli Məclisin səlahiyyətləri müvəqqəti olaraq saxlanır


S.Mirzəyev

Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi barədə” Milli Məclisin Qərarının Konstitusiyaya uyğun hesab olunmasına dair qərar qəbul edib. Bunun əsasında Konstitusiyanın 981–ci maddəsinə görə Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi haqqında qəbul olunacaq qərar Konstitusiyaya uyğun hesab edilib.

AZƏRTAC-ın xəbərinə görə, bunu Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev dekabrın 4-də jurnalistlərə müsahibəsində deyib.

Səfa Mirzəyev bildirib ki, eyni zamanda, Konstitusiya Məhkəməsi Konstitusiyanın 111-ci, 112-ci maddələrində təsbit edilən funksiyalarının icrası ilə əlaqədar Milli Məclisin səlahiyyətlərinin parlamentin yeni tərkibi formalaşanadək saxlanılmasını nəzərə alıb.

Onun deməsinə görə, yəni, müharibə vəziyyəti olanda, yaxud Azərbaycana hücum təhlükəsi yarananda, eləcə də fövqəladə təbii hallar baş verəndə, kütləvi iğtişaşlar nəticəsində fövqəladə vəziyyətin təyin olunması ilə əlaqədar yaranmış məsələlərdə mütləq Milli Məclisin təsdiqi lazımdır.

Səfa Mirzəyevin fikrincə, ona görə də bu səlahiyyətlərin yerinə yetirilməsi üçün nəzərdə tutulur ki, Milli Məclis yeni seçkilər keçirilənə qədər öz səlahiyyətlərini saxlasın.

O,əlavə edib ki, Azərbaycanın və Milli Məclisin beynəlxalq öhdəlikləri var, bu öhdəliklərin yerinə yetirilməsi üçün Milli Məclis fəaliyyətini davam etdirəcək.

“Burada yeganə məhdudiyyət ondan ibarətdir ki, Milli Məclis qanun və qərar qəbul etmək üçün yeni seçkilərə qədər toplaşmayacaq. Konstitusiya Məhkəməsinin qərarına qədər deputatların xarici səfərləri müvəqqəti dayandırılmışdı. Artıq Konstitusiya Məhkəməsinin qərarı var. Bu yaxınlarda Avropa Şurasının və digər beynəlxalq təşkilatların yığıncaqları olacaq və Milli Məclisin üzvləri həmin iclaslara qatılacaqlar. Bundan başqa, dekabrın 18-də Bakıda Türkdilli Ölkələrin Parlament Assambleyasının iclası keçirilməlidir, o iclas da keçiriləcək. Sadəcə qanun və qərarların qəbul edilməsinə dair parlamentin plenar iclasları keçirilməyəcək. Yeni qanunları altıncı çağırış parlament qəbul edəcək”.

Ə.Həsənov: 'Bu qərarı düzgün saymıram'

«Konstitusiya Məhkəməsinin bu qərarı gözlənilən idi. Çünki Konstitusiya Məhkəməsi prinsipcə həmişə icra hakimiyyətinin fikri ilə razılaşır. Amma mən bu qərarı düzgün saymıram. Ən azı dünən, (dekabrın 3-də) Milli Məclis toplaşdığı üçün».

Bunu hüquqşünas Əkrəm Həsənov Milli Məclisinin buraxılmasının Azərbaycan Konstitusiyasına uyğun olub-olmamasına dair prezidentin sorğusu ilə bağlı Konstitusiya Məhkəməsinin verdiyi qərara münasibətdə bildirib. O vurğulayıb ki, Konstitusiyanın 981-ci maddəsində prezidentin ölkə parlamentini buraxa bilməsi üçün, əsasən, üç əsas göstərilir:


«Birinci hal odur ki, Nazirlər Kabinetinə etimadsızlıq göstərildikdə. İkinci hal da odur ki, Konstitusiya Məhkəməsinin, Ali Məhkəmənin və Mərkəzi Bankın İdarə Heyətinə üzvlüyə namizədləri Prezident tərəfindən iki dəfə təqdim edildikdən sonra, qanunla müəyyən olunmuş müddətdə təyin etmədikdə. Üçüncü hal isə odur ki, parlament konstitusiya vəzifələrini icra edə bilmədikdə və icra edə bilməməsi səbəbləri aradan qaldırıla bilmədikdə. Ya deputatların say azlığı, kütləvi xəstələnmələr, ya da başqa səbəb olmalıdır».

Milli Məclisin son iclasından görüntülər
Gözlə

No media source currently available

0:00 0:01:09 0:00

Ə.Həsənov vurğulayıb ki, parlament isə dövlət başçısına müraciət edib ki, onun islahatlarına dəstək vermək məqsədilə belə addım atıblar, bir növ islahatlardan geri qalırlar: «İndi bu müraciət düzdür, ya yox- bu, başqa məsələ... Amma parlament etiraf edibsə ki, vəzifələrini icra edə bilmir, daha toplaşa bilməz. O zaman dünən hansı üzlə toplaşıb qanun qəbul edir. Deməli, aradan qaldırıla bilməyən səbəb yox idi. Buna görə deyirəm ki, dünənki həmin iclas olmasaydı, Konstitusiya Məhkəməsinin qərarı ilə razılaşardım ki, deputatlar vəzifələrini icra edə bilmirlər. Amma dünən toplaşma faktı onu göstərdi ki, parlament öz səlahiyyətlərini icra edə bilir. Bu baxımdan da, qərarı əsassız hesab edirəm».

«Məhkəmə daha çox siyasi əsaslara söykəndi»

«Konstitusiya Məhkəməsinin parlamentin buraxılması ilə bağlı qəbul etdiyi qərarın əsaslandırma hissəsində hüquqi əsaslandırmanı görmədim. Məhkəmə daha çox siyasi əsaslara söykəndi».

Bunu isə başqa bir hüquqşünas, Mərkəzi Seçki Komissiyasının keçmiş üzvü Akif Qurbanov deyib.

A.Qurbanovun sözlərinə görə, məhkəmədə müzakirələr zamanı Konstitusiyanın 98.1 maddəsinin tərkibinin yaranmasına dair hər hansı durumun olub-olmasından çox, parlament buraxılarsa, onun fəaliyyət göstərib-göstərməyəcəyinin əsasları izah olundu:

A.Qurbanov
A.Qurbanov


«Qərardan sonra belə bir şərait yarandı ki, parlamentin özü buraxılmasını istəyib, lakin buraxılmır və növbədənkənar seçki keçirilir. Ona qədər də parlament fəaliyyət göstərəcək. Absurd bir vəziyyət yaranıb. Məhkəmə bu qərara şərh verdi ki, fövqəladə hallar, müharibə kimi hallar yarana biləcəyi təqdirdə prezidentin atacağı addımı 24 saat ərzində parlament səsverməyə çıxarmalıdır. Belə olan halda da parlamentin olması zəruriyyəti yaranır. Bunlara söykənərək parlamentin fəaliyyətinin davam etdirilməsi ifadəsini eşitdim».

A.Qurbanova görə, bu durum onu göstərir ki, Konstitusiya Məhkəməsinin qərarının əsaslandırılması hüquqa bağlı deyil, siyasətə bağlıdır və siyasi hakimiyyət bu qərarı istəyir.

Xatırlatma

Dekabrın 2-də Milli Məclis parlamentin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi xahişi ilə prezidentə müraciət edib. Prezident isə parlamentin buraxılmasının konstitusiyaya uyğun olub-olmaması barədə Konstitusiya Məhkəməsinə sorğu göndərib. Konstitusiya Məhkəməsinin Plenumu dekabrın 4-də Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin keçirilməsini konstitusiyaya uğun sayıb.

«Azərbaycan Respublikası Milli Məclisinin 2019-cu il 2 dekabr tarixli Qərarından da göründüyü kimi, Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının mütləq əksəriyyəti parlament fəaliyyətinin həyata keçirilməsinin mümkünsüzlüyü barədə qəti mövqe ortaya qoymuşdur», - deyə qərarda yazılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG