Separatçı rejim Xankəndi və Şuşanın atəşə tutulduğunu bildirir
"Raket atəşi nəticəsində Şuşada bir neçə yaşayış binası yanıb. Paytaxtda da dağıntılar var. Xilasedicilər hadisə yerində işləyir", – separatçı rejimin fövqəladə xidməti noyabrın 6-da bildirib.
AzadlıqRadiosunun Ermənistan xidmətinin Xankəndindəki əməkdaşı şəhərdə üç dinc sakinin öldürüldüyünü, gecə boyunca azı 10 partlayış eşidildiyini xəbər verir.
Azərbaycan tərəf isə mülkilərə atəş açmadığını, yalnız hərbi hədəfləri vurduğunu bildirir.
Prezident İlham Əliyev noyabrın 4-də İspaniyanın EFE agentliyinə müsahibəsində bir daha Azərbaycanın mülki şəxslərə hücum etmədiyini vurğulayıb. "Oktyabrın 10-dan sonra Dağlıq Qarabağdakı şəhərlərə hücum etmirik. Ondan əvvəl, bəli, bunu qəbul edirik. Lakin bu, ona görə oldu ki, Ermənistan ordusunun hərbi hissələrinin və infrastrukturunun çoxu Dağlıq Qarabağın dırnaqarası "paytaxtı" olan Xankəndidə cəmləşmişdi. Ona görə də biz bunu etməli idik", – prezident söyləyib.
Arutyunyan Şuşaya gəlib
Dağlıq Qarabağdakı erməni qüvvələri cəbhəboyu bir neçə yerdə Azərbaycan silahlı qüvvələrinin hücumlarının qarşısını aldığını, "effektiv müdafiə" qurduğunu bəyan edib.
Azərbaycan isə bir neçə istiqamətdə hücuma keçdiyini, Ermənistan qüvvələrin geri çəkildiyini bildirir.
Noyabrın 5-də Dağlıq Qarabağdakı separatçıların lideri Araik Arutyunyan Şuşaya getdiyini, şəhəri müdafiə edənlərlə "düşmənin saysız qüvvələrinə qarşı mübarizə strategiyası"nı müzakirə etdiyini açıqlayıb.
Azərbaycan qüvvələrinin Şuşaya yaxınlaşdığı xəbərləri gəldiyi bir vaxtda Arutyunyan deyib ki, "qala şəhəri keçilməz etməkdən ötrü bütün mümkün tədbirlər görülür".
"Tərtər atəşə tutulur"
AMN qeyd edir ki, noyabrın 6-sı saat 08:00-dan başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər şəhərini, rayonunun Qazyan və Hüsənli kəndlərini atəşə tutur.
Açıqlamaya görə, Azərbaycan ordusunun bölmələri cavab tədbirləri görürlər.
Nazirlik gecə ərzində Goranboy rayonunun Tapqaraqoyunlu kəndinin də artilleriya atəşinə tutulduğunu açıqlayıb.