Keçid linkləri

2026, 25 Aprel, şənbə, Bakı vaxtı 19:35
Vladimir Putin
Vladimir Putin

Putin deyib ki, Qarabağın statusu ‘gələcəyə’ qalır

Noyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. Azərbaycan bildirir ki, noyabrın 9-u günün sonuna, döyüşlərin dayandırılmasına qədər 280 civarında kəndi, dörd qəsəbəni (Hadrut, Mincivan, Ağbənd, Bartaz), Şuşa və daha dörd şəhəri (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı) işğaldan azad edib.

Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin adından atəşkəs bəyanatı yayılıb. Sənədə görə, Azərbaycan işğaldan azad etdiyi ərazilərdə qalır. Dekabrın 1-dək üstəlik, Kəlbəcər, Ağdam və Laçın rayonlarının Azərbaycana qaytarılması nəzərdə tutulurdu. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilir.

16:57 17.11.2020

Peskov: "Minsk qrupundakı tərəfdaşlarımıza izahat lazımdırsa..."

Dağlıq Qarabağda atəşkəsin əsas nəticəsi odur ki, toplar susur və adamlar ölmür. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyir. O, Dağlıq Qarabağda atəşkəsin ilk bir həftəsini dəyərləndirib.

Türkiyənin Qarabağ münaqişəsində rolunun detalları ilə bağlı Vaşinqton və Parisin gözləntilərinə gəlincə, Peskov ABŞ Dövlət Departamentinin bu bəyanatını şərh etməyib.

"Həmsədrlərin Türkiyə Respublikası ili ikitərəfli münasibətlərini şərh etmək istəməzdik. Özümüzün də ikitərəfli münasibətlərimiz var və bunu dəyərləndiririk", – Peskov vurğulayıb.

"Minsk qrupundakı tərəfdaşlarımıza izahat lazımdırsa, şübhəsiz, təqdim olunacaq. Üstəlik, diplomatik qurumlarımız vasitəsilə hazırda Qarabağdakı işlərlə əlaqədar daimi əlaqələr saxlanır", – o əlavə edib.

Dünən – noyabrın 16-da ABŞ Dövlət Departamentində yüksəkçinli rəsmilər bəyan ediblər ki, Birləşmiş Ştatlar və Fransa Rusiyanın Dağlıq Qarabağda atəşkəsin şərtlərinə, eləcə də razılaşmada Türkiyənin roluna aydınlıq gətirməsini istəyir.

Parisdə ABŞ Dövlət katibi Mayk Pompeo və Fransanın Xarici İşlər naziri Jan-İv Lö Drianın danışıqlarının mövzusu haqda sualı amerikalı diplomatlar belə cavablandırıblar: "Onlar Dağlıq Qarabağdan çox danışıblar. Minsk qrupunun həmsədrləri olaraq Fransa və biz sülh prosesində həmsədrlərin roluna sadiq qalırıq".

18:39 17.11.2020

Pompeo Türkiyənin Azərbaycana dəstəyini ‘çox aqressiv’ hərəkət adlandırıb

ABŞ dövlət katibi Mayk Pompeo deyib ki, ABŞ administrasiyası və Avropa Türkiyənin son bir neçə ayda Yaxın Şərqdəki hərəkətlərinə reaksiya verilməsi üçün birlikdə işləməlidir.

Reuters agentliyinin məlumatına görə Pompeo Fransanın Le Figaro qəzetinə müsahibəsində deyib ki, Vaşinqton və Paris bu məsələdə eyni mövqeyi bölüşürlər.

Pompeo Türkiyənin Dağlıq Qarabağda Azərbaycana dəstəyini, habelə onun Liviya və Aralıq dənizindəki hərbi hərəkətlərini “çox aqressiv” adlandırıb:

“Avropa və ABŞ Erdoğanı inandırmalıdırlar ki, onun belə hərəkətləri Türkiyə xalqının marağında deyil”.

ABŞ dövlət katibi bildirib ki, Türkiyənin hərbi qüdrəti narahatlıq yaradır. Lakin o, Türkiyənin NATO üzvlüyü məsələsinə toxunmayıb.

20:24 17.11.2020

Qırmızı Xaç: Tərəflər indiyədək 200 meyit dəyişiblər

Beynəlxalq Qırmızı Xaç Komitəsinin prezidenti Peter Maurer noyabrın 17-də RIA Novosti agentliyinə deyib ki, Dağlıq Qarabağ münaqişəsinin tərəfləri artıq bugünədək 200 meyit dəyişiblər.

Onun sözlərinə görə, təşkilatın Dağlıq Qarabağdakı ümdə vəzifəsi köçkünlərə kömək etmək, həlak olanların meyitlərini axtarmaq, habelə mümkün danışıqlar və mübadilə üçün əsirlərə baş çəkməkdir.

Maurer habelə təşkilatın işinə dəstək verdiyinə görə Rusiya sülhməramlı missiyasına təşəkkürünü bildirib.

O bildirib ki, noyabrın 18-də Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşməlidir.

Rusiya XİN-in sözçüsü Mariya Zaxarovanın dediyinə görə tərəflər Dağlıq Qarabağda baş verənlərin qiymətləndirilməsinə dair fikir mübadiləsi aparacaqlar.

20:45 17.11.2020

Prezident Şuşaya yol çəkilməsi ilə bağlı sərəncam verib

Prezident İlham Əliyev bugün, noyabrın 17-də Şuşaya avtomobil yolunun çəkilməsi ilə bağlı sərəncam verib.

Sərancam “Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında” adlanır.

Sənədə əsasən, ümumi uzunluğu 101,5 kilometr olan Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun layihələndirilməsi və tikintisi üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 50 milyon manat ayrılacaq.

Bu barədə prezident İlham Əliyev dünən, noyabrın 16-da Füzuli rayonunda səfərdə olarkən də bildirmişdi.

Onun sözlərinə görə, bu yolun çox böyük əhəmiyyəti var. Prezident əlavə edib ki, "bu yol bizi Qarabağın tacı olan Şuşa şəhərinə aparır".

Prezident habelə qeyd etmişdi ki, Şuşa şəhərinə getmək üçün əvvəlki dövrlərdə istifadə olunan Ağdam-Xankəndi-Şuşa yolundan istifadə hələki mümkün deyil.

Davamı

XS
SM
MD
LG